Bakının dəhlizlə bağlı qrafik tələbi: Azərbaycanın qoyduğu şərtlə İrəvan razılaşmalı olacaq



Asif Nərimanlı: “Ermənistan sərhəd məsələsində olduğu kimi, Zəngəzur dəhlizi məsələsində də məcburetmə əməliyyatı ilə üzləşə bilər”
"Bizim son vaxtlar apardığımız işlər onu göstərir ki, hər hansı bir revanşist meyil olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq. Çünki müharibədən sonra Ermənistan tərəfindən bir neçə dəfə belə cəhdlər oldu və onun acı nəticələrini onlar özləri gördülər. Ona görə də hələ ki gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişdim, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır. Əgər belə olarsa, onda Cənubi Qafqazda bütün xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayacaq. Çünki biz istədiyimizə nail ola bilmişik, bunu hər kəs gördü". 
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qubanın Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşündə səsləndirib. Ölkə başçısı İrəvana növbəti dəfə xəbərdarlıq xarakterli bəyanat verib ki, Ermənistan da gördü, dünya da gördü ki, heç kim İkinci Qarabağ müharibəsində Azərbaycanı saxlaya bilmədi: "Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər. Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun".
Ermənistan mediasında "Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiya prosesinin 6 ay müddətində həyata keçirilməsi planlaşdırılır", - mülahizələri fonunda Azərbaycan liderinin Soçi görüşündən sonra, Brüssel görüşündən isə əvvəl Ermənistana bu çağırışı bir sıra suallara cavab tələb edir. 

Siyasi icmalçı Asif Nərimanlı AYNA-nın suallarını cavablandırarkən, öncə erməni mediasının sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı iddiasına münasibət bildirib. Analitik qeyd edib ki, bunu medianın iddiası hesab etmək olar:
- Lakin proseslərin inkişafına baxdıqda, doğruluq payının da olduğunu görmək mümkündür. Soçi razılaşmasında sərhədin delimitasiya və demarkasiyası ilə bağlı konkret qeyd var. Bəyanatda yazılır ki, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik”. Buradan o nəticə çıxır ki, delimitasiya prosesi, yəni xəritələr üzərində sərhədin müəyyən edilməsi işi Rusiyanın vasitəçiliyi ilə həyata keçiriləcək. Daha sonra ikitərəfli qaydada demarkasiya həll olunacaq.
Bu, Ermənistanın narazılıq yaratmaq imkanını da məhdudlaşdırır. Çünki Ermənistan sərhədin hansı xəritə əsasında olmasında problem yarada bilər, lakin bu məsələnin üçtərəfli qaydada həyata keçirilməsi ortaq məxrəcə gəlmək imkanını artırır. Xəritə üzərində razılaşma olduqdan sonra demarkasiya artıq ikitərəfli qaydada aparılacaq. Ermənistan demarkasiya prosesində problem yaradacaqsa, Azərbaycan artıq razılaşdırılmış xəritəyə əsasən sərhədi özü bərpa edə bilər. Putinin Soçi görüşündən sonra açıqlamasında “ilin sonuna kimi mexanizmlərin yaradılması” ilə bağlı dediyi fikirlər də prosesin uzanmasında maraqlı olmadıqlarını göstərir. Bir məsələni həmişə qeyd edirəm, sərhədin müəyyən edilməməsi kommunikasiyanın açılmasına da maneələr yaradır. Kommunikasiyaların açılması isə Rusiya və Türkiyənin əsas istəyidir və bununla bağlı iki ölkə razılaşıb. 
- Prezident Qubada verdiyi bəyanatda Zəngəzur dəhlizi və sərhədlərin müəyyənləşməsi ilə bağlı rəsmi Bakının qrafik tələbini gündəmə gətirdi. Buna İrəvanın reaksiyası necə olacaq?
-  Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı konkret vaxt tələbi 11 yanvar 2021-ci il Moskva bəyanatına əsaslanır. Moskva bəyanatının 4-cü bəndinə əsasən, üçtərəfli İşçi Qrupu Zəngəzur dəhlizi də daxil olmaqla, bütün kommunikasiyanın açılması qrafikini 1 mart tarixinə qədər hazırlamalı və bu, liderlər tərəfindən təsdiq olunmalı idi. Ermənistan prosesi uzatdı və nəhayət 26 noyabrda Soçi görüşündə bununla bağlı şifahi razılaşma əldə edildi. Putinin açıqlaması da bunu deməyə əsas verirdi və açıqlamaya görə, İşçi Qrupu Moskva görüşündə texniki məsələlərə yekun vurmalı və imzalar atılmalı idi. Ermənistan tərəfi yenə prosesi pozur. Buna səbəb kimi Bakının sənədə dəhliz ifadəsini daxil etməsi göstərilir. Halbuki Soçidə qapalı görüşdə müzakirələrdən xəbərsiz olsaq da, Putinin açıqlamaları, o cümlədən, Əliyevin dedikləri orada məhz dəhliz üzərində razılığın olduğunu göstərir. Soçi bəyannaməsində 10 noyabr və 11 yanvar bəyanatlarına istinad edilməsi də Ermənistanın tələbinin qəbul edilmədiyini deməyə əsas verir. İstisna deyil ki, Paşinyan məhz dəhliz məsələsi ilə bağlı sənəddə özünün imzasının olmasını istəmədiyi üçün şifahi razılaşıb və İşçi Qrupunda iştirak edən müavini Qriqoryanın imzalamasını istəyir. Bununla həm tarixi məsuliyyəti bölüşmək, həm də daxildə fors-major situasiya yaranacağı təqdirdə, müavinini cəzalandırmaqla vəziyyətdən çıxa bilmək variantını özündə saxlayır. Bununla yanaşı, Brüssel görüşündə Qərbin dəstəyini qazanmaq, Bakı üzərində üstünlük əldə etmək gözləntisi var. İndi razılaşmamaları bununla bağlıdır. Fikrimcə, Ermənistan yenə etiraz edəcək - xüsusilə, Brüssel görüşünə qədər. Lakin görüşdən sonra buna məcbur olacağını düşünürəm. Həm Rusiyanın təzyiqi var, həm də Azərbaycan Prezidenti qrafik tələb etməklə şərtini konkret qoydu. Bunun əksinin olması güc variantının işə düşməsinə səbəb ola bilər. Ermənistan sərhəd məsələsində olduğu kimi, Zəngəzur dəhlizi məsələsində də məcburetmə əməliyyatı ilə üzləşə bilər. 
- Əliyev bildirdi ki, təxribatların qarşısı anındaca alınıb, alınır, alınacaq. Bu, revanşistlərə yeni xəbərdarlıq sayıla bilərmi?
- Ermənistanda hələ də revanşizm meyilləri var, hətta belə meyillər təkcə köhnə klanda, yaxud ordu daxilindəki qruplaşmalarda deyil, Paşinyan hakimiyyətində də zaman-zaman müşahidə edilir. Əliyev məhz belə meyillərin hansı nəticələrə gətirib çıxardığını xatırlatdı və xəbərdarlıq etdi. Bu xəbərdarlıq təkcə Ermənistan hakimiyyətinə yox, Ermənistan xalqına da ünvanlanmışdı. Prezident erməni əhalisinə mesaj verdi ki, baş verə biləcəklərə görə günahkarı daxildə axtarsınlar.
- Rusiyanın Soçi görüşündə əldə olunan razılıqların icrası ilə bağlı Ermənistana təzyiqi gözləniləndirmi?
- Soçi görüşü Rusiya üçün vasitəçiliyinə alternativ riskinin yaranmasına qarşı atdığı addım idi. Bu baxımdan, əldə olunan nəticələrin icra edilməsi ruslar üçün də əhəmiyyətlidir. Çünki Avropa İttifaqı Brüssel görüşünün keçirilməsinə razılıq əldə etməklə, bölgəyə dair planlarında zarafat etmədiyini göstərdi. Bu, Moskva üçün ciddi siqnaldır. Məhz buna görə Paşinyan bu və ya digər formada masaya gəlməyə məcbur oldu. Bu görüşün iki əsas gündəmi var idi. Birincisi, sərhəd məsələsində razılıq əldə olunması, ikincisi, kommunikasiya ilə bağlı. Kommunikasiyada şifahi razılaşma oldu, lakin Putin bunu İşçi Qrupunun iclasına saxlamağa ona görə razı oldu ki, ruslar 10 noyabr və 11 yanvar razılaşmaları ilə bu məsələdə əvvəldən nəticələr əldə edib. Sərhəd məsələsində razılaşma ilk dəfə idi. Bu məsələnin bəyanata daxil edilməsində rusların da öz marağı var və bununla Avropanın sərhədin müəyyənləşməsində iştirakını minimuma endirdilər. Lakin razılaşmanın kağız üzərində qalması Bakının da gündəmini dəyişə bilər. Avropa İttifaqının sərhəd məsələsində iştirak etməyə dəvət edən ilk ölkə Azərbaycan idi. Bakı indi Moskva ilə razılaşır, lakin razılaşmanın uzanması Avropanın məsələyə müdaxilə imkanını artıra bilər. Bununla yanaşı, kommunikasiyanın açılmasının gecikməsi Moskvanın bölgə ilə bağlı siyasətinə uyğun deyil. Bu baxımdan, Rusiya özünün əldə etdiyi razılaşmaların icrası üçün Ermənistana təzyiq etməyə məcburdur.
Tarix: 8-12-2021, 16:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}