"Bu seçkilər Rusiyanın 200-illik Qafqaz siyasətinin iflasıdır..."



Səslərin 75% sayıldıqdan sonra Ermənistandakı növbədənkənar parlament seçkilərinin nəticələri belədir:
- N. Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş sazişi" partiyası - 55,66%
- R. Koçaryanın "Ermənistan" bloku - 20%
- S. Sarqsyanın "Şərəfim" bloku - 5,28%
- Q. Tsarukyanın"Çiçəklənən Ermənistan" partiyası - 4,33% (BBC)
Beləliklə, Kremlin rəsmi və qeyri-rəsmi təbliğat resurslarının açıq (hətta seçkilər günü də) dəstəklədiyi Koçaryanın bloku seçkidə iştirak edənlərin cəmi 1/5-nin səsini ala bildi. Yüksək ehtimalla qalan 25% səslərin sayılması da nəticələrə əsaslı şəkildə təsir göstərməyəcək.
Koçaryanın qələbəsi Rusiya üçün nədən belə əhəmiyyətli idi? Yalnız ona görə ki, o, Moskvanın müttəfiqidir və Ermənistanı yalnız Rusiyanın yanında görür? Əlbəttə bu da var, amma Kreml üçün "Rusiyanın adamının" seçkilərdəki məğlubiyyəti təkcə Ermənistana siyasi təsir imkanlarının məhdudlaşması demək deyil.
Bu, Rusiyanın elmi, siyasi, iqtisadi baxımdan "əsaslandırılmış" 200-illik Qafqaz siyasətinin iflası deməkdir. Təsadüfi deyil ki, 44-günlük müharibədən sonra həm Ermənistanda, həm də xarici ölkələrdə yaşayan bir çox erməni ictimai, siyasi və elm xadimləri həmin 200-illik paradiqmanın iflasına eyham vurmağa başladılar.
Bunların arasında L. Ter-Petrosyan, J. Libaridyan, R. Giraqosyan kimi tanınmış adların olması onların erməni siyasətində yeni trendlər və paradiqmalar formalaşdırmaq cəhdləri kimi qəbul edilə bilər. Başqa sözlərlə, sanki ermənilər arasında erməni ideologiyasına fərqli baxış tendensiyaları görünməkdədir və ən önəmlisi də bunu ermənilərin özlərinin etməsidir. 
Əlbəttə, bunun yaxın illərdə uğur qazanacağını və hətta uzun vadəli baxdıqda dayanıqlı prosesə çevriləcəyini iddia eləmək hələ çox tezdir. Xüsusilə də Rusiyanın həmin tendensiyalara müqavimət göstərəcəyini və başqa güclərin onu (Moskvanı) sıxışdıraraq bölgədə əvəzləmək istəklərini nəzərə aldıqda. 
Amma bu gün təkcə Ermənistanda deyil, bütövlükdə Cənubi Qafqazda gedən proseslər bölgədə yaşayan bütün xalqlar üçün tarixi-siyasi əhəmiyyət daşıyır. Bir şey dəqiq məlumdur ki, Qazqazlarda sülh, əminamanlıq və inkişaf yalnız bir halda - "Qafqaz evinin" açarı qafqazlıların öz əlində olduqda bərqərar ola bilər.
P.S.: Bu barədə geniş analitik yazımı yaxın günlərdə təqdim edəcəyəm.
 
Ərəstun Oruclu, Politoloq

Tarix: 21-06-2021, 09:51




Xəbər lenti