Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”


 
İyunun 26-28-də Almaniyada “Böyük yeddilik” (G7) ölkələrinin, ayın 29-30-da isə İspaniyada NATO-nun sammiti olacaq.
G7-nin sammiti Almaniyanın cənubunda yerləşən Bavariya federal əyalətindəki Elmau qəsrində, NATO-nun sammiti isə İspaniyanın paytaxtı Madriddə keçiriləcək.
Novator.az saytı “Reuters” agentliyinə istinadla bildirir ki, ABŞ prezidenti Cozef Bayden bu tədbirlərə qatılmaq üçün iyunun 25-i səfərə çıxacaq. O, Almaniyaya, sonra İspaniyaya yollanacaq.
“Reuters”in ABŞ-ın yüksək rütbəli rəsmilərindən əldə etdiyi məlumata əsasən, həm G7-nin, həm də NATO-nun tədbirində liderlər Ukrayna müharibəsinə görə Rusiyaya təzyiqi artırmaq qərarını bəyan edəcək, eyni zamanda Çinlə bağlı narahatlıqların davam etdiyini, Çini nəzarət altında saxlamağın zəruriliyini vurğulayacaqlar.
Madrid sammitində NATO-nun Şərqi Avropa qüvvələrini genişləndirmək planı müzakirə olunacaq. Bu sammitdə ABŞ-ın Avropanın təhlükəsizliyini gücləndirmək istiqamətində atacağı addımları elan edəcəyi də gözlənir.
ABŞ rəsmilərinin sözlərinə görə, NATO sammitinə ilk dəfə Avstraliya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya liderlərinin dəvət olunmasında məqsəd Ukrayna müharibəsinin Qərbin diqqətini Çindən yayındırmadığını göstərməkdir.
“Reuters”ə danışan rəsmilərdən biri deyib ki, Elmau qəsrində keçiriləcək sammitdə də G7 liderləri son illər insanları daha kütləvi şəkildə məcburi əməyə cəlb edən Çinin yararlandığı aqressiv metodları nəzərdən keçirəcəklər.
Digər bir ABŞ rəsmisi “Reuters”ə bildirib ki, Rusiya-Ukrayna müharibəsi dünyada tərəfdaşlığı gücləndirib: “G7 və NATO sammitlərinin gündəliyi bunu təsdiqləyir. Həm də göstərir ki, Ukrayna bizim diqqətimizi nəinki Çindən yayındırmır, əksinə, bizə fikrimizi Pekin üzərində cəmləməyə əsas verir”.
Məmur onu da vurğulayıb ki, NATO liderlərinin 29-30 iyunda Madriddə qəbul edəcəyi yeni strateji konsepsiya Rusiyadan və ilk dəfə olaraq həm də Çindən gələn təhdidlərə yönələcək.
Bu il G7-yə sədrlik edən Almaniya Argentina, Hindistan, İndoneziya, Seneqal və Cənubi Afrika Respublikasını da sammitin ayrı-ayrı iclaslarında iştiraka dəvət edib.
Toplantıda G7 liderlərinin aşağı və orta gəlirli ölkələrə yüksək səviyyəli və şəffaf investisiya alternativləri təklif etmək məqsədi daşıyan yeni infrastruktur təşəbbüsləri ilə çıxış edəcəyi bildirilir.
Məmurlardan biri “Reuters”ə açıqlamasında G7 sammitində Rusiyaya təzyiqi artırmaq və Ukraynaya kollektiv dəstək nümayiş etdirmək üçün konkret təkliflər paketi irəli sürüləcəyini söyləyib. Məsələ burasındadır ki, Rusiyanın Ukraynadakı müharibəsi enerji və ərzaq qiymətlərinin sürətlə qalxmasına təsir göstərir, xüsusilə aşağı və orta gəlirli ölkələrə ciddi problemlər yaradır.
ABŞ rəsmiləri “Reuters”ə bildiriblər ki, Ukrayna prezidenti Vladimir Zelenski hər iki sammitdə virtual formatda çıxış edəcək. O, Rusiya ilə mübarizə planını və bu mübarizəni davam etdirmək üçün ölkəsinin ehtiyac duyduğu təhlükəsizlik yardımını açıqlayacaq.
ABŞ rəsmilərin sözlərinə görə, səfər çərçivəsində Cozef Baydenin Almaniya kansleri Olaf Şoltsla, İspaniyanın prezidenti Pedro Sançeslə və İspaniya kralı VI Filiplə ikitərəfli görüşləri də olacaq.
“Reuters”in şərhində qeyd edilir ki, Cozef Baydenin Finlandiya və İsveçin NATO-ya üzv olmaq planlarına qarşı çıxan Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanla ikitərəfli görüşünün keçirilib-keçirilməyəcəyi haqda rəsmi bilgi yoxdur. Ancaq ABŞ rəsmilərindən biri agentliyə deyib ki, o, ABŞ-ın Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsi ilə bağlı narahatlığını nəzərə alacağına və Vaşinqtonla Ankara arasında konsensus əldə olunacağına əmindir.
Tarix: 24-06-2022, 14:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}