Paşinyandan sülh gözləntisi - Ağ Ev nəyə işarə vurdu? - ŞƏRH


Paşinyandan sülh gözləntisi - Ağ Ev nəyə işarə vurdu? - ŞƏRH

Azərbaycandan sonra Ermənistana səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda Dağlıq Qarabağ probleminin həllinə dair bir sıra açıqlamalar verib.  Amerikalı siyasətçi  Ermənistan hökumətini dolayısı ilə güzəştə getməyə çağırıb.  Bolton bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çətindir. Çünki  bu asan olsaydı, münaqişə indiyədək həllini tapardı.

İrəvanda keçirdiyi mətbuat konfransında C.Bolton deyib ki,  nizamlanma prosesində ilk növbədə münaqişə tərəflərinin özləri maraqlı olmalıdır. "Mənim səfərim ABŞ-ın mövqeyinin dəyişməsi, yaxud özümlə yeni həll təklifləri gətirməyim anlamına gəlmir. Sələflərimdən biri olan Cim Beykerin də söylədiyi kimi, heç kəs tərəflərin özü qədər sülh istəmir”.

Bolton onu da vurğulayıb ki, Ermənistana xarici təsirin azalması üçün münaqişə həll olunmalıdır. Onun sözlərinə görə, münaqişə tərəfləri hər bir şey barədə müzakirə apara, danışa bilərlər və danışmalıdır.

ABŞ prezidentinin müşaviri həmçinin, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyandan Qarabağ münaqişəsinin həlli üzrə konkret addımlar gözlədiyini deyib.

"Əgər seçkilər nəticəsində Paşinyan və onun siyasi partiyası güclü mandat əldə etsə, bu, münaqişənin nizamlanması məsələsində həlledici addımların atılması üçün yaxşı imkan olacaq”, - Bolton vurğulayıb.

Lakin ekspertlər hesab edir ki, N.Paşinyan dekabr ayında keçiriləcək parlament seçkilərində qalib gəlsə belə,  Azərbaycan ərazilərinin geri qaytarılması istiqamətində güzəştə gedəcəyi  gözlənilmir. Ona görə də Con Boltonun bəyanatı reallıqdan uzaq görünür. 

Amerikalı müşavirin açıqlamasını Cebhe.info-ya şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Paşinyanın millətçi baxışları Ermənistan-Azərbaycan münaqişəsinin həllində konstruktiv mövqe tutmasına mane olur: 

“Paşinyan qatı millətçidir. Ermənistanda elə bir adam tapmaq mümkün deyil ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı fərqli fikir söyləsin. Con Boltonun açıqlaması daha çox bu problemin  nizamlanmasında tərəflərə ürək-dirək vermək məqsədi daşıyır. Nikol  Paşinyan da, onun ağsaqqalı olan Levon Ter-Petrosyan da Dağlıq Qarabağ məsələsində zərrə qədər güzəştə getmək istəmir. Dağlıq Qarabağın ətrafındakı yeddi  rayon məsələsində kompromis variant görünür. Bu söhbət var. Amma Dağlıq Qarabağın özünün işğaldan azad edilməsi  və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsində kompromis görünmür. Çünki hakimiyyətə yeni gəlmiş, mövqeləri hələ möhkəmlənməmiş Paşinyan məsuliyyətsiz ifadələr danışırsa, o seçkilərdə qalib gəlib hakimiyyətini  gücləndirdikdən sonra  daha kəskin mövqedən çıxış edəcək. Con Boltonun bir siyasətçi kimi danışıq aparan tərəflərə mənəvi dəstək verməyə haqqı var. Lakin  təəssüflər olsun ki, Dağlıq Qarabağ probleminin həllinə fərqli yanaşmalar mövcuddur.  ABŞ üçün isə vacib olan münaqişənin aradan qalxmasıdır.  Dağlıq Qarabağın Azərbaycanın, yaxud Ermənistanın tərkibində qalması Amerika üçün  ciddi önəm kəsb etmir. Çünki ABŞ ilk növbədə, bölgədə geostrateji maraqlarını təmin etmək istəyir”. 

Qabil Hüseynli onu da qeyd etdi ki, Con Bolton Ermənistana xarici təsirlərin azalmasının vacibliyi baxımından, münaqişənin həllindən söz açarkən Rusiyanı nəzərdə tutur:

“Bolton bilir ki, Ermənistanın Rusiyanın bir quberniyasıdır. Hazırda münaqişənin necə həll olunmasını, rayonların geri qaytarılmasını da, münaqişənin həllini də Kremldə müəyyən edirlər. Dünyanın heç bir ölkəsində bu məsələyə münasibət belə deyil” . 

Müşfiq Abdulla
Cebhe.info

Tarix: 25-10-2018, 21:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}