“Britaniya ordusunu Rusiya ilə qarşıdurmaya hazır səviyyəyə gətirməyə çalışır”


Xəbər verdiyimiz kimi, Britaniya Ordusunun yeni Baş qərargah rəisi general Ser Patrik Sanders məktubla tabeliyindəki bütün hərbçilərə müraciət edib və onlara Rusiya ilə döyüş meydanında qarşılaşmağa hazır olmalarını söyləyib. Bu isə yaxın gələcəkdə iki ölkə ordusunun qarşı-qarşıya gəlib-gəlməyəcəyi ilə bağlı müzakirələrin yaranmasına səbəb olub.
Politoloq Şahin Cəfərli məsələ ilə bağlı Yeniavaz.com-a danışıb və bildirib ki, bu, Qərbin və NATO-nun Rusiyaya qarşı müəyyənləşdirdiyi yeni siyasi xəttin tərkib hissəsidir:
“Qısamüddətli perspektivdə Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma olacağını düşünmürəm. Amma bütün dövlətlər yeni reallıqlara uyğun siyasət formalaşdırırlar. NATO-nun yeni, iyunun 29-30-da Madriddə keçiriləcək olan sammitində, alyansın yeni strateji konsepsiyası müəyyən olunacaq. Amma hal-hzırda NATO-nun qüvvədə olan konsepsiyasına görə, Rusiya tərəfdaş ölkə kimi qəbul olunur. Hansı ki, həmin konsepsiya 2010-cu ildə qəbul olunub. Amma yeni konsepsiyada Rusiya NATO-ya bir ciddi təhdid mənbəyi kimi qeyd olunacaq. Bu rəsmiləşdiriləcək. NATO həm qurum olaraq, həm də alyansın aparıcı dövlətləri öz təhlükəsizlik və müdafiə siyasətlərini bu yeni konsepsiyaya uyğun qurmağa başlayacaqlar. Artıq bu proses NATO-nun yeni qəbul olunacaq qərarından əvvəl başlayıb.

Soyuq müharibənin bitməsindən, SSRİ-nin dağılmasından sonra Qərb sanki arxayınlaşmışdı. Qərbə olan real təhlükə, yəni sovet dövləti ortadan qalxdıqdan sonra silahlanma, ordu quruculuğu sahəsinə soyuq müharibə dövründə olduğu qədər diqqət göstərmirdi. Daha çox yeni, aktual məsələlər gündəmə gəlmişdi.
Amma indi yenə Moskva təhlükəsi real şəkildə ortaya çıxıb və qərb dövlətləri yenidən hərbi sahəyə ciddi şəkildə maliyyə ayırmağa başlayıblar. Hətta Almaniya da Ukrayna müharibəsi başladıqdan sonra 100 milyard avroluq yeni bir hərbi fond yaratdı, yəni öz ordusunu gücləndirmək qərarı verdi. Eləcə də Fransa Prezidenti Makron ötən günlərdə verdiyi bəyanatda həm Fransa dövlətinin, həm də Avropa birliyinin hərbi quruculuq sahəsinə ciddi diqqət və maddi vəsaitlər yönəltməli olduğunu bildirdi. Yəni hər kəs yeni dövrə uyğunlaşır. Bu o demək deyil ki, sabah Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma olacaq, amma bu dövlətlər öz hərbi qüdrətlərini artırmağa çalışırlar.
Konkret Britaniyaya gəldikdə isə, bilirsiniz ki, Britaniyanın həm də Avropa Birliyindən çıxdıqdan sonra yeni bir xarici siyasət vizyonu, xarici siyasət ambisiyaları ortaya qoymağa çalışır. Yəni artıq Brüsseldən müstəqil oyunçu kimi hərəkət etməyə başlayıb. Beynəlxalq miqyasda hansısa bir gücə sahib olmaq və öz maraqlarınızı daha uğurla həyta keçirə bilməyiniz üçün sizin hərbi gücünüzün də kifayət qədər olmasına ehtiyac var. Yəni təkcə iqtisadi güc, maddi güc yetərli deyil. Hərbi komponent də çox önəmlidir. İndi Britaniya öz hərbi gücünü artırmağa çalışır, yaxın perspektivdə bu cür bir plan ortaya qoyub. Yəni bu baxımdan Britaniya öz ordusunu Rusiya kimi nəhəng bir dövlətlə qarşıdurmaya hazır olacaq səviyyəyə gətirməyə çalışır. Bəyanata bu nöqteyi nəzərdən yanaşmaq lazımdır”.
Tarix: 22-06-2022, 18:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}