NATO rəsmisi İranla gərginlik fonunda Bakıda - sərhəd məsələsi də masada



Bakıda müdafiə naziri Zakir Həsənovla görüşən Xavyer Kolominanın səfəri İrana mesaj kimi şərh edilir, eyni vaxtda Pentaqon rəhbəri Tiflisdə olub; deputat: “NATO rəsmisi ilə görüşdə sərhədlər məsələsi... ”

Oktyabrın 18-də müdafiə naziri Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO baş katibinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavyer Kolominanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Yeni Müsavat”ın xəbərinə görə, nazir Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra azad edilən ərazilərdə Ordumuz tərəfindən görülən işlər və Azərbaycan dövlət sərhədində hazırkı vəziyyətlə bağlı qonaqlara ətraflı məlumat verib.

Z.Həsənov NATO ilə əməkdaşlığın vəziyyətindən, əməkdaşlıq sahəsində əldə edilən müsbət nəticələrdən məmnunluğunu bildirib, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. X.Kolomina bölgədə sülhün təmin olunması istiqamətində NATO-nun müvafiq dəstəyi göstərməyə hazır olduğunu qeyd edib. İranla gərginlik fonunda NATO rəsmisinin Bakıya səfəri və sərhədlə bağlı məsələlərin müzakirəsi kifayət qədər diqqət çəkir. Məlumdur ki, NATO ilə Azərbaycan ciddi əlaqələrə malikdir və bu həm də hərbi məsələləri əhatə edir. İranın hədə dili ilə Azərbaycanı təhdid etməsi əlbəttə ki, Bakının hərbi sahədə əməkdaşlıq etdiyi NATO-nu narahat etməyə bilməzdi. O baxımdan Kolominanın Bakıya gəlişi Tehrana bir eyham da ola bilər.
Zakir Həsənov NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə  görüşüb
Yeri gəlmişkən, Rusiyanın NATO yanında daimi nümayəndəliyi   noyabrın 1-dən işini dayandırır. Bu qərarın bizə hansısa təsirlərinin olacağını təxmin etmək çətindir. Azərbaycan heç bir hərbi alyansa üzv deyil, sadəcə, NATO ilə əməkdaşlıq var. Rusiya bizi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında görmək istəsə də, Azərbaycan Qoşulmama Hərəkatında olmaqla bütün hərbi bloklardan kənarda qalıb.
Yeri gəlmişkən, NATO rəsmisinin Bakı səfəri ilə paralel Pentaqon rəhbəri də Gürcüstanda olub. Gürcü ekspert Gela Vasadze ABŞ-n müdafiə naziri Loyd Ostinin səfərini şərh edərkən deyib ki, ABŞ İranın bölgədəki hədəflərinə son dərəcə mənfi münasibət bəsləyir. Bəs azərbaycanlı mütəxəssislər bu səfərləri necə dəyərləndirir? NATO rəsmisinin Bakıda nazir Z.Həsənovla görüşdə sərhədlər məsələsini də toxunması İrana bir işarə ola bilərmi?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan - NATO münasibətləri özünəməxsus inkişaf tempinə malikdir. Deputatın sözlərinə görə, bununla belə, Azərbaycanın NATO-ya daxil olmaq kimi strateji hədəfi yoxdur. “Biz imzalanmış sənədlər əsasında NATO ilə əməkdaşlıq edirik. Digər tərəfdən, Qoşulmama Hərəkatının üzvüyük. Amma NATO rəsmisi ilə görüşdə sərhədlər məsələsi haqda fikir mübadiləsi müəyyən nəticələrə gəlməyə əsas verir. Yəni sualınızda həqiqət var. Eyni zamanda Pentaqon rəhbəri Gürcüstandadır, deməli, regionun təhlükəsizlik məsələsi ABŞ və NATO üçün xüsusi əhəmiyyət kəsb edir. Belə olan halda, İranın hərbi təlimləri, təhdid dilində danışması NATO və ABŞ-ı narahat edən məsələlər sırasındadır”.
Mən bu 'əyilə-əyilə' fikrini aprel döyüşlərindən sonra səsləndirmişəm' - Elman  Nəsirov
Elman Nəsirov 
E.Nəsirov qeyd etdi ki, NATO ilə əməkdaşlığımız üçüncü bir ölkəyə qarşı yönəlməyib: “ABŞ dünyanın müxtəlif bölgələrində marağı olan supergücdür. İranla gərginliyimiz Vaşinqtonu narahat etməyə bilməzdi. Xüsusən söhbət İrandan, yəni ABŞ-ın terrorizmi maliyyələşdirməkdə ittiham etdiyi ölkədən gedir. Ona görə ABŞ və NATO rəhbərlikləri bu səfərlərlə regionla maraqlandıqlarını demək istəyiblər”.
Deputatın sözlərinə görə, Rusiyanın NATO-da daimi nümayəndəliyinin fəaliyyətini dayandırması bizə hər hansı formada təsir etmir: “Biz ABŞ və Rusiya ilə münasibətlərdə bərabər məsafədə dayanmışıq. ABŞ-la strateji tərəfdaşlığmız Rusiya əleyhinə deyil, bunu Moskva da bilir, eləcə də Rusiya ilə olan strateji tərəfdaşlıq Vaşinqtona qarşı yönəlməyib. Əksinə, NATO və Rusiya Baş Qərargah rəhbərləri Bakıda görüşüblər. Bu da Azərbaycan Prezidentinin düzgün xarici siyasətinin nəticəsidir və heç bir hərbi bloka qoşulmaq niyyətimiz yoxdur. Hələ 2023-dək Qoşulmama Hərəkatına sədrlik edəcəyik. O deməkdir ki, hansısa ölkənin ərazilərimizdə  hərbi bazası qurula bilməz”.
Siyasi ekspert Vaqif Hüseynin sözlərinə görə, NATO dünyada dominant hərbi-siyasi ittifaq sayılır: “İstənilən bölgədə qarışıqlıq, bu alyansın mənafeyinə toxunan məsələ varsa, reaksiya verməyə bilməz. Eyni zamanda Azərbaycan NATO ilə ”Sülh naminə tərəfdaşlıq" proqramına qoşulan ölkədir. Azərbaycan NATO üçün həssas nöqtələrdən biri hesab olunur. Ona görə NATO rəsmisinin bura gəlməsində təəccüblü hal yoxdur. Üstəlik, Qərblə antoqonist mövqedə olan İran fəallaşıbsa, belə səfərlər gözləniləndir".
Ekspert hesab edir ki, Qarabağ müharibəsinin nəticələri bir çox ölkələrin regionda fəallaşmasına səbəb olub: “Hətta Hindistan belə proseslərə qarışıb. Sadəcə, elə görüntü var ki, Qərb bütün məsələləri Ermənistan vasitəsilə Fransanın öhdəsinə buraxıb. Amma NATO-nun gəlməsi bu təsəvvürü dağıdır, ABŞ-ın bölgəyə qayıtması kimi qiymətləndirmək lazımdır. Azərbaycan burada manevr imkanlarından istifadə etməlidir. Çünki artıq torpaqları işğalda olan ölkə deyilik”.
Tarix: 20-10-2021, 09:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}