Azərbaycan-İsrail:İqtisadi əməkdaşlıqdan strateji tərəfdaşlığa


Azərbaycan-İsrail:İqtisadi əməkdaşlıqdan strateji tərəfdaşlığa

Azərbaycan-İsrail münasibətləri müsbət tempdə davam edir.

Prezident İlham Əliyev sentyabrın 13-də Bakıda səfərdə olan İsrailin müdafiə naziri Aviqdor Libermanla görüşüb. Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə Azərbaycanla İsrail arasında iqtisadi, hərbi, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafından məmnunluq bildirilib. Aviqdor Liberman səfərin əməkdaşlıq işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib. Söhbət zamanı Azərbaycanda digər icmalarla yanaşı, yəhudi icması nümayəndələrinin də dinclik və əmin-amanlıq şəraitində yaşaması üçün hər cür şəraitin yaradıldığı qeyd olunub, onların ölkənin ictimai həyatında fəal rol oynadığı bildirilib.

Göründüyü kimi, İsrail-Azərbaycan münasibətləri davam edir. Münasibətlərin arxasında əslində daha ciddi məqamların olduğu hiss olunur. Azərbaycan İsrailin enerji məhsulları ilə təminatında etibarlı tərəfdaş kimi çıxış edir. İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Həmçinin, Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycanın silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır. Bu da Azərbaycan İsrail əlaqələrinin qarşılıqlı maraqlara söykəndiyini və ikitərəfli xarakter daşıdığını göstərən əsas amillərdən biridir.

Politoloq Natiq Miri də bu qənaətdədir ki, İsrail-Azərbaycan münasibətlərinin inkişafına təsir göstərən bir çox amillər var: “Azərbaycan- İsrail münasibətləri təbii ki, qarşılıqlı maraqlar çərçivəsində tənzimlənir. Bu münasibətlərdə daha çox təhlükəsizlik məsələsi önə çıxır. Belə ki, İsrailin düşməni olan İran Azərbaycanın qonşuluğunda yerləşir. Bu baxımdan Azərbaycan İsrail üçün çox cəlbedici ölkədir. Azərbaycanın da təhlükəsizliklə bağlı İsraillə müəyyən əlaqələr qurmaqda, əməkdaşlıq etməkdə maraqları var. Azərbaycanın müdafiə potensialını artırmaq üçün silah aldığı ölkələr sırasında İsrail də çox önəmli yer tutur. Bu baxımdan, hətta son olaraq İsraildən “Dəmir Günbəz”in alındığı haqqında informasiyalar da var. İsrailin müdafiə naziri Libermanın son Bakı səfərində də bu haqda təsdiqlənmiş informasiya verildi ki, artıq “Dəmir Günbəz”lər Azərbaycana verilib. Bu, Azərbaycan üçün xüsusi önəm daşıyan məsələdir. Çünki Azərbaycan müharibə şəraitində olan ölkədir. 

Ermənistanda da son zamanlar müəyyən hərbi hərəkətlənmələr hiss olunur. Bu məsələləri nəzərə alanda təbii ki, Azərbaycan-İsrail münasibətlərinin bu səviyyəyə qalxmasına təəccüblənmək lazım deyil. Yəhudi xalqının tolerant Azərbaycan dövlətinə və cəmiyyətinə münasibəti hər zaman çox müsbət olub. Xüsusilə də dağ yəhudilərinin Azərbaycan dövləti ilə heç vaxt problemi və sıxıntısı olmayıb. Bu gün məhz dağ yəhudilərinin içindən çıxmış insanlar var ki, İsrail dövlətində çox yüksək vəzifə tuturlar. İsrailin müdafiə naziri Libermanın da Azərbaycan əsilli dağ yəhudisi olduğunu unutmaq olmaz. Yəni, bu məsələlər də iki dövlət arasındakı münasibətlərə öz müsbət təsirini göstərir”.

Natiq Miri hesab edir ki, Azərbaycanın İsraillə münasibətləri geosiyasi maraqlar çərçivəsindədir və İranın Azərbaycan siyasətinə tutarlı cavabdır: “İran nə qədər müsəlman və qonşu ölkə olsa da, bütün zamanlarda Azərbaycan xalqı və dövləti əleyhinə kəşfiyyat xidməti aparıb və bu proses bu gün də davam edir. Ayrıca Azərbaycan türklərinin 35-40 milyona yaxını da İranın nəzarətində olan Cənubi Azərbaycanda yaşayır və onların ən elementar hüquqları belə yoxdur. Bu məsələnin özü də Azərbaycana münasibətdə İranın heç də səmimi bir dövlət olmadığını ortaya qoyur. Bundan başqa, İranın işğalçı Ermənistanla sıx münasibətləri var. Bu baxımdan, Azərbaycan İsraillə münasibətlərdə maraqlıdır. Ona görə də düşünürəm ki, bütün bu məsələlər geosiyasi maraqlar kontekstində tənzimlənir. Bundan sonra da İsrail-Azərbaycan münasibətləri normal olmaqda davam edəcək”.

Politoloq Nəzakət Məmmədova da bildirib ki, İsrail dünyanın ən nüfuzlu ölkələrindən biridir. Onun Azərbaycana lobbiçlik, hərbi, siyasi sahədə dəstək verməsi də sirr deyil: “Belə bir dövlətin müdafiə nazirinin Bakıya səfəri əlamətdar hadisədir. İsrail Azərbaycanı müasir silahlarla təchiz edən ölkələrdən biridir. Bəzi Avropa ölkələrinin silah ticarətinə məhdudiyyətlər qoyduğu bir zamanda müharibə şəraitində olan ölkəmiz üçün bu, son dərəcə vacibdir. Ermənistanın müharibə ritorikasından hərbi təlimlərə kecib Azərbaycanı təhdid etdiyi bir zamanda bu səfər önəmlidir”.

Vilayət Muxtar
Cebhe.info

Tarix: 15-09-2018, 21:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}