Amerika GÜAM-ı yaratdı və sonra arxasından qaçdı


Əhəd Məmmədli: “GÜAM-ın varlığı Vaşinqton və Brüsselə lazımdır”

BMT Baş Assambleyası çərçivəsində GÜAM ölkələrinin xarici işlər nazirlərinin görüşünün təyin olunması bu qurumu son günlərdə yenidən gündəmə gətirib. Təşkilatın son illərdə fəaliyyətsiz olması, getdikcə “ölü quruma” çevrilməsi daha çox müzakirə obyektinə çevrilib.

GÜAM ətrafında yeni-yeni iddialar meydana çıxır. Xüsusilə 1997-ci ildə bu təşkilatın Amerika tərəfindən yaradılması iddiası son vaxtlar daha çox səslənir. Belə fikirlər var ki, daim Rusiyanın təşəbbüsü ilə yaradılan qurumlara alternativ qurum yaratmağa çalışan Birləşmiş Ştatlar 21 il öncə məhz GÜAM formatını ortaya atıb. Ən çox sual doğuran məsələ isə rəsmi Vaşinqtonun bu təşkilatın arxasından qaçması və onun taleyinə olan biganəliyidir. Sanki ABŞ GÜAM-ın getdikcə tarix olduğunu görmür. Hər kəsə bəllidir ki, Amerikanın bu regionda maraqlarının təmin olunmasına GÜAM mühüm rol oynayacaq qurumdur. Ekspertlər hesab edirlər ki, Ağ Ev istədiyini GÜAM xətti ilə uzun illər həyata keçirmədiyi üçün bu təşkilatdan dəstəyini geri çəkib.

Siyasi şərhçi Əhəd Məmmədli bildirdi ki, postsovet məkanı ölkələrinin toplaşdığı qurumların hamısı “ölü” vəziyyətdədir: “MDB, GÜAM, bir azdan KTMT, Avrasiya İttifaqı da ölü quruma çevriləcəklər. Keçmiş SSRİ respublikalarını bu cür əhəmiyyətsiz qurumlarda saxlamaqla Rusiya eqolarını təmin etmək istəyindədir. Lakin GÜAM bir az fərqlidir. MDB-nin daxilində Rusiyaya qarşı qurulan müxalif təşkilatdır. GÜAM-ın birdən-birə yenidən dirildilməsi tapşırığı yəqin Vaşinqtondan gəlib. Çünki təşkilatın ayaqda saxlanılması lazımdır. Moskvaya alternativ qurum kimi GÜAM-ın varlığı bu qurumda olan ölkələrə lazımdır. Moskvanın şantajlarına, hücumlarına qarşı ancaq birlikdə cavab vermək olar. GÜAM-ın varlığı Vaşinqtonla Brüsselə də lazımdır, Moskvaya öz meydanında təzyiq etmək üçün. İstənilən halda belə görüşlərin əhəmiyyəti var. GÜAM-a üzv olan ölkələrin hər biri üçün bu qurum çox vacibdir. GÜAM-da təmsil olunan ölkələrin hamısı ərazi bütövlüyündən əziyyət çəkirlər. Bu təşkilat vahid problemdən əziyyət çəkən dövlətlərin birliyidir. Və bu problemin başında Rusiya durur. Bu cür təşkilatlar duran yerdə qurulmurlar. Təbii ki, GÜAM-ın qurulmasında Amerikanın rolu var. Bu baxımdan aydın məsələdir ki GÜAM-ın qurulmasında Vaşinqtonun da, Brüsselin də rolu var”.

Siyasi ekspert onu da qeyd etdi ki, vəd verib sonradan vədi yerinə yetirməmək Qərbin çoxdankı xüsusiyyətidir: “ O vaxt GÜAM lazım olduğu üçün quruldu. Sonra ehtiyata atıldı, indi yenə ehtiyatdan çıxarılır. Düzdür, Gürcüstan və Ukrayna Rusiyanın təcavüzünə məruz qaldı, amma ümumilikdə götürdükdə Ukraynanı da, Gürcüstanı da ABŞ Rusiyanin əlindən aldı. Rusiya Ukrayna və Gürcüstanın 20%-i işğal etsə də, 80%-ni itirdi. Düzdür Moskva cəhd edir ki, Gürcüstan və Ukraynanı geri qaytarsın. Amma bütün etdiklərindən sonra çətin ki, buna nail ola bilsin. Ona görə düşünmürəm ki, ABŞ GÜAM ölkələrini Rusiyaya uduzdu, əksinə, ən azı GÜAM ölkələrinin yarısı ABŞ-ın nəzarətindədir. GÜAM-ı yenidən dirçəltməklə görünür ki, ABŞ qalan 50%-i də öz nəzarətinə götürmək istəyir. Krım, Donbas və Suriyada Rusiyanın uğurlarına rəğmən, ümumilikdə baxdıqda postsovet məkanında Rusiya mövqelərini itirir. Ermənistanda belə ”məxməri inqilab" baş verib Qərbyönümlü qüvvələr hakimiyyətə gəlirsə, Kreml ciddi düşünməlidir. Nə vaxta qədər ki, GÜAM ölkələri separatçılıqdan əziyyət çəkəcək, bu təşkilat həmişə öz varlığını qoruyub saxlayacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Tarix: 12-09-2018, 10:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}