Paşinyanın Qarabağ PLANI, Boltondan XAHİŞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

 Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşündən danışıb. Con Bolton İrəvanda jurnalistlərə açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini bildirib. Camal Qaşıqçı cinayətinin araşdırılmasında iştirak edən səudiyyəli prokuror cinayətin əvvəlcədən planlaşdırıldığını qəbul edib. Rusiya Xmeymim təyyarə bazasına hücumlardan birinə görə Amerika ittiham edib.
"Şəxsən Con Boltondan xahiş etdim ki, İrəvanda olarkən Ermənistanın yeni rəhbərliyinə sual versin, bunlar özləri münaqişənin həllinə hazırdır, yoxsa yox". Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Fransa şəhərlərinin merlərinin Azərbaycanın işğal olunan bölgəsi Dağlıq Qarabağa səfəri ilə bağlı Fransa səfirini Xarici İşlər Nazirliyinə dəvət edib, ona etiraz notası təqdim olunub. Azərbaycanın Fransadakı səfiri də məsələ ilə bağlı Fransa Xarici İşlər Nazirliyinə müraciət edib". Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbərinin ölkəmizin işğal edilmiş bölgələrinə səfərini şərh edərkən deyib.
Dağlıq Qarabağ münaqişəsini tərəflər özləri həll etməlidir. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda jurnalistlərə açıqlamasında deyib.
Bolton münaqişənin həllinin çətin olduğunu diqqətə çatdırıb.
“Əgər asan olsaydı, bu problem çoxdan həll edilmişdi. Mən bura ABŞ siyasətində hansısa dəyişikliyin olduğunu deməyə gəlməmişəm, yaxud münaqişənin həlli ilə bağlı yeni təkliflər gətirməmişəm. Tərəflər bir-biri ilə işləməli, həll variantını tapmalıdır. Ermənistana xarici təzyiqin aradan qalxmasının ən yaxşı yolu Dağlıq Qarabağ münaqişəsinin həllidir”, - deyə o bildirib.
“Ermənistan Dağlıq Qarabağ münaqişəsində heç bir irəliləyişi arzu etmir. Danışıqların ləng gedişi onun təhlükəsizliyinə beynəlxalq zəmanətlərin artmasına səbəb olardı. Lakin Nikol Paşinyan Qarabağı danışıqlar masasına dəvət edərək, Ermənistanın təhlükəsizliyini gücləndirmək istəyir”. Bu barədə rusiyalı politoloq Qriqori Trofimçuk Ermənistanda seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində yeni proseslərin baş verə biləcəyi ehtimalını şərh edərkən deyib.
Onun sözlərinə görə, Paşinyan mövcud status-kvonun qalmasına çalışır.
“Buna görə də Ermənistan sərt xətti davam etdirir, Düşənbə razılaşması ilə bir tərəfdən danışıqlarda iştirak etmək marağında olduğunu göstərir, digər tərəfdən isə danışıqlara uyğun olmayan mövqeyini sərgiləyir. Paşinyanın istəyi status-kvonu saxlamaqdır”, - deyə o bildirib.
Türkiyədə “S-400” zenit-raket komplekslərinin quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanacaq. Bu haqda Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
“Komplekslərin quraşdırılması üzrə işlər 2019-cu ilin oktyabrında başlanacaq. İndi biz heyətin seçimi ilə məşğul oluruq. Seçilmiş heyət 2019-cu ilin əvvəlində Rusiyaya təlimə yola düşəcək, orada lazımı bilikləri alacaq, sonra geri qayıdaraq işə başlayacaq”, - Akar deyib.
ABŞ Türkiyəyə 2019-cu ilin martında daha iki “F-35” qırıcısı verəcək. Bu haqda Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
Onun sözlərinə görə, Türkiyəyə çatdırılacaq qırıcılar Malatyada təyyarə bazasında yerləşdiriləcək.
“Orada müvafiq infrastrukturun yaradılması üzrə intensiv işlər davam edir. Hər şey plan üzrə gedir. Üçüncü və dördüncü təyyarələr növbəti ilin martında veriləcək”, - nazir bildirib.
Qeyd edək ki, Türkiyə ən azı 100 ədəd “F-35 Lightining II” beşinci nəsil qırıcısı əldə etmək niyyətindədir.
Camal Qaşıqçı cinayətinin üstünün açılması üçün lazımı addımları atırıq. Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Hələ cavablandırılması lazım olan suallar var. Etiraf etdiniz, ancaq Camal Qaşıqçının cəsədi haradadır, niyə demirsiniz?”, - XİN rəhbəri bildirib.
Camal Qaşıqçı cinayətinin araşdırılmasında iştirak edən səudiyyəli prokuror cinayətin əvvəlcədən planlaşdırıldığını qəbul edib. Bu haqda Səudiyyə Ərəbistanında yayımlanan “Əkbəriyə” telekanalı bildirib.
Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına gəlib və bundan sonra itkin düşüb.
Səudiyyə Ərəbistanı hökuməti Camal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanının 18 vətəndaşı saxlanılıb.
Bu gün NATO soyuq müharibədən sonra ən böyük hərbi təlimlərə start verir. Hərbi təlimlərə 250 hərbi təyyarə, 65 gəmi, 50 min hərbçi qatılacaq. ABŞ Prezidenti Donald Trampın SSRİ ilə əldə edilən nüvə anlaşmasından çıxa biləcəyini açıqladıqdan sonra NATO-nun bu təlimləri Rusiyaya qarşı güc nümayişidir.
NATO bununla beynəlxalq təhlükəsizliklə bağlı narahatlıqların artdığı bir ərəfədə Rusiyaya güc göstərir.
Norveçdə başlayıb, İsveç və Finlandiya hava sahələrindən istifadə ilə davam edəcək “Trident Juncture-18” hərbi təlimləri NATO-nun son 30 ildə ən böyük hərbi tədbiridir. Təlimlər noyabrın 7-də yekunlaşacaq.
NATO quru təlimlərinin Rusiya sərhədlərindən 1000, hava əməliyyatlarının isə 500 kilometrliyində olmasını əsas gətirərək Moskva bu təlimlərdən narahat olduğunu gizlətmir.
Xatırladaq ki, bu təlimlərdə NATO-nun 31 üzv dövləti iştirak edir.
Vaşinqton Avropaya yeni raketlər göndərərsə, Rusiya bununla bağlı adekvat tədbirlər görəcək. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“ABŞ 1987-ci il razılaşmasından çıxandan sonra bu ölkədə istehsal ediləcək raketlərlə nə ediləcəyi müzakirə mövzusudur. Əgər bu raketlər Avropaya yollanarsa, biz buna eyni şəkildə qarşılıq verəcəyik. Eyni zamanda Avropa ölkələri torpaqlarını risk altında qoyduqlarını anlamalıdır. Bunlar açıq şəkildə ortada olan məsələlərdir”, - deyə Kreml rəhbəri bildirib.
Yaxın və Ortamənzilli raketlərin məhvi müqaviləsi ətrafında yaranan son vəziyyət Putin və Tramp görüşünün əsas müzakirə mövzusu olacaq. Bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Mən əminəm ki, bu mövzu əsas müzakirə edilən məsələlərdən olacaq. Biz bilməliyik ki, ABŞ sözügedən məsələdə haraya istiqamət alıb”, - deyə Ryabkov bildirib.
Qeyd edək ki, Putin Trampla Parisdə noyabrın 11-də görüşəcək.
Suriyada Rusiyanın Xmeymim təyyarə bazasına pilotsuz təyyarələrin hücumlarından biri Amerikanın kəşfiyyat təyyarəsindən həyata keçirilirdi. Bu haqda Rusiyanın müdafi nazirinin müavini Aleksandr Fomin bildirib.
Tayvan Çindən ayrılacağı təqdirdə Çin ordusu bütün lazımı addımları atacaq.Bunu Syanşan Təhlükəsizlik Forumunda çıxışı zamanı Çin Müdafiə naziri Vey Fenxe deyib.
“Kimsə Tayvanı Çindən ayırmağa cəhd etsə, o zaman Çin ordusu lazımi bütün addımları atacaq. Biz geri çəkilməyəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, Tayvan Çindən 1949-cu ildə ayrılıb. 1980-ci illərə qədər tərəflər arasında heç bir münasibət olmayıb. Pekin hazırda da Tayvan üzərində heç bir nəzarətə malik deyil.
Tayvanın ABŞ-la yaxınlığı Çinin narazılığına səbəb olur. Çin dəfələrlə ABŞ-a Tayvana hərbi yardımları dayandırmağı tələb edib.
On beş il sonra ABŞ-Çin müharibəsinin başlanma ehtimalı çox yüksəkdir. Bu haqda Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı general-leytenant Ben Hoces bildirib.
Sabiq generalın sözlərinə görə, Avropa öz müdafiəsinə daha çox diqqət ayırmalıdır, çünki ABŞ diqqətini Sakit okean regionunda Çin təhdidinə yönəltməlidir.
Ömər Dağlı
Tarix: 25-10-2018, 21:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}