“Qonşular daimi düşmən qala bilməz, sülh sazişi imzalandığı təqdirdə Ermənistana gedərəm”


 
"Azərbaycanla sülh sazişi imzalandığı təqdirdə Ermənistana gedərəm. Belə də olacaq, sülh bağlanacaq, çünki Ermənistanın alternativi yoxdur. Doğrudan da, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyarsa, gediş-geliş mümkün olar. Nəzərə almaq lazımdır ki, qonşular daimi düşmən qala bilməz. Belə olan halda, Ermənistana getməkdə heç bir qəbahət görmürəm".
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev post-müharibə dövrünün reallıqlarından bəhs edərək dəfələrlə vurğulayıb ki, biz yeni reallıqda Ermənistanla əməkdaşlıq mühitinin yaranmasını istəyirik: "Bu məsələ, həmçinin Ermənistandan asılıdır. Əməkdaşlıq dedikdə, əlbəttə ki, ilk əvvəl sülh sazişinin imzalanması nəzərdə tutulur. Sülh sazişi imzalandığı təqdirdə tərəflər mütləq bir-birinin ərazi bütövlüyü, suverenliyi və toxunulmazlığını tanıyacaq. Sərhədlərin delimitasiyası və demarkasiyası, o cümlədən Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməsi də vacib faktorlardır. Əməkdaşlığın ən mühüm elementlərindən biri isə nəqliyyat kommunikasiyalarının bərpasıdır. Bu, həm də özündə hava məkanının açılmasını ehtiva edir. Ermənistan da bunu çox yaxşı bilir və bu məsələdə qarşı tərəfin davranışından çox şey asılıdır. Təəssüf ki, Ermənistan əməkdaşlıqla bağlı ortaya qoyduğu loyal mövqe formal xarakter daşıyır. Ümumiyyətlə əməkdaşlıq olan yerdə status məsələsindən söhbət gedə bilməz. Ermənistan isə hələ də status məsələsini ATƏT-in Minsk Qrupu ilə həll etmək istəyir. Minsk Qrupu isə uzun illər ərzində nəinki münaqişəni həll etmədi, əksinə münaqişənin uzanmasını əsas səbəbkarı oldu. Ən əsası isə, status məsələsi çoxdan həllini tapıb. Ali Baş Komandan, cənab İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağ deyilən yer və onun statusu məsələsi yoxdur. Cənab Prezident iyulun 7-də Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarının yaradılması haqqında  sərəncam imzaladı. Yəni, status-kvo tarixdə qaldı. Ermənistan son şansını itirdi. Bəlkə də müharibə olmadan bizim torpaqları könüllü qaytaraysaydılar, o halda status məsələsinə baxırlardı. Bu qədər şəhid verdikdən sonra daha heç bir statusdan söhbət gedə bilməz. Ermənistan məhz hava məkanının açılmasına da "status" kontekstindən baxır. Bu isə qəbuledilməzdir. Bizim ən böyük arzularınızdan biri də Şuşa ilə yanaşı Xankəndiyə də getməkdir. Sadəcə ermənilərin ravanşist meyilləri hələki buna əngəl törədir. Eyni zamanda, gələcəkdə yollar açılar, düşmənçiliyə son qoyularsa, sülh müqaviləsi imzalanarsa, əlbəttə Ermənistana getmək mümkündür. Burada qəbahət yoxdur".
Tarix: 14-09-2021, 00:17




Xəbər lenti