Kreml Zəngəzur dəhlizinə “yaşıl işıq” yandırıb – “İrəvan müqavimət göstərə bilməyəcək”



Elxan Şahinoğlu: “Paşinyan da bəyan edibsə ki, Naxçıvanla Azərbaycan arasında dəmiryolu olmalıdır, demək olar ki, dəhliz reallaşır”
İkinci Qarabağ müharibəsinin aktiv fazasını bitirən 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Birgə Bəyanatdakı bəndlərdən biri – nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində müsbət irəliləyişlər müşahidə olunmaqdadır. Daha doğrusu, kommunikasiyaların yaxınlarda açılacağı ehtimalı bəyanata imza atan ölkələrin liderlərinin müsajlarında əksini tapır. Kommunikasiyalar dedikdə ilk ağıla gələn məsələ təbii ki, Naxçıvanla Azərbaycanı birləşdirən quru yolunun – Zəngəzur dəhlizinin açılmasıdır.
Azərbaycan Prezidenti İlham Əliyev Zəngilana səfəri zamanı rəsmi Bakının bu məsələdə istəyinə demək olar ki, nail olduğunu, dəhlizin reallaşması ilə bağlı İrəvandan verilən bəyanatların müsbət olduğunu səsləndirdi. Bununla yanaşı, Rusiya Prezidenti Vladimir Putin “Valday” Diskussiya Klubundakı çıxışında kommunikasiyaların açılmalı olduğunun zəruriliyini bildirdi və Ermənistanın buna müsbət yanaşmalı olduğunu səsləndirdi. Ermənistan Baş naziri Nikol Paşinyan da açıqlamasında Naxçıvanı Azərbaycanla birləşdirən yolun olmasının lazımlılığından bəhs edib.

Verilən bəyanatlar fonunda dəhlizin tezliklə reallaşacağı ehtimalları artır. Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu da hesab edir ki, dəhlizin açılması yaxın perspektivdə realdır. Politoloq qeyd edib ki, Azərbaycanın Ermənistanla bağlı indi üç əsas hədəfi var…
- Birincisi, Ermənistanı məcbur etmək ki, Azərbaycanın ərazi bütövlüyünü tanısın və sülh sazişi bağlansın. İkincisi, sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsi üçün danışıqlara başlanılması. Üçüncüsü isə Zəngəzur dəhlizinin açılması məsələsidir.  Bunlardan daha tez reallaşacaq məsələ hesab edirəm ki, dəhlizin açılmasıdır. Çünki sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar illər boyu da çəkə bilər. Məsələn, Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır, amma bu ölkə ilə sərhədlər tam müəyyənləşməyib. Bu baxımdan, Ermənistanla sərhəd danışıqlarının tezliklə müsbət nəticə verəcəyi gözlənilmir. Amma dəhlizin açılması razılaşdırıla, tezliklə müsbət nəticə əldə edilə bilər. Çünki Zəngəzur dəhlizinin açılmasında Azərbaycanla yanaşı, Rusiya da maraqlıdır. Hansı ki, rusiyalı rəsmilərin, hətta Prezident Vladimir Putinin dilindən Kremlin dəhlizin reallaşmasında maraqlı olduğu bildirilir. Əlbəttə, Ermənistan da maraqlı görünür, dəhlizin onlara da xeyir verəcəyini anlayırlar. Ermənistan Baş naziri Nikol Paşinyan da dəhlizin açılmalı olduğu qənaətini bölüşür. Düzdür, o, “dəhliz” demir, bunu kommunikasiyaların açılması kimi təqdim edir. Hər halda rəsmi İrəvan gediş-gəlişin bərpasında problem olmadığını bəyan edir. Bütün bunları toplayanda belə nəticəyə gəlmək olar ki, ilin sonunadək dəhliz məsələsi həll olunacaq.
- Bu qədər tezliklə?
- Demirəm, ilin sonunda gediş-gəliş olacaq, razılıq əldə edilməsi isə mümkündür. Bəzi mərkəzlərdə - Ermənistanda, İranda yanlış təsəvvür var ki, guya biz dəhlizi yox, Zəngəzur ərazisini ələ keçirmək istəyirik. Bəli, Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır, amma Azərbaycan işğalçı deyil, biz dəhlizi istəyirik. Quru yol və dəmiryolu xəttinin bərpasını istəyirik ki, Naxçıvanı blokadadan çıxaraq, oradan da Türkiyəyə rahatlıqla gedib-gələ bilək. Bizim istəyimiz budur, niyyətimiz ərazi ələ keçirmək deyil...
Ermənistan və İran bundan qorxur ki, Azərbaycan Zəngəzuru istəyir. Düzdür, İranla bağlı müəyyən addımlar atıldı, Tehran dərk etdi ki, Bakının niyyəti təmizdir, sülhdən yanadır. Ermənistan da yəqin ki, qorxusunu yenə biləcək. Hesab edirəm ki, üç dövlətin başçısı dəhlizin açılması barədə müsbət mesajlar veriblərsə, ilin sonunadək məsələ həll oluna bilər.
- Amma Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Ermənistan ərazisindən Azərbaycana dəhliz verilməsi ilə bağlı danışıqlar aparılmayıb və aparılmır. Əlavə edib ki, əgər Bakının məntiqinə əsaslansaq, onda bu cür dəhliz Ermənistana da verilməlidir ki, Asiya ölkələrinə çıxışı olsun. İrəvan razıdırsa, Qriqoryanın belə açıqlaması nəyə hesablanıb?
- Əslində Ermənistanın özü-özünü tələyə salır. Əgər Ermənistan dəhlizin olmayacağını bildirirsə, sabah Azərbaycan çox rahat şəkildə Laçın dəhlizini bağlaya bilər. İrəvan bizə dəhliz vermirsə, biz niyə ermənilərin Azərbaycan ərazisinə rahat gəliş-gedişi üçün dəhliz verməliyik?!  Orada Azərbaycan sərhədçiləri yoxdur, gömrük xidməti yoxdur, təkcə Rusiya sülhməramlılarının postu var. Onsuz da Laçın dəhlizi ilə bağlı Azərbaycan nə vaxtsa qərar verəcək. Ola bilməz ki, bizim sərhədimizin bir hissəsi açıq olsun, burdan rahatlıqla istifadə edilsin. Nə zamansa biz oranı bağlamalıyıq. Bağlamaq deyəndə ki, sərhədçilərimiz, gömrükçülərimiz orada olmalıdırlar. Amma indiki halda Ermənistan çox israr etsə ki, Zəngəzur dəhlizi olmayacaq, biz də Laçın dəhlizini bağlamaq hüququnu özümüzdə saxlayırıq. Ələxüsus da, biz bu məsələni Rusiya ilə həll etməliyik. Bütün hallarda, yenə də fikrimdə qalıram ki, yaxın müddətdə bu məsələ həllini tapacaq.
- Ermənistan rəsmiləri kommunikasiyanın açılmasına razı olduqlarını, amma bunun dəhliz olmadığını bəyan edirlər. Ümumiyyətlə, İrəvanın “dəhliz” sözünə belə qıcıqlanması nə ilə bağlıdır?
- Burada mübahisəli məqam odur ki, Ermənistanın tələbinə görə, Azərbaycandan gedən qatarları, avtobusları yoxlasınlar. Tələbləri odur ki, gömrük xidmətləri orada fəaliyyət göstərsin. Əslində bu, danışıqlar predmeti ola bilər. Və biz də Laçında bu işi görməliyik, bu tələbimizi irəli sürməliyik. Qarabağa gediş-gəlişə biz nəzarət etməliyik. Amma bunlar hamısı detallardır. Məncə, əsas məsələ həll olunub. Kreml Zəngəzur dəhlizinə “yaşıl işıq” yandırıbsa, demək, İrəvan müqavimət göstərə bilməyəcək.
Ermənistan Bakıdan qatarın, avtobusun çıxıb Naxçıvana yoxlanılmadan getməsindən qıcıqlanırlar. Fikirləşirlər ki, əgər yoxlanış yoxdursa, buranın Azərbaycan ərazisi olduğu anlamı verir. Təkrar edirəm, bu müzakirə edilə bilər və biz də qarşılıqlı tələbimizi qoya bilərik. Lakin hesab edirəm ki, məsələ həllini tapacaq. Əgər Paşinyan da bəyan edibsə ki, Naxçıvanla Azərbaycan arasında dəmiryolu olmalıdır, demək olar ki, dəhliz reallaşır. Azərbaycan Prezidenti də bildirdi ki, istəyimizə nail olmaqdayıq. Dəqiq deyə bilmərəm, nələr razılaşdırılıb. Lakin bəyanatlardan belə görünür ki, məsələnin həlli ilə bağlı ciddi irəliləyişlər var.
- Onsuz da, Zəngəzur dəhlizinə nəzarəti Rusiya hərbçiləri həyata keçirəcəklər. Bu halda Ermənistanın narahatlığına nə ad vermək olar?
- Bu məsələdə də iki variant var. Ermənistanın hazırda enerjisi və gücü qalmayıb ki, sərhədlərinə də nəzarət edə bilsin. İki ölkə ilə, Türkiyə və İranla sərhədlərini Rusiyaya tapşırıblar. İndi Azərbaycanla sərhədi, üstəlik yollara nəzarəti də Rusiyaya vermək istəyir. Bu bizi çox da narahat etməməlidir. Ermənistanın ərazisidir, kimi istəyirlər yerləşdirsinlər. Əsas odur ki, biz özümüzə aid olanlara sahib çıxaq, necə ki, Gorus-Qafan yolunun 21 kilometrlik hissəsinə sahibliyimizi göstəririk. Buna nə Rusiya, nə də Ermənistan etiraz edir. İran etiraz etməyə çalışdı, amma reallığı anladı, qəbul etdi ki, ora Azərbaycan ərazisidir. Ermənistanda onsuz da Rusiya hərbi bazaları var, bir az da artırsalar, bu, bizə əngəl yaratmır. Yeni razılaşmalar, bəyanatlar olacaq ki, ona da hər bir tərəf sadiq qalmaq məcburiyyətində qalacaq.
- Paşinyan hökuməti erməni cəmiyyətində Zəngəzur dəhlizinin əleyhinə olan kəsimi necə neytrallaşdıracaq, razı salacaq? Yaxud da, razı sala biləcəkmi?
- Paşinyan erməni cəmiyyətini də, müxalif qüvvələri də bu məsələ ilə bağlı hazırlayıb. Hesab edirəm ki, Ermənistanda Zəngəzur dəhlizinə qarşı elə də böyük etiraz olmayacaq. Əksinə, bir müddət keçəndən sonra  Ermənistan dəhlizdən iqtisadi faydalar götürə biləcəksə, müəyyən kəsimin etirazı da səngiyəcək. Üstəlik, bu günlərdə Azərbaycan 5 erməni diversantı qarşı tərəfə təhvil verdi. Rəsmi Bakı dolayısı ilə Ermənistanda Paşinyanın mövqeyini möhkəmləndirdi. Bu baxımdan, etirazların güclü olacağını zənn etmirəm.
Tarix: 23-10-2021, 22:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}