MÜXALİFƏTİN UĞURSUZLUĞUNUN SƏBƏBLƏRİ - III HİSSƏ


MÜXALİFƏTİN UĞURSUZLUĞUNUN SƏBƏBLƏRİ - III HİSSƏ  


  Azərbaycan müxalifətini iqtidar yox, özü özünü məğlub edib

Bu gün hamını belə bir sual düşündürür: nə üçün Azərəbaycan müxalifətinin 1993-cü ildən bu tərəfə apardığı mübarizə, verdiyi saysız-hesabsız itkilərə baxmayaraq, heç bir fayda verməmiş, ictimai-siyasi vəziyyət nəinki yaxşılığa doğru dəyişməmiş, əksinə pisləşmə istiqamətində inkşaf etmişdir? Bu sualın bir və yeganə düzgün cavabı var: Seçilmiş mübarizə üsulu mövcud vəziyyətin dəyişdirilməsinə qeyri-adekvat olmuşdur.

(Əvvəli bu linklərdə: http://hurriyyet.org/xeber/uursuzluumuzun_sbblri_-_azerbaycan_muxalifetini_iqtidar_yox_ozu_ozunu_meglub_edib ,

http://hurriyyet.org/xeber/uursuzluumuzun_sbblri_-_azerbaycan_muxalifetini_iqtidar_yox_ozu_ozunu_meglub_edib_-_ii_hiss)

Bu meylin əsas aşağıdakı üsülları vardır:

Birincisi, insanlar özlərini axmaq və əxlaqsız apardıqları zaman özlərini inandırırlar ki, onların davranışları ağıllı və əsaslandırılmışdır. Bu gün sosial şəbəkələrdə söyüşlə münasibət bildirənlərin hamısı inanır ki, onlar ağıllı və əsaslı olaraq bu yolu tuturlar. Bunu opponentin davranışları ilə əlaqələləndirirlər, hansı ki, əgər opponent anti-demokratikdirsə, onda demokratik tərəfin də öz mövqeyindən imtina edib, demokratiyadan uzaqlaşması, əslində, opponentin qələbəsi hesab olunmalıdır.

İkincisi, eyni bir fakta opponentlərindən təmamilə fərqli baxış sərgiləməyə meyl edirlər. Bu zaman əgər opponentin mövqeyi düzdürsə, qrup mütləq yanlış mövqeni müdafiə edir və bu istiqamətdə irəliləyir.

Üçüncüsü, əsassız yerə başqası əzab verərkən (mənəvi və ya fiziki), əzab verdiyini əsassız olaraq marginallara aid etmək və ya onu alçaltmağa cəhd etmək. Sosial şəbəkələrdə destruktiv kulta daxil olanların söyüdükləri insanları “maddi maraqları güdən”, “iqtidara satılan” adlandırması və ya düşünülmüş şəkildə opponentini kiçiltməyə cəhd etməsi (savadlını savadsız, ağıllını ağılsız, vətənpəvəri kosmopolit, millətçini beynəlmiləlçi və s.) bu üsulun təzahüridir.

Bütün bunlardan aydın olur ki, silahlı mübarizə aparmayan demokratik qruplar nailiyyətsizlik sindromu yaşadıqda, müəyyən dövrdən sonra psixoloji zorakılıq mərhələsinə keçir ki, bu da silahlı zorakılığa hazırlıq mərhələsini təşkil edir. Əgər dünya inqilablar tarixini təhlil etsək, aydın şəkildə görərik ki, inqilab ərəfəsində ritorika psixoloji zorakılığın yaşandığını sübut edir. Bunun klassik nümunəsi Leninin öz opponentlərini söyüşlərlə təhqir etdiyi məqalələrdir.

“Söyüş müharibəsi” problemi Azərbaycanın müstəqilliyi və demokratikləşməsi üçün böyük təhlükə təşkil edəcək istiqamətdə sürətlə inkişaf etməkdədir. Psixoloji zorakılıqdan tezliklə azad olmasaq, bunun arxasınca fiziki zorakılıq gəlir ki, bunun da çox təhlükəli təcrübəsi Suriya nümunəsidir.

Buradan da sual meydana çıxır: nə etməli?

QEYRİ-ZORAKI MÜQAVİMƏT

Əgər psixoloji zorakılıq fiziki zorakılığa doğru cəmiyyəti sürükləyirsə, onda bu vəziyyətdən xalqı necə xilas etmək, ən əsası isə dinc yolla hakimiyyəti necə dəyişdirmək olar? Müxalifətin psixoloji zorakılqdan xilas olması onun kosmetik olsa belə, nailiyyət qazanmasından keçir. Bəs indiki şərtlərdə necə siyasi nailiyyət qazanmaq olar? Bu bir reallıqdır ki, Azərbyacanda heç kəsi dinc yolla siyasi həyatda nəyəsə nail olmağa inandırmaq mümkün deyil. Bunun sübutu kimi Azərbaycan müxalifətinin 1993-cü ildən bu yana mübarizəsinin heç bir effekt verməməsi göstərilir, hansı ki, bu illər ərzində Azərbaycan müxalifəti dinc-demokratik mübarizə apardığını düşünür və insanlara da məhz bu təəssüratı yaradır. Əgər nəzərə alsaq ki, destruktiv kult irreallığı reallıq kimi dərk etməyə əsaslanır, onda aydın olacaq ki, əslində Azərbaycan müxalifəti dinc-demokratik mübarizə aparmadığı halda, bunu dinc-demokratik mübarizə kimi qələmə verir. Doğrudanmı, son otuz ildə bizim apardığımız mübarizə dinc-demokratik mübarizə olmayıb? Bir çoxları Azərbaycan müxalifətinin heç vaxt silahlı mübarizə aparmadığını əsas gətirib, aparılan mübarizəni dinc-demokratik mübarizə kimi qələmə verir. Zahiri dinc-demokratik mübarizə qeyri-zorakı müqavimətlə oxşarlıq təşkil etdiyindən, bir çoxları düşünür ki, müxalifət elə qeyri-zorakı mübarizə aparır. Amma nəzərə alsaq ki, nifrət, kin odlu silahdan qat-qat təhlükəlidir, ürəklərdə kin və nifrətlə aparılan silahsız mübarizənin də məhz zorakı mübarizə olduğu aydın olar. Digər bir məsələ isə, müxalifətin sadəcə başqa yolu olmadığından, zorən öz gücsüzlüyünə görə dinc-mübarizə yolu seçməsidir ki, bu, əslində könüllü qeyri-zorakılıqdan məhz dərin də olan zorakılıq olması ilə fərqlənir. Qeyri-zorakı müqavimətin əsasını qoymuş və bu üsulla Hindistanı Britaniya müstəmləkəçiliyindən azad etmiş Mahatma Qandi gücsüzlükdən doğan qeyri-zorakılığı siçanın pişiyə qeyri-zorakılığı adlandırmışdır. Siçanın pişiyə münasibəti gücsüzlükdən doğan qeyri-zorakılıqdır. Bunun əksinə, əgər pişik siçana zorakılıq etmirsə, bu həqiqi qeyri-zorakılıq olur. Buradan da Mahatma Qandi bu fikrə gəlir ki, qeyri-zorakılıq yalnız güclülərin qeyri-zorakılığı ola bilər. Yoxsa silah əldə etmək imkanı olmayan və ya silahlı mübarizəsinə dəstək almayan, yaxud opponenti kifayət qədər fiziki cəhətdən güclü olan bir qrupun silahlı mübarizədən imtina etməsi qeyri-zorakı mübarizə deyil, bu, sadəcə gücsüzlükdən, imkansızlıqdan və zəiflikdən doğan yalançı qeyri-zorakılıqdır. Bu cür güclərin şüurunda zorakılıq inkişaf etdiyi halda öz mübarizələrində zahirən qeyri-zorakılıq yolu seçirlər ki, bu da yuxarıda qeyd etdiyimiz psixoloji zorakılığın əsasını təşkil edir. Belə güclər dinc müstəvidə heç bir nailiyyətə ümid edə bilməz. Bunu özünüaldatma kimi də təyin edə bilərik.

YA GÖRÜNDÜYÜN KİMİ OL, YA OLDUĞUN KİMİ GÖRÜN

Bir çoxları qeyri-zorakılığı gücsüzlüyün üsulu kimi anlayır, halbuki qeyri-zorakılıq ən böyük gücün – daha zərif bir gücün təzahüridir ki, kim güclü deyil, onun qeyri-zorakılığı siçanın pişiyə göstərdiyi qeyri-zorakılıqla eyniyyət təşkil edir. Zahirdə bir cür, batində başqa cür olmaq dində münafiqlik, elmdə isə dissonans vəziyyəti adlanır. Dissonans vəziyyəti olduğu kimi görünməmək və ya göründüyü kimi olmaq deməkdir. Yəni müxalifətin qeyri-zorakı görünməsi heç də onun qeyri-zorakı olmasını sübut etmir, eləcə də müxalifət qeyri-zorakı mübarizə apararkən daxildə öz zörakılığını gizlədir. Bu da müxalifətin bu yolla heç bir nailiyyətə imza ata bilməməsinin tək və yeganə səbəbidir.

Bəs həqiqi qeyri-zorakı mübarizə necə olmalıdır və bu yolla nədən qısa müddətə siyasi vəzifələri, cəmiyyətdə radikal dəyişilmələri həyata keçirmək mümkün olur? Mən siyasi proseslərə qoşulan gündən qeyri-zorakı mübarizənin əsaslarını öyrənməyə və öz fəaliyyətimdə bunu rəhbər tutmağa cəhd etmişəm və digər liderlər arasında da bununla bağlı iş aparmağa çalışmışam. Dəfələrlə İsa bəy, Lalə xanım, Əli Kərimli ilə birlikdə keçirdiyimiz görüşlərdə bu barədə öz fikirlərimi demişəm. Hətta bu liderlərdən birinin xahişi ilə Cin Şarpın dinc-demokratik mübarizənin 6 prinsipini yazılı surətdə onlara təqdim etmişəm. Mənim və ADP-nin qeyri-zorakı mübarizəyə sadiqliyi digər müxalif qüvvələr, o cümlədən iqtidar tərəfindən düzgün anlaşılmamşdır. Müxalifət zaman-zaman bunu satqınçılıq, iqtidar isə mövqe dəyişikliyi kimi yozmuşdur. Buna görə, bu məsələ son vaxtlar daha da aktuallaşdığından bizim seçdiyimiz qeyri-zorakı mübarzə yolu haqqında daha ətraflı məlumat verməyi vacib hesab edirəm.

Bəri başdan deyim ki, dinc-demokratik mübarizə, yəni qeyri-zorakı mübarizə yalnız silahlı zorakılıqdan yox, zorakılığın bütün növlərindən, o cümlədən psixoloji zorakılıqdan imtinanı tələb edir. Azərbaycan müxalifətinin bu günə kimi ciddi bir siyasi nailiyyət əldə etməməsinin səbəbi (O cümlədən hakimiyyətin dinc üsullarla Qarabağı azad edə bilməməsinin) qeyri-zorakı müqavimət haqqında məlumatsızlığı və bir çox hallarda bu müqavimətin prinsiplərinə zidd mövqe sərgiləməsi olmuşdur. Buradan da “qeyri-zorakı müqavimət nədir və bu müqavimətlə nəhəng silah arsenalı olan qüvvələrə necə qalib gəlmək olar” sualı meydana çıxır.

ŞƏXSLƏRƏ YOX, İDEYALARA DÜŞMƏN OL!

Azərbaycanın böyük oğlu Şeyx Məhəmməd Xiyabani 1920-ci ildə İranda başlatdığı azadlıq hərakatında çıxışlarından birində demişdir: Dövrünün qabaqcıl insanının başlıca düşməni, insanlar yox, öz dövrünün ideyalarıdır. Bu o deməkdir ki, qeyri-zorakı mübarizənin hədəfi konkret şəxslər yox, onların ətrafinda birləşdikləri ideyalar olmalıdır... Bundan xeyli sonra Qandi də belə hesab edirdi ki, “Sizin məqsədiniz adamları məğlub etmək deyil, onların əhval-ruhiyyəsini elə dəyişməkdir ki, bundan həm siz, həm onlar qazancda olsun. İşgüzar əməkdaşlıq şəraiti dəyənək altında tabeçilikdən daha məhsuldardır. Birincisi, insan aktivi, ikincisi isə getdikcə daha ağır olmağa başlayan öhdəlikdir”. Bu sonuncu siyasətdə siyasi dialoqun əsas fəlsəfəsini təşkil edir. Əgər doğrudan da məqsəd insanları yox, zərərli ideyaları məhv etməkdirsə, onda məntiqlə aydın olur ki, insanlara qarşı fiziki və mənəvi zorakılığın bütün növləri yolverilməzdir. Eləcə siyasi mübarizə də şəssizləşdirilməlidir.

Bu da Qandi tərəfindən qeyri-zorakı müqavimətin əsas prinsiplərindən biri kimi müəyyən edilmişdir. Qandiyə görə, müzakirələr şəxsiyyətlərlə deyil, problemlərlə aid edilə bilər. Unutmaq olmaz ki, ictimai mübarizənin şəxsləşdirilməsi zorakılığı meydana çıxaran əsas faktorlardan biridir.

Bu gün məni prezident seçklilərində namizəd kimi iştirak edərkən, eləcə də adi vaxtlar verdiyim müsahibələrdə ad çəkməməkdə ittiham edənlər bunu ya “qorxaqlıq”, ya da “hakimiyyətə işləmək” kimi dəyərləndirir və məndən əslində problemləri yox, şəxsiyyətləri müzakirə etməyimi istəyirlər. Hansı ki, qeyri-zorakı müqavimətə ziddir. Hətta bir partiya lideri “Sən niyə İlham Əliyevin və digərlərinin adını çəkmirsən?” ritorik sualı ilə guya məni iqtidara işləməkdə ittiham etmişdir.

Bu gün Azərbaycanda hamı hansısa korrupsioneri ittiham edir, onun cəzalanmasını istəyir. Amma heç kəs korrupsiya əməli haqqında danışmır. Buradan aydın olur ki, insanlar ona görə korrupsioner məmurların əleyhinə mübarizə aparırlar ki, korrupsiyadan onlara pay çatmır. Buna görə də hakimiyyətdə şəxslərin dəyişilməsi əslində korrupsiyanın inkaşfına mənfi təsir etmir. Ziya Məmmədovun və ya Səlim Müslümovun, eləcə Əli Abbasovun işdən çıxarılması onların rəhbərlik etdikləri sahədə korrupsiyanı azaltmamışdır, əksinə daha da inkişaf etdirmişdir. Çünki hökumət korrupsiya əməlinə qarşı ciddi addımlar atmaq əvəzinə, özünə qarşı siyasi səhvə yol vermiş korrupsionerləri cəzalandırır.

(Ardı var)

Sərdar CƏLALOĞLU

Tarix: 25-10-2018, 22:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}