Əli Kərimlinin ikinci etirafı: Gərəksiz mitinqlər


Əli Kərimlinin ikinci etirafı: Gərəksiz mitinqlər

Aşağıda yazacaqlarımızı “Yürd” sədri Əli Kərimlinin faktiki monopoliyasında olan Milli Şuranın qısa müddət davam edən mitinq mövsümünün açılış və bağlanış mərasimlərini seyr edərkən də yazmışdıq. Qısa zaman kəsiyində gördüklərimiz, eşitdiklərimiz, birbaşa “Yurd” sədrinin öz dilindən səslənən etiraflar düşüncəmizdə yanılmadığımızı ortaya qoydu. Bu dəfə Əli Kərimli 17 oktyabrda “Azərbaycan saatı” proqramındakı çıxışında bir zamanlar ona etiraz edənlərin sözlərini ağızlarında qoyub az qala “satqın” damğası vurmağa hesablanan fikirlərinin tam əksini söylədi. 

Mövzu yenə mitinqlərdir, daha doğrusu, Milli Şuranın heç vəchlə alındıra bilmədiyi mitinq ideyasıdır. O ideya ki son illərin təcrübəsi onun heç də effektiv olmayacağını söyləmək üçün hər cür şərait yaradırdı, bunu “Yurd” sədrinin özündən tutmuş yan- yörəsindəki hər kəs də yaxşı bilirdi. Bilməyən bəlkə də ümidini hələ tam dəfn etməyən “yorğun demokratlar” idi ki, onlar da nəhayət ki, həqiqəti qəbul edərlər. 

Kütləvi aksiyaların təkcə etiraza yox, həm də hakimiyyətlə xalq arasında dialoqa xidmət etməli olduğunu söyləyən kəsimə qarşı səlib yürüşünü başladan Əli Kərimli indi bu taktikanı bütöv xalqa qarşı tətbiq edir. "Yurd" sədri mitinqlərin sosial sifariş olmadığı həqiqətini artıq dərk edir, bir addım irəli gedərək, etiraf cəsarətində də bulunur, amma məsələnin son nöqtəsinə “əcaba, niyə belə oldu?” sualına cavab-etirafa hələ tələsmir. Amma gözləyək, bu etirafı da eşitmək çox zaman aparmayacaq. 

Məqam 1: Bu məqamda Əli Kərimli “Ötən il sentyabr-oktaybr aylarında ardıcıl mitinqlər keçirdik. İnsanlar meydanlarda idi. Mitinq günlərində xalqa vədlər verməyə başlamışdılar. Prosesi durdurmaqdan ötrü ciddi təzyiqlər vardı. Bu ilin yazında da mitinqlərimiz davam etdi, seçki saxtakarlığı ilə bağlı oldu. Amma açıq demək və bunu etiraf etmək lazımdır: Azərbaycan müxalifətinin və xalqın bu hakimiyyətə qarşı ən effektiv mübarizə vasitəsi olan mitinqlərə qarşı geniş kampaniya başladı. Mitinqlər əleyhinə ictimai fikrin zəhərlənmə prosesi getdi. Güya mitinqlər faydasiz imiş, güya rejimin mövqeyini möhkəmləndirirmiş, heç bir nəticə verə bilməzmiş”,- deyib. Bəlkə bu fikirdə olanların sözləri özünü doğrultmadı, cənab Kərimli? Bəlkə mitinqə gələn iki cüt bir tək adamı görüb hakimiyyətin ayağının altından kreslo qaçdı? Bəlkə balaca bir stadionun ortasındakı yeri də doldura bilməyən Milli Şuranın tələbləri ilə dərhal bazarlıq başladı? Bəlkə mitinqləri dayandırmaq üçün maaş, pensiya artırldı? “Bəlkələr” çoxdur və Kərimli də hər kəs kimi bu “bəlkələrin” elə bəlkə olaraq qaldığını yaxşı bilir. 

Məqam 2: “İnsanlarda məyusluq var. Biz də qəbul edirik ki, uzun illər aparılan mübarizə arzuladığımız nəticəni verməyib. Ona görə də insanlarımız haradansa kənardan gələn səsləri dinləməyə, yoxlamağa meyillidir”,- deyib Kərimli. Bu, artıq onun ikinci etirafıdır. “Yurd” sədri bundan əvvəl də uzun illər davam edən “mübarizə”nin nəticəsiz qalmasından bir az daha məyus səslə danışmışdı. Budəfəki çıxışında məyusluğun yerini hiddət, qəzəb tutub - mübarizənin nəticəsiz qaldığına görə özünə və rəhbərlik etdiyi təşkilata qarşı yox - belə olsaydı, məntiqlə siyasətdən getdiyini elan etməli idi - məhz xalqa qarşı. O xalqa ki, az qala 20 il eyni sözləri eşidib, eyni jestləri görməkdən bezib, sonunda bunu “Məhsul”un qapısından içəri girməməklə büruzə verib. Xalq daha nə etməlidir ki, sizdən yorulduğunu sizə anlatsın? Amma nə desə belə, siz bu məyusluğu onda yaradan özünüzü yox, məhz nəticəsiz mübarizəni görüb inamı 0 nöqtəsinə enən xalqı günahlandıracaqsınız. Həm də əsas məqamlardan biri budur ki, bu məyusluq təkcə hakimiyyətin uzunömürlü olmasından yox, həm də onun rəhbərliyinə iddialı olduğu müxalifətin yaşlanmasından yaranıb. 

Məqam 3: Bu məqamda Əli Kərimlinin siyasi populizm və özünüifadə bacarığına deyəcəyimiz yox. Təcrübə həm də bu olsa, gərək. Adam ömrünün və fəaliyyətinin 20 ilini eyni meydanda boş yerə külüng çaldığını dönə-dənə vurğulayıb xalqın gözünə soxmaqda keçirirsə, başqa nəsə gözləməyə dəyməz. Elə çıxışının bu yerində Əli Kərimli “barıtı” bir az çox etdiyinin fərqinə varıb, günahı özünü çıxmaqla xalqın üstünə yükləməyin önun üçün müsbət nəticələnməyəcəyini hiss edib və sözlərinin sonunu özü də daxil olmaqla hər kəsə şamil edib. Etməyə də bilməzdi, çünki sabah mitinqə çıxmaq sifarişi alanda (söhbət Kərimlinin dediyi kimi sosial sifarişdən yox, başqa sifarişdən gedir-müəllif) indi top atəşinə tutduğu xalqdan mədəd umacaq. Ona görə də çıxışının ardını “Səbəbi özümüzdə axtarmamağa, daha fədakar olmadan nəticə ədlə etməyə hamımız meyilliyik. Mən heç kəsi qınamıram. İnsan təbiətinə aid olan məsələdir ki, uğursuzluğun nəticəsini başqasında axtarmaq və özünü aldadaraq qələbə əldə etmək. İnsanlar asan mitinq, asan mübarizə düşünməyə başlayıblar”,- deyə bildirib. Bu da Əli Kərimlinin daimi ritorikasından bir parçadır. 

Məqam 4: Bu məqamda Kərimli "mitinq sezonu"nu bağlı elan etdikləri müddətin uzanmasının səbəbinə öz təbirincə aydınlıq gətirməyə çalışıb. “Biz də gözlədik, bir halda ki, bu qədər mitinq əleyhdarı çıxıb meydana, insanlara imkan verək ki, özləri düşünsünlər. Asan yol özünü doğruldurmu? Mitinqlərə münasibəti xeyli dərəcədə gözdən sala bildilər”. Amma dili bu sözləri deyən Kərimlinin beyninin bur güşəsində mitinqi effektiv mübarizə vasitəsi kimi gözdən salanların başında özünün gəldiyi fikri dolaşmamış deyil. Xalq narazıdır, etiraz üçün kifayət qədər səbəb var, amma xalq bu etirazını Kərimlinin tribunasında olduğu meydanda demək istəmir. Bunu anlamaq üçün bu qədər il gözləməyə dəyərdimi? 

Məqam 5: “Yurd” sədrinin od-alovu artıq alınıb, bayaqdan asıb-kəsdiyi xalq olmadan arzusunda olduğu gələcəyi (bu gələcəkdə xalqın hansı yerdə dayanacağına Əli Kərimlinin gözüylə baxmağa çalışsam da, alınmadı-müəllif) qurmağın mümkün olmadığını fərq edib. Ona görə tamaşaçılara müraciət edib, mitinq çağırılarının cəmiyyətdən gəlmədiyini vurğulayaraq ümu-küsünü də unutmayıb: “Bizim umduğumuz adamların xeyli hissəsi anti-mitinq təbliğatına qoşulublar. Cəmiyyətin içindən ciddi bir etiraz mitinqi sifarişi ala bilmirik”. 

O sifarişin olacağı ehtimalı həqiqətdə də yoxdur. Ən azından, xalq o sifarişi sizə verməyəcək, çünki özünüz də qeyd etdiyiniz kimi “umduğunuz” adamlar sizin fəaliyyətinizin nəyə yönəldiyini zaman fərqi ilə olsa da sonunda anlayıb, kənarlaşıblar, ona görə də səsinizə səs verən yoxdur. Zamanında meydanda tək qoyub sövdələşmələrə getdiyniz insanları indi ətrafında görməməkdən təbii nə ola bilər ki?

Məqam 6: Bu məqamda Kərimlinin təkrar hədə dilinə qayıdır. “Biz də açıq demisik ki...” cümləsiylə başlayan hədələri hər yerdə eşitmək olar, elə bir az əvvəl küçədə ana öz övladına “Mən demişdim ki...” ilə başlayan bir uzun-uzadı cümlə qurdu. Amma uşağın reaksiyasından da, ananın hikkəsindən də bəlli idi ki, “bu demişəm”lər arıq o qədər deyilib, təsirini söz ağızdan çıxmadan itirir. Bir az hədə, bir az ültimatum qarışdırılan bu sözlərlə siyasət aparılmasına da Kərimli təcrübəsində şahid olduq. 

Məqam 7: Bu məqam kuliminasiyadır, Kərimlinin çıxışının yox, etirafının kuliminasiyası: “...Milli Şuranın keçirəcəyi mitinqlər önəmlidir, amma təəssüf ki, hakimiyyəti dəyişmək üçün yetərli deyil. Biz onlardan onlarla keçirmişik, biz indi daha böyük mitinqlər keçirmək istəyirik və onu sizlərlə keçirmək istəyirik. O sosial sifarişi alsaq sizinlə meydanda olmağa hazırıq. Düşünün və qərar verin”. 

Məncə düşünmək və qərar vermək anı xalqa yox, Əli Kərimlinin özünə aiddir. Çünki dəfələrlə düzənlədiyiniz mitinqə gəlməməklə xalqın qərarı aydındır və bundan sonra da belə olacağı şübhəsizdir. Amma sizlər qərar verib, meydandan çəkilsəniz, nələrsə dəyişə bilər... Xalq yorğun və bacarıqsız adamları siyasi meydanda görmək istəmədiyi qədər taleyini ona etibar etmək istəyində də deyil. 

Elnarə Kərimova
Cebhe.info

Tarix: 20-10-2018, 15:26
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}