Azərbaycanda proporsional seçki sisteminə keçid mümkündürmü?



Azərbaycanda erkən parlament seçkilərinin ötən il başa çatmasına rəğmən, növbəti seçkilərin indikindən fərqli olaraq, proporsional, yəni partiya siyahıları üzrə keçirilməsinin mümkünlüyü barədə yerli mediada müzakirələr gedir. Hətta gündəmdə referendumun olduğunu iddia edənlər də var.

Elə Prezident Adminstrasiyasından müxtəlif siyasi partiya rəhbərləri ilə sonuncu, sentyabrın 10-da baş tutmuş görüşdə də proporsional seçki sisteminin bərpasını təklif edənlər olub.

Seçki sistemi islahatına dair referendumun planlaşdırılması ilə bağlı hər hansı məlumat rəsmən təsdiqlənməyib.

Millət vəkili Rasim Musabəyov referendum hazırlığı iddiasını qeyri-ciddi sayır. Amma onun həmkarı Tahir Kərimli yerli mediaya müsahibəsində deyib ki, yaxın vaxtlarda proporsional seçki sisteminin tətbiqi məsələsi aktuallaşa bilər.

Proporsional seçki sistemi Azərbaycan üçün yad məsələ deyil. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasına görə, Milli Məclisə səsvermə qarışıq sistem üzrə keçirilib - 100 deputat majoritar (birmandatlı seçki dairədən), 25 deputat isə proporsional sistem (çoxmandatlı vahid seçki dairələri) üzrə seçilib.

Lakin 2002-ci ildəki Konstitusiya referendumu ilə proporsional seçki sisteminin ləğvindən sonra, növbəti səsvermələr yalnız majoritar sistemə əsaslanıb. Bəs, görəsən, fərqli səsvermə qaydalarının hazırkı mühitdə hansı üstünlükləri ola bilər?

Britaniyadakı Oxford Universitetindən Leyla Əliyevaya görə, belə sistem "plüralizmə və çoxpartiyalılığın inkişafına" töhfə verir: "Partiyalarımız indi də çoxdur, amma əslində iki-üç əsl müxalifət partiyası var".

Hərçənd ki, Leyla Əliyeva mümkün neqativ halları da qeyd edir: "Nisbətən zəif demokratiyalarda proporsional sistemin qeyri-demokratik təsir göstərə biləcəyinə aid misallar da var. Bunu Ukraynada görmək olar. Burada oliqarxik dairələr siyasi partiyalar vasitəsi ilə qanunverici hakimiyyətə "təsir etdikləri" üçün tənqid olunur".



Bəzi təhlilçilərə görə, majoritar sistem hazırda hakimiyyətə daha çox əl verir. Çünki proporsional sistemdə mütləq çoxluğu əldə etmək ehtimalı daha azdır. Lakin ReAl partiyasının sədrinə görə, bu məsələ daha mürəkkəbdir, çünki hər iki sistemin üstün və zəif tərəfləri var. İlqar Məmmədov hesab edir ki, sırf sistemi dəyişməklə məsələnin həllini gözləmək düzgün olmayacaq.

"Nə majoritar, nə də proporsional sistem sehirli çubuqdur"

"Sadəcə seçki sisteminin dəyişməsi möcüzəli alət deyil ki, hər şeyi dəyişdirsin. Fərqi yoxdur ki, seçki saxtakarlığı hansı sistemdə olacaq - majoritar və ya proporsional. Nə majoritar, nə də proporsional sistem sehirli çubuqdur," - deyən İlqar Məmmədova əsasən, dəqiq olan budur ki, siyasi sistemdə "yeniliyə" ehtiyac yaranıb.

"Məsələ ondan ibarətdir ki, indiki sistemlə demokratikləşməyə nail ola bilməmişik, ona görə də yeniliyə ehtiyac var".

Hazırda seçki sisteminin dəyişdirilməsi ilə bağlı izhar olunan mövqelər bəzən qütbləşmiş görünə bilər. Hakimiyyətin opponentləri hesab edirlər ki, proporsional sistemin bərpası çoxpartiyalı siyasi mühitin formalaşmasına, daha sabit demokratiyanın qurulmasına xidmət edəcək. Hazırkı vəziyyətdə keçirilən səsverməni tənqid edənlərə görə, seçkilər "gözdən pərdə asmaq" məqsədiylə keçirilir.

Bunu deyənlər Azərbaycanda keçirilən seçkilərin beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunmasını əsas gətirirlər.

Belə ki, ATƏT ötən ilki seçkilərdə "əsl rəqabətin" və "seçimin olmadığını" bildirib. Azərbaycan bu tənqidlərlə razılaşmayıb seçkilərin "uğurlu" keçdiyini vurğulayıb.

Təhlilçilərə görə, son illərdə seçkiləin yekunları ilə bağlı beynəxalq qurumlar və Azərbaycanın biri-birinə zidd dəyərləndirmələri adi hala çevrilib.

Bu arada, seçki sistemində yeniliklərə ehtiyacın olub-olmaması da təzadlı müzakirələrin mövzusudur.

"Mövzunu kim qaldırır, Prezidentmi deyib? Yoxsa müxalifətdən bir təzyiq gəlir, mən belə bir şey görmürəm," - BBC News Azərbaycancaya danışan millət vəkili Rasim Musabəyov deyir.

Onun sözlərinə görə, məsələ süni yaranıb və siyasi "mövzuların qıtlığı" bir çox insanı "uydurmalara" sövq edir.

Hərçənd ki, İlqar Məmmədova əsasən, hazırda "geniş müzakirə" olunan seçki sisteminin islahatı "gündəmdə olan 5-6 mühüm məsələdən" biridir. O, cəmiyyətə "dərin təsir" göstərən 2-ci Qarabağ müharibəsindən sonra, seçki sistemi də daxil, bir çox sahədə islahat zərürətinin daha qabarıq şəkildə üzə çıxdığını qeyd edir.

"Qarabağ müharibəsi o dərəcədə böyük bir hadisədir ki, onun məhdud təhlillə təsirinə qiymət vermək düzgün deyil, - İlqar Məmmədov deyir. - O qədər şey yerini dəyişib ki, artıq yeni bir siyasi dönəm başlamalıdır. Bunu biz, həmçinin seçki sisteminin islahatı üçün istifadə edə bilərik".

Britaniyanın The Telegraph qəzeti yazır ki, Qərb diplomatları müharibədən sonra "populyarlığı artan" İlham Əliyevi ölkənin siyasi məkanını "açmağa" səsləyirlər. Qəzetə danışan bir rəsmiyə görə, bu fikir hökumətə çatdırılıb.

"Prezident Əliyev müharibəni yenicə qazanıb və indi onun öz yolu var," - Qərb rəsmilərindən biri deyib. - O, sabah azad və ədalətli seçkilər keçirsəydi, yəqin ki, səslərin 90 faizini qazanardı. Bu da o deməkdir ki, o, vətəndaş cəmiyyəti və Azərbaycan müxalifətinə müəyyən siyasi məkan da verə bilər," -qəzetin ötən ay dərc etdiyi təhlilində deyilir.

Lakin bu istiqamətdə irəliləyişin əlamətləri hələ ki, nəzərə çarpmır. Leyla Əliyeva belə düşünür. O, hesab edir ki, hakimiyyətdə islahata sadəcə olaraq ehtiyac görmürlər: "Sistemin təhlükəsizliyinə yeni təhdidlər yaranarsa, dəyişiklik mümkündür. Hələ ki, elitanın buna ehtiyacı yoxdur".

Ötən il martın 10-da yeni parlamentin ilk iclasında çıxış edən Azərbaycan dövlət başçısı ölkədə çoxpartiyalı sistemin əhəmiyyəti barədə danışıb.

"Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır," - Prezident İlham Əliyev deyib.

Hazırda məlum olan odur ki, iqtidar və müxalifət dairələrində seçki sistemi ilə bağlı mövqelər əsaslı şəkildə fərqlənməkdədir. Amma hər iki tərəfdə mövcud sistemin "qüsurlarını" yaxşı görürlər, İlqar Məmmədov deyir.

Tarix: 13-09-2021, 10:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}