Paşinyan fransız səfirin girovuna çevrilib: Kreml yeni savaş üçün "Biz xəbərdar etmişdik" mesajını ehtiyatda saxlayır



Fransanın Ermənistandakı səfiri Paşinyan hakimiyyəti üçün xarici işlər naziri funksiyalarını yerinə yetirməyə başlayıb; Rəsmi İrəvan fransız səfirin "məsləhətləri" ucbatından yeganə "müdafiə çətiri"ni də itirmək üzrədir...

Ermənistan tərəddüdlər içərisində vurnuxur. Keçmişdə qalan "erməni xəyalları"ndan qopa bilmir. Gələcəyə keçid etməyə də hələ tam hazır deyil. Və nəticədə keçmiş ilə gələcək arasında "zaman tuneli"ndəki keçilməz "labirint"də qalıb.
Əslində, o qədər də təəccüblü deyil. Çünki lovğa erməni zehhiyyəti qondarma tarixi iddialar ilə yüklənib. Özləri üçün hətta qədim Roma İmperiyasından belə, öncəyə uzanan "tarix" uydurublar. Yəni, yalançı "tarix"lə bu lovğa toplum özünün miskin, amma real tarixi ilə barışa bilmir.
Ona görə də, nə real keçmişləri, nə də doğru-düzgün tarixləri var. Keçmişi olmayanların isə gələcəyinin olması olduqca, cətin məsələdir. Və yeganə çıxış yolları heç olmasa, bu günlərini xilas edə bilməkdir.
makron-pasha-ekran777.JPG (50 KB)
Bu günləri isə ermənilərin öz əllərində deyil. Nə qədər "tarixi keçmiş" uydursalarda, ermənilərin gündəlik mövcudluq şərtlərini həmişə başqaları, onlardan yararlanan himayədarları müəyyən ediblər. Həmişə belə olub, elə indi də belədir.
İndi də himayədarlarının "məsləhətlər"inin girovuna çevriliblər. Müstəqil qərar verməkdə çətinlik çəkirlər, başqalarının uydurub, onlara peşkəş etdiyi ölkənin gələcək inkişaf yolunu müəyyən edə bilmirlər. Və nəticədə seçim etmək imkanlarını hər ötən gün bir az daha itirirlər.
Halbuki Ermənistanın qarşısında cəmisi iki seçim variantı var. Rəsmi İrəvan ya iflasa uğramış mənasız, qeyri-real "erməni xəyalları" üçün savaş variantını seçməlidir. Ya da Ermənistanın gələcək taleyini xilas etmək üçün sülhə nail olmağın yollarını tapmağa çalışmalıdır.
Maraqlıdır ki, hələlik Paşinyan hakimiyyətinin davranışlarında ciddi ziddiyyətlər mövcuddur. Belə ki, rəsmi İrəvan bir tərəfdən Fransanın təlimatlarını icra etməyə çalışır. Digər tərəfdən isə, Azərbaycan ilə sülh danışıqlarına başlamağa hazır olduğunun mesajını verir. Və bu mövqe ziddiyyətləri regionda yeni gərginlik üçün münbit şərait yaradır.
Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin bu ziddiyyətli davranışları son günlər Azərbaycan-Ermənistan sərhəd bölgəsində gərginliyi ciddi şəkildə artırıb. Ermənistan sərhəd bölgəsində atəşkəs rejimini mütəmadi şəkildə pozmaqda davam edir. Və artıq bunun xoşagəlməz nəticələri də mövcuddur.
23915e012fc9804012287769ad995ee1.jpg (370 KB)
Çünki rəsmi Bakı son günlərə qədər Ermənistan sərhəd bölgəsində atəşkəs rejimini pozmasına mümkün qədər səbrlə yanaşmağa çalışırdı. Ancaq son günlər Ermənistanın hərbi təxribatlarının mütəmadi xarakter alması, Azərbaycan hərbçisinin şəhid olması rəsmi Bakının da səbrini sona çatdırdı. Ermənistan ordusuna lazımi səviyyədə cavab verildi.
Onu da qeyd edək ki, Azərbaycan ordusunun Ermənistanın hərbi təxribatlarına verdiyi cavab rəsmi İrəvanın gözlədiyindən daha ağır oldu. Hər halda, hazırda Ermənistan cəmiyyətində panik durumun olduğu qətiyyən diqqətdən yayınmır. Bəzi erməni politoloqlar sərhəd bölgəsində baş verənlərin və yeni savaş ehtimalının Ermənistan üçün olduqca təhlükəli nəticələr verə biləcəyini vurğulayırlar. Onların fikrincə, Ermənistan hazırda yeni müharibə təhlükəsinə qətiyyən hazır deyil.
Göründüyü kimi, cərəyan edən proseslərin Ermənistanın xeyrinə olmadığını elə özləri də anlayırlar. Ancaq regionda sülhə və əmin-əmanlığa yol aça biləcək addımların atılmasına da qətiyyən həvəs göstərmirlər.
Onu da qeyd edək ki, Fransanın Ermənistandakı səfiri Conatan Lakot da hazırda gərginliyin artmasında xüsusi rol oynayır. Fransız səfir açıq-aşkar Paşinyan hakimiyyətini hərbi təxribatlara doğru istiqamətləndirməyə çalışır. Hətta o, Ermənistanın xarici işlər naziri vəzifəsini belə, gönüllü icra etməyə cəhd göstərir, rəsmi İrəvanın adından danışmağa can atır. Fransa dövlətinə heç bir aidiyyatı olmayan mövzuları bir-birinə qatmaqla, aranı qarışdırır. Və bu, əslində, Fransanın maraqları xatirinə Ermənistanın gələcək mövcudluq şanslarını təhlükəyə atmaq anlamı daşıyır.
416175628.jpg (118 KB)
Məsələ ondadır ki, fransız səfir israrla üçtərəfli anlaşmaların icrasına qarşı çıxır. Bu sənədlərin icrası Fransanın maraqlarına qarşı olduğundan fransız səfir rəsmi İrəvanı bütün mümkün vasitələrlə üçtərəfli anlaşmalardan uzaqlaşdırmağa cəhd göstərir. Və bunla da Cənubi Qafqazda sülh prosesinin qarşısında əsas əngəllərdən birinə çevrilməyə başlayıb.
Fransız səfirin son açıqlamasında üçtərəfli anlaşmaların icrasına artıq ehtiyac olmadığı iddia olunur. Onun fikrincə, həmin sənədlər sadəcə, savaşın sona çatdırılması baxımından, önəm daşıyırdı. Sülh prosesi üçün isə üçtərəfli anlaşmaların icrası vacib deyil: "Bundan sonrakı proseslər birmənalı şəkildə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə cərəyan etməlidir".
Göründüyü kimi, fransız səfir hətta özünü bütün region və regionətrafı dövlətlər əvəzindən qərar vermək, onlara bundan sonra necə davranmağı öyrənmək səlahiyyətində hesab edir. Halbuki, Cənubi Qafqazda baş verənlərin Fransaya heç bir aidiyyatı yoxdur. Və region rəsmi Parisin maraqlarının girovuna çevriləcək bölgə deyil.
Təbii ki, bu reallığı ilk növbədə Paşinyan hakimiyyətinin anlaması lazımdır. Çünki hazırda bölgədə ən çox sülh danışıqlarına ehtiyacı olan dövlət məhz Ermənistan sayılır. Xüsusilə də, Ermənistanın mövcudluğu sülh anlaşmasının ən qısa zamanda imzalanmasına bağlıdır.
Məsələ ondadır ki, yekun sülh sazişinin imzalanmasının gecikdirilməsi savaş ehtimalını aktual saxlayır. Son hadisələr də birmənalı şəkildə Ermənistanın yeni müharibəyə hazır olmadığını təsdiqlədi. Və yeni savaşın mütləq qalibinin məhz Azərbaycan olacağını anlamaq üçün elə də böyük hərbi biliklərə malik olmağa ehtiyac yoxdur.
65101ffc35c44c83b421a2b3ad88ec56_18.jpeg (253 KB)
Ona görə də, Ermənistanı qoruya biləcək yeganə "müdafiə çətiri" elə üçtərəfli anlaşmalardır. Paşinyan hakimiyyətinin həmin sənədlərin tələblərini icra etməkdən başqa yolu yoxdur. Digər bütün yollar yeni savaşa doğru aparır.
Buna əmin olmaq üçün Rusiya prezidenti Vladimir Putinin bir müddət əvvəl dediklərini xatırlamaq tamamilə yetərlidir. Çünki prezident V.Putinin dedikləri hazırda artıq eynilə baş verməyə başlayıb: "Hər kəs bilməlidir ki, məsələnin tək həll yolu Üçtərəfli Bəyanatdır. Hər kim bunu qəbul etməsə, o zaman buna alternativ tək yol qalır, o da müharibədir. Əgər, bu, baş verərsə, tökülən qanlar üçün savaşı başladan məsuliyyət daşıyacaq".
Göründüyü kimi, üçtərəfli anlaşmaları pozmağa cəhd göstərilməsinin mümkün nəticələri ilə bağlı Kreml sahibinin xəbərdarlığı tam dəqiq məzmun daşıyır. Paşinyan hakimiyyəti isə hələlik bu xəbərdarlığa məhəl qoymağa tələsmir. Və savaş ehtimalını gücləndirən hərbi təxribatlarını davam etdirir.
Onu da qeyd edək ki, əgər, Ermənistanın hərbi təxribatları savaşa səbəb olarsa, Kremlin öz hərbi müttəfiqinə dəstək verməyəcəyini indidən təxmin etmək mümkündür. Böyük ehtimalla Kreml rəsmi İrəvanın "Rusiyanın Ermənistan qarşısında müttəfiqlik öhdəlikləri"ni xatırladıb, dəstək tələb etməsini "Biz sizi vaxtında xəbərdar etmişdik. Ancaq dinləmədiniz" kimi də cavablandıra bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Tarix: 24-07-2021, 22:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}