“Göyçə-Zəngəzur Respublikası” təxribatı kimə lazımdır? - İran kəşfiyyatının layihəsi, yoxsa...?




Son günlər ölkəmizdə suni şəkildə Göyçə-Zəngəzur Respublikası adlı avantüranın təbliğatının aparıldığının şahidi oluruq. Sanki belə bir rəy formalaşdırılır ki, Azərbaycan Zəngəzurda dəhliz açmaq yox, orada dövlət yaratmaq fikrindədir. Bu yolla dəhlizin açılması əleyhinə olanlara bir növ bəhanə üçün arqumenr verilir.
İlkin məlumatlara görə, özünü Göyçə-Zəngəzur Respublikasının başçsısı edlan edən Rizvan Talıbov Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsindən, Çəmbərək rayonunun Yanıqpəyə kəndindəndir. 2005-ci ildə sabiq nazir Əli İnsanovun həbsi ilə əlaqədar Qərbi Azərbaycana Qayıdış Birliyi adlı qondarma təşkilat yaratdığını elan edib, ilk işi Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsini “yaratması” və ona sədrlik etməsi olub.
Xuliqanlıqda ittiham olunan R.Talıbova məhkəmənin hökmü ilə 4 il həbs cəzası verilib və o, bu müddəti həbsdə keçirib. 2020-ci il mayın 9-da bir qrup şəxs qondarma “İrəvan-Türk Cümhuriyyəti” yaratdığını elan etdikdən təxminən bir il sonra - 2021-ci il martın 10-da R.Talıbov “Qərbi Azərbaycana Qayıdış” Birliyinin iclasını keçirib, “Göyçə-Zəngəzur Respublikası” yaratdığını və onun “prezidenti” olduğunu elan edib.

Rizvan TalıbovÖzünü qərbi azərbaycanlıların “prezidenti” sayan bu şəxsin faktiki olaraq Qərbi Azərbaycanla bağlı heç bir elmi biliyi, heç bir araşdırması yoxdur, Qərbi Azərbaycanın nə tarixini, nə də coğrafiyasını bilir.
Bəs bu halda qondarma respublika yaradan və özünü onun başçısı hesab edən Rizvan Talıbov kimlərin tapşırığı əsasında bu cür addımlar atır?
Siyasi ekspertlər, diplomatlar birmənalı olaraq bəyan edirlər ki, Zəngəzur dəhlizi məsələsinin aktuallıq kəsb etdiyi bir vaxtda “Göyçə-Zəngəzur Respublikası” yaradılmasının ictimai rəyə daşınması bu dəhlizin reallaşmasını istəməyən qüvvələrin - İran və Ermənistanın maraqlarına xidmət edir.
Məsələnin avantüra xarakteri daşıması Qərbi Azərbaycan İcmasının bəyanat verməsinə də səbəb olub. Bəyanatda deyilir: “Son zamanlar "Göyçə-Zəngəzur Respublikası" adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir. Bununla bağlı Qərbi Azərbaycan İcmasına çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq bildiririk ki, Qərbi Azərbaycan İcması “Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu tanımır, onunla heç bir əlaqəsi yoxdur və tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir. Bütün media nümayəndələrindən xahiş edirik ki, Qərbi Azərbaycanla bağlı hər hansı bir informasiyanın dəqiqliyinə əmin olmaq üçün Qərbi Azərbaycan İcmasına müraciət etsinlər".
Bəs Rizvan Talıbovun bu cür avantürist hərəkətlərinə münasibət necə olmalıdır? Ona heç fikir verməmək, yoxsa, prosesi ciddiyə alıb, bu avantüranı dayandırmaq lazımdır?

Bu barədə Qərbi Azərbaycan Azadlıq Təşkilatının İdarə Heyətinin sədri Əli Vəliyev “Yeni Müsavat”a bildirib ki, Azərbaycanla Ermənistan arasında “Zəngəzur dəhlizi”, Qarabağın taleyi məsələləri ətrafında çox ciddi proseslərin getdiyi bir zamanda qərbi azərbaycanlıların öz yurd-yuvalarına qaytarılması və onlara status verilməsi ideyasının ortaya çıxması suallar yaradır: “Rizvan Talıbovun ortaya atdığı avantüra məhz Azərbaycanın apardığı haqq işinə, gələcəkdə gözlənilən ciddi bir prosesə mane ola bilər. Odur ki, mən buradan açıq şəkildə bəyan edirəm ki, Rizvan Talıbov ya qəsdən şəxsi maraqlarına görə, ya da bilərəkdən və ya bilməyərəkdən PKK-nın, İrandakı hansısa dairələrin, onların uzantılarının toruna düşərək “Göyçə-Zəngəzur Respublikası” elan etməklə Azərbaycan dövlətinin strateji planlarına zərbə vurmaqdadır. Ona görə də bu adam barəsində dövlətimizin aidiyyəti hüquq mühafizə orqanları çox ciddi hüquqi tədbir görməlidir”.
Ə.Vəliyevin sözlərinə görə, Zəngəzur məsələsində elə etməliyik ki, ermənilərin və onlara dəstək verən beynəlxalq dairələrin əlinə bəhanə verməyək: “Bu həssas məsələdə Azərbaycan dövlətinin mövqeyini nəzərə almayan hər hansı özfəaliyyəti zərərli hesab edirəm. Rizvan Talıbov adlı şəxsin Qərbi Azərbaycandan olan insanlar arasında heç bir nüfuzu yoxdur. Qərbi Azərbaycanlıların adından öz maraqları üçün istifadə etməyə çalışanlar bilməlidirlər ki, qərbi azərbaycanlılar hər zaman dövlətin, dövlətçiliyin, cənab Prezidentin yanında olub və olacaqlar”.

“Rizvan Talıbovun Türkiyənin Batman şəhərinə gedib orada PKK-ya bağlı olduğu deyilən bəzi şəxslərlə görüşməsi, onlardan özünə dəstək əldə etməsi, hətta özünə məhz o cür şübhəli şəxsləri köməkçi təyin etməsi bunun əlamətlərindəndir. Rizvan Talıbovun qurduğu həmin əlaqələr, onunla qurulan bu tipli əlaqələr də müvafiq orqanlar tərəfindən ciddi araşdırılmalıdır. Axı niyə “Göyçə-Zəngəzur dövləti” adı ilə təsis edilən bir quruma bu bölgə ilə əlaqəsi olmayan müəmmalı insanlar “rəhbər” seçilməlidir? Mehmet Ali Arslanın Zəngəzura və ya Göyçəyə hansı aidiyyəti var? Düşünürəm ki, bütün bu müəmmalı oyunlar həm də Azərbaycanla Türkiyə arasındakı yaxın əlaqələrə, strateji müttəfiqliyə zərbə endirmək üçün planlaşdırılıb”,-deyə o, bildirib.
Hərbi ekspert Alp Arslan İmamqulu isə sosial şəbəkədə məsələyə belə münasibət bildirib:“Göyçə-Zəngəzur Respublikası” elanı Azərbaycana və onun tarixinə qarşı xarici düşmən qüvvələrin növbəti təxribatıdır. Bunu edənlər tariximizi kəsinliklə bilmirlər və etdikləri baş verən son proseslər zəminində dövlətimizə qarşı atılmış düşünülmüş murdar addımdır. Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin hüquqi varisidir və bu, mütləq qərb sərhədlərimizin delimitasiyası zamanı nəzərə alınacaq. Əgər yeni bir dövlət qurulucaqsa bu Azərbaycanın varis olaraq haqqı olan ərazilərdə qurulmalı deyil. Bəhs olunan ərazilər Azərbaycanın itirilmiş və bərpa olunması gərəkən torpaqlarıdır”.
“AzPolitika.info”
Tarix: 22-09-2022, 17:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}