Tiflis yenə çalxalanır: Qərbin Gürcüstanla bağlı “gizli planı” üzə çıxdı


Tiflis yenə çalxalanır: Qərbin Gürcüstanla bağlı “gizli planı” üzə çıxdı



Gürcüstanda keçirilən etiraz aksiyalarında hökumətə bir həftə vaxt verilib.
Parlament binasının qarşısında keçirilən mitinqdə hakimiyyətdən Avropa İttifaqının Gürcüstana namizəd statusunun verilməsi üçün irəli sürdüyü şərtləri yerinə yetirməsi tələb olunur. 
İşğal əleyhinə “Utanc” vətəndaş hərəkatının təşkil etdiyi mitinqdə müxalif partiyaların nümayəndələri, eləcə də ictimai xadimlər iştirak ediblər. Aksiya iştirakçıları həmçinin, Baş nazir İrakli Qaribaşvilinin istefasını tələb edir. Baş nazir isə istefa verməyəcəyini bildirib. Ona görə də bir həftədən sonra Gürcüstanda etirazların yeni dalğası başlana bilər. 
Qeyd edək ki, mitinqdə Rusiya əleyhinə və Ukraynanı dəstəkləyən şüarlar da səsləndirilir. Müxalifət və aksiya iştirakçıları Gürcüstana Avropa Birliyinə üzvlük statusu verilməməsinə görə hakimiyyəti ittiham edir.
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirdi ki, Gürcüstana namizədlik statiusunun verilməməsi Avropa İttifaqının Bdzina İvanişvili hakimiyyəti ilə münasibətlərində "soyuqluğun" yaranması ilə bağlıdır. 

"Həmçinin, Gürcüstan Prezidenti Salome Zurabişvili ilə hökumət arasında narazılıq artır. Hətta hökumət prezidentin səfərlərini blok etməyə çalışıb. Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqı ilə Gürcüstan arasında ciddi fikir ayrılığı yaranıb.
Gürcüstan həmişə Qərbin Cənubi Qafqazda əsas tərəfdaşı olub. Hətta rəsmi Tiflis Avrointeqrasiya siyasətini həyata keçirib. Amma Ukrayna böhranında Gürcüstanın tutduğu mövqe Qərbi ciddi şəkildə narahat edir. Gürcüstan hökumətinin siyasəti Qərbdə narahatlıq yaradır. "Gürcü Arzusu" Partiyasının ölkə daxilində yürütdüyü siyasət də insan hüquqları, söz azadlığı, demokratiya sahəsində problemlər yaradır. Gürcüstan hakimiyyəti müxalifətə qarşı repressiv siyasət yürüdür. Bu da Avropa ittifaqı, Avropa Parlamenti də bunu görür və Gürcüstanda demokratiyanın geriləməsi ilə bağlı tənqidi qətnamələr qəbul edib.
Hakim "Gürcü Arzusu" Partiyasının siyasəti Gürcüstan daxilində ciddi siyasi böhrana gətirib çıxarıb. Avropa İttifaqına namizədliklə bağlı müxalifətin etirazları, prezidentin bu aksiyaları dəstəkləməsi, hökumətin isə ona qarşı çıxması siyasi böhrana səbəb  olub. Baş nazir Qaribaşvili istefa verməycəyini deyib. Amma Qərblə münasibətlərdə gərginliyin yaranması hökumətin istefasına səbəb ola bilər. Buna baxmayaraq, Gürcüstanda növbədənkənar seçkilərin keçirələcəyini də istisna edirəm. Müxalifətin aparıcı qüvvəsi olan Vahid Milli Hərəkat Partiyasının mövqeləri zəifdir. Ona görə də "Utanc" hərəkatı yeni siyasi proseslərə start verə bilər. 
Ölkədə siyasi böhranı dayandırmaq üçün Prezident Zurabişvilinin Baş naziri istefaya göndərməsi mümkündür. Lakin hökumətin tam tərkibdə istefaya gedəcəyi real görünmür. Ümumiyyətlə, Gürcüstan hökumətinin siyasi kursu qeyri-müəyyəndir və problemlidir. Ona görə də Avropa İttifaqı rəsmi Tiflislə münasibətlərində məsafə saxlamağa başlayıb. Gürcüstan hökuməti açıq şəkildə Rusiyayönümlü siyasət də yürüdə bilmir. Çünki bu ciddi narazılığa səbəb ola bilər. 
Gürcüstanın ortada qaldığı müşahidə olunur. Yəni İvanişvili hakimiyyətinin nə Avropa Birliyi ilə, nə də Rusiya ilə sıx əlaqələr qura bilməməsi Gürcüstanda etirazlara gətirib çıxarıb. Nəticədə, Gürcsüstan siyasi böhranla üzləşib. Bu böhrandan çıxmaq üçün Baş nazirin istefaya gedəcəyi istisna olunmur". 
Tarix: 25-06-2022, 23:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}