İrandan spekulyasiya: “Zəngəzur dəhlizi aktuallaşan kimi körpünü ortaya atırlar”



“Rəsmi Tehranmın İranın bu məsələni yenidən gündəmə gətirməsi hələ ki söz səviyyəsindədir”

“Danışıqlar prosesi aparmaq üçün bir yoldur. Amma ortada real addım yoxdur. Gerçək addımların atılacağına dair ehtimal azdır”.  


Azərbaycan və İran Astaraçay üzərində avtomobil yolları üçün yeni körpünün tikintisinə dair razılıq əldə edib. Bunu İranın yol və şəhərsalma nazirinin müavini, ölkənin nəqliyyat infrastrukturunun tikintisi və inkişaf etdirilməsi şirkətinin baş direktoru Xeyrullah Xademi deyib.

X.Xademi bildirib ki, körpünün tikintisi iki ölkə arasında nəqliyyatın gediş-gəlişinin və beynəlxalq tranzitin artırılması məqsədilə reallaşdırılır:

“Dekabrın 7-də Astarada İran və Azərbaycan rəsmilərinin müştərək iclası keçirilib. İclasda qərara alınıb ki, Astaraçay üzərində dəmir yolu körpüsünün yanında avtomobillərin gediş-gəlişi üçün yeni körpü tikilsin. Körpü 15 ay müddətində inşa ediləcək”. 

O, həmçinin diqqətə çatdırıb ki, 4 zolaqlı körpünün uzunluğu 97 metr və eni 32 metr olacaq:
“Körpünün tikintisinə hər iki ölkə müştərək sərmayə yatıracaq. Bugünkü iclasda podratçı şirkətin müəyyənləşməsi və layihənin maliyyələşməsi ilə bağlı müzakirə aparılıb. Yaxın vaxtlarda İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin Azərbaycan rəsmiləri ilə müştərək iclası olacaq. Həmin iclasda layihəyə dair saziş imzalanacaq”. 

Müavin bunu da əlavə edib ki, iclas zamanı həmçinin Astara dəmiryolu yük terminalının problemləri ilə bağlı müzakirə aparılıb:

“Qərara alınıb ki, yük terminalı daha da təkmilləşdirilsin”. 

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun sözlərinə görə, İran və Azərbaycan arasında iqtisadi və siyasi münasibətlər həmişə qardaşlıq, yaxşı qonşuluq prinsiplərinə söykənib:

“Astara (İran)–Astara (Azərbaycan) dəmir yolunun tikintisi bu müştərək əlaqələrin aşkar və uğurlu bir nümunəsidir. Azərbaycan Astaraçay üzərində avtomobillər üçün yeni körpünün tikintisində maraqlıdır. Bunun üçün hazırdır”. 
Azərbaycan və İran rəsmiləri tikiləcək yeni körpünün yerinə və İranın Astara şəhərində yerləşən dəmiryolu terminalına baxış keçiriblər.
Bundan başqa, qeyd edək ki, Gürcüstanın iştirakı ilə İran və Azərbaycan yeni tranzit marşrutu yaradacaq. Hər üç ölkə Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması üzrə razılığa gəliblər. Bunu İranın Yollara Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının (RMTO) rəsmisi deyib.

RMTO-nun Beynəlxalq Tranzit və Daşımalar İdarəsinin Baş direktoru Cavad Hedayətinin sözlərinə görə, Azərbaycan və Gürcüstanla (avtomobil nəqliyyatı ilə bağlı) iki görüş keçirilib. 

C.Hedayəti bildirib ki, biz iki ölkəyə regional yaxınlaşma üçün yeni tranzit dəhlizinin yaradılması təşəbbüsünü təklif etdik:

“Əlbəttə, bu plan artıq səkkiz il əvvəl təklif edilib. Lakin çox sayda ölkələrin bu sazişə cəlb olunması səbəbindən hələ də reallaşmayıb. Tərəflər konsensus əldə edə bilməyib. Yeni marşrutun yaradılması Fars körfəzini Qara dənizə birləşdirə bilər. Gürcüstan və İran sazişin iki əsas tərəfidir. Çünki İran Fars körfəzi vasitəsilə beynəlxalq sulara çıxa bilir. Gürcüstan isə Qara dənizin şərqində iki mühüm ticarət limanına malikdir. Digər tərəfdən, Gürcüstan və Azərbaycan öz nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq və inkişaf etdirmək üçün böyük səylər göstəriblər. Ona görə biz bu iki ölkə ilə əməkdaşlığı artırmağa çalışdıq”.

Yeni tikiləcək körpü və yaranacaq tranzit marşrutunun ölkəmiz və region üçün əhəmiyyəti barədə “Sherg.az”a danışan politoloq Sədrəddin Soltan bildirib ki, Astaraçay üzərində körpünün tikintisi ilə bağlı danışıqlar az qala 20 ildir davam edir:

“Bu, şimal-cənub nəqliyyat dəhlizi ilə bağlı bir elementdir. Amma ötən illər  ərzində bu istiqamətdə yalnız söhbətlər gedib. İndiyə qədər elə də ciddi addımlar atılmayıb. Hətta dəmiryolu xəttinin çəkilməsi də gündəlikdə var idi. Amma hələ ki, bu yöndə İran tərəfi ləng addım atır. Son zamanlar Zəngəzur dəhlizinin açılması işi aktualdır. Ona görə də İran tərəfi yenidən körpü ilə bağlı məsələni gündəliyə gətirir. Bundan başqa Cənub dəhlizi məsələsində İranın layihəsi bir qədər fərqlidir. Rəsmi Tehran İran Şimal-Cənub Nəqliyyat Dəhlizində Ermənistanın üstünə düşmək istəyir. Çünki bir müddət əvvəl Gorus-Qafan avtomobil yolunda hadisələr baş verib. Həmin zaman İran Ermənistanla bu istiqamətdə danışıqları fəallaşdırıb. Onda bildiriblər ki, Ermənistanı Simal-Cənub dəhlizi vasitəsilə birləşdirə bilərlər. Eləcə də bu üsulla İran Ermənistanın ərazisinə keçməklə Avropaya çıxış əldə edə bilər”. 

S.Soltan hesab edir ki, indiki şəraitdə cənub qonşumuzun bu məsələni yenidən gündəmə gətirməsi hələ ki söz səviyyəsindədir:

“Danışıqlar prosesi aparmaq üçün bir yoldur. Amma ortada real addım yoxdur. Gerçək addımların atılacağına dair ehtimal azdır”.  

Tarix: 8-12-2021, 16:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}