Hər şey plan üzrə gedir, amma bu planın müəllifi Kreml deyil - İNCƏLƏMƏ...


Mayın 16-da Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan dövlət başçılarını təcili Moskvaya topladı və qurumun fövqəladə sammitini keçirdi. Əvvəlcədən açıqlama verilmişdi ki, sammitdə əsasən Ukraynadakı müharibə və bölgədəki təhdidlər müzakirə ediləcək.

Sammitdə KTMT ölkə başçıları müxtəlif açıqlamalar veriblər, vəziyyətlə bağlı fikirlərini səsləndiriblər. Diqqətlər isə daha çox Rusiya lideri Putinin açıqlamasına yönəlmişdi. Kreml sahibi KTMT-nin gələcəyi ilə bağlı danışarkən bildirib ki, bütün Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə KTMT-nin əlaqələrinin yaradılmasına çalışılmalıdır.

Putin MDB ölkələrinə KTMT-də ən azından müşahidəçi statusu verilməsini təklif edib: “Bizim Şanxay Əməkdaşlıq Təşkilatı və MDB üzrə tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti genişləndirməyimiz lazımdır. Yeri gəlmişkən, fikrimizcə, MDB-yə KTMT-də müşahidəçi statusunun verilməsi məqsədəuyğun olardı. Biz bu məsələni müzakirə etməliyik”.

Analitiklərin fikrincə, bu gün Rusiya dünyada təklənmiş vəziyyətdədir və öz orbitinin sıralarını Ukraynaya qarşı genişləndirmək üçün dəridən-qabıqdan çıxır. Elə bu səbəbdəndir ki, KTMT üzvlərinin artırılmasının riyazi hesablamalarını aparır və əldə etdiyi bərabərlik işarələrini Belarus tərəfinə ötürür.

Belarusun müdafiə naziri Viktor Xrenin açıqlamasında deyib ki, gələcəkdə KTMT-nin sıraları genişlənəcək. O, mövqeyini sülhə və sabitliyə töhfəverici ideya kimi interpretasiya etmək istəsə də, bu, pərdəarxası məqamlarda daha təhlükəli ssenarilərin masada olduğundan xəbər verir.

Təbii ki, Rusiya lideri KTMT-nin sıralarının genişlənməsi, MDB-yə müşahidəçi statusunun verilməsini dedikdə Azərbaycanın da bu qurumda təmsilçiliyini, ən azından müşahidəçi statusunda varlığını istəyir. Ekspertlər isə hesab edirlər ki, hazırda Rusiya elə durumdadır ki, nəinki başqa dövlətlər KTMT kimi mənasız quruma üzv olmaq istəsin, hətta üzv olan ölkələr də çıxmaq haqqında düşünür. Dia.az-ın məlumatına görə, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AYNA-ya şərhində deyib ki, faktiki olaraq Rusiya dünyadan çıxdaş vəziyyətdədir: "Putin məğlubiyyətə getdiyini görür. Rusiyanın çöküşünün qarşısını almaq, həm də "mənim də yanımda dayanan dövlətlər var" demək üçün ideyasının gerçəkləşməsinə çalışır. Amma bu, absurddur. Çünki KTMT-nin hazırda üzvü olan dövlətlər də oradan can qurtarmaq niyyətindədir. Sadəcə Kremlin hansı mənfur addımları ata biləcəyini həmin dövlətlər hesabladıqları üçün bir qədər susurlar. Hesab edirəm ki, KTMT-nin genişlənməsi yox, bir neçə ildən sonra dağılmasının şahidi olacağıq".

Azərbaycanın KTMT-yə cəlb edilməsi məsələsinə gəlincə, həmsöhbətimizin sözlərinə görə, bu, Rusiyanın çoxdankı planlarından biridir: “Rusiya hər zaman Azərbaycanın KTMT-də olmasında maraqlı olub. 44 günlük müharibədən əvvəl də, müharibədən sonra da bu məsələ gündəmə gəlib. Lakin Azərbaycan üçün orada təmsilçilik maraqlı deyil, milli maraqlarımıza isə heç uyğunluğu yoxdur”.

Ekspert Azərbaycanın BMT-dən sonra ikinci mötəbər bir təşkilatın - Qoşulmama Hərəkatının üzvü olduğunu xatırladıb: “Bu qurumda olan dövlətlər hər hansı hərbi, siyasi blokun üzvü ola bilməz. Deməli, bu hərəkatın üzvü kimi Azərbaycanın KTMT-yə qoşulması mümkünsüzdür. KTMT-yə üzvlüyün digər bir şərti də odur ki, qoşulmaq istəyən ölkənin təşkilata üzv olan hər bir dövlətlə diplomatik əlaqələri olmalıdır. Bizim Ermənistanla diplomatik əlaqəmiz yoxdur, sülh müqaviləsinin bağlanması isə yaxın zamanda mümkün görünmür”.

"Bir də ki, Azərbaycan heç zaman bu bloka qoşulmaq istəyi barədə fikir bəyan etməyib. Azərbaycan hər zaman əsas diqqətini Türk Dövlətləri Təşkilatının inkişafına, türkdilli dövlətlərin yaxınlaşmasına, bu prosesin daha sürətlə getməsinə yönəldir. Türk dövlətlərinin əsas gücü olan Türkiyə ilə ən yüksək səviyyədə əməkdaşlıq, tərəfdaşlıq mövcuddur, Şuşa Bəyannaməsi kimi sazişimiz var. Bu səbəbdən Rusiyanın və ya digərlərinin Azərbaycanı KTMT-yə qoşmaq cəhdləri mümkün görünmür", - deyə Hüseynli söyləyib.

Əlavə edib edib ki, ümumiyyətlə, KTMT hazırda Rusiyadan ibarətdir: “Oradakı dövlətlərə nəzər salsaq, görərik ki, candərdi qalıblar. Qazaxıstan, Qırğızıstan, elə Ermənistanın özü də imkanları olsa, sabah KTMT-ni tərk edərlər. Qaldı ki Belarusa, bu dövlət də Rusiyadan ibarət kimidir. Putinin təklifi anlaşılandır. Kreml rəhbəri istəyir ki, hərbi-siyasi quruluşu baxımından NATO-ya bənzər bir təşkilat formalaşdırsın. Ancaq hesab edirəm bunu formalaşdırmaq çox çətindir. İndiki vəziyyətdə isə qeyri-mümkündür".

Politoloq Şahin Cəfərli də KTMT-ni perspektivsiz təşkilat hesab edir: “Onun bügünkü vəziyyəti haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Lukaşenkonun bəyanatı durumu anlamaq üçün yetərlidir: "Birləşməsək, ayrı-ayrılıqda bizi əzib, parçalayacaqlar...". Təbii ki, Lukaşenkonun sözləri daha çox Belarus və Rusiyaya aiddir, çünki digər üzv ölkələr ən azından tərəfsizlik və gözləmə mövqeyi seçib. Onlar işğalçı müharibədə hər hansı şəkildə iştirak etmir, bu savaşa dəstək vermir və Ukraynanın ərazi bütövlüyünü tanıyırlar”.

“Hətta Belarus da indiyədək Krımı Rusiya ərazisi olaraq qəbul etməyib. Bunun özü onu göstərir ki, Rusiya nəinki qlobal miqyasda, hətta liderlik etdiyi lokal hərbi ittifaqın daxilində də dəstək almaqda çətinlik çəkir. Sammitdə qəbul olunan Birgə Bəyanatda Rusiyanın Ukraynaya qarşı aqressiyasına heç bir dəstək ifadə olunmadı. Bu, vəziyyəti təsəvvür etməyə imkan verir”, - deyə siyasi şərhçi vurğulayıb.

O, KTMT-nin əvvəl də cazibəsinin olmadığını qeyd edib: “Ukrayna savaşı və onun səbəb olduğu ilkin nəticələr - Rusiyanın total izolyasiya ilə üzləşməsi, ağır iqtisadi sanksiyalara məruz qalması, NATO-nun növbəti genişlənmə dalğası Rusiyanın hərbi-strateji gücünü aşındırmaqdadır. Bu yeni reallıq Moskvanın bayrağı altındakı inteqrativ institutlara marağı daha da azaldacaq. KTMT-nin genişlənməsi deyil, əksinə, KTMT və Avrasiya İttifaqı daxilində dezinteqrativ proseslərin başlaması ehtimalı yüksəkdir”.

Analitikin sözlərinə görə, Rusiyanın Azərbaycanı da KTMT və Avrasiya İqtisadi İttifaqına sürükləmək niyyəti sirr deyil: "Bəlkə də, Rusiya-Belarus-Ukrayna İttifaq Dövlətini yaratdıqdan sonra bizi və digər keçmiş sovet ölkələrini də ora cəlb edib, faktiki olaraq, SSRİ-ni bərpa edəcəkdilər. Azərbaycanın Ukraynaya hücumdan saatlar öncə Rusiya ilə müttəfiqlik sənədi imzalaması da həmin günlərin siyasi-psixoloji atmosferindən, Putinin Kiyevi qısa müddətdə ram edəcəyinə olan inamdan qaynaqlanan özünüqoruma instinktinin nəticəsi idi. Lakin Ukraynanın əzmkar müqaviməti və Rusiyanın imperialist siyasətinin başlıca aləti olan sərt gücünü ciddi şəkildə budayıb, mifi dağıtması postsovet coğrafiyası və bütün Avropada yeni geosiyasi situasiya yaradıb. Hələ müharibə davam edir və hərb meydanındakı nəticə bəlli deyil. Amma artıq məlumdur ki, Rusiya qarşısına qoyduğu siyasi məqsədlərə çatmayacaq".

"Müharibənin əvvəlində Ukraynanın kapitulyasiyaya gedib-getməyəcəyi danışılırdısa, bu gün Rusiyanın ABŞ-dakı səfiri Antonov Moskvanın heç vaxt kapitulyasiya etməyəcəyini vurğulamaq ehtiyacı hiss edir, Makron "Putinin sifətini qorumağın" vacibliyindən dəm vurur. Üç ay əvvəl NATO-nun genişlənməsini “savaş səbəbi" sayan, NATO-dan 1997-ci il sərhədlərinə geri qayıtmağı ultimativ şəkildə tələb edən Putin bu gün Finlandiya və İsveçin transatlantik ittifaqa qoşulmasını təhdid hesab etmədiklərini bildirir. Halbuki Finlandiyanın üzvlüyü Rusiya-NATO quru sərhədini 2 dəfə uzadır, İsveçin üzvlüyü isə Rusiyanın əsrlər boyu uğrunda müharibələr apardığı Baltik dənizini "NATO gölü" halına gətirir. Mümkündür ki, hər şey plan üzrə gedir, amma belə görünür ki, hər nə plandırsa, onun müəllifi Putin deyil", - deyə Cəfərli fikrini tamamlayıb.
Tarix: 19-05-2022, 11:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}