Qarabağda baş verənlər Moskvanın Azərbaycanın daxili işlərinə qarışması deyilmi?

Qarabağda baş verənlər Moskvanın Azərbaycanın daxili işlərinə qarışması deyilmi?
İrəvanda və Xankəndidə baş verən son siyasi oyunlar təsdiq edir ki, 44 günlük Vətən savaşında ermənilərin məğlub olmaları onları məkrli niyyətlərindən əl çəkib düz yola gətirə bilmədi. Əksinə, Ermənistanla Xankəndi arasında Azərbaycanın inşa etdiyi yeni yol, Rusiya “sülhməramlı”larının qara çətiri altında hayların əl-qolunu daha da geniş açmış oldu. 
Şübhəsiz ki, siyasət arenalarında “Kardaşyanlıq” yolunu tutan ermənilər indiyədək nə beynəlxalq hüquqa, nə də imza atdıqları sənədlərə məhəl qoyublar. Hər halda BMT-nin 4 məşhur qətnaməsi hər kəsin yadındadır. Haylar bu çirkin yoldan dönmədiklərini doqquz bəndlik üçtərəfli məlum bəyanatı və ya təslimat aktını icra etməməklə, indi də təsdiqləyirlər. Bu üzdən də yolunu azmış erməniləri tezliklə sülhə gətirmək mümkün olmayacaq.
 
Doğrudur, diplomatik görüşlərdə Ermənistanın Azərbaycanla dekabrın sonunadək sülh sazişi bağlayacağı barədə söhbət getsə də, bu, heç də inandırıcı görünmür. Əslində burada hayların əsas məqsədi silahlanmaq üçün vaxt qazanmaqdır. Əgər belə olmasaydı İrəvan Hindistan və İrandan silah tədarükü görərdimi? Bundan başqa, Ermənistan necə sülh bağlamaq istəyir ki, demək olar hər gün iki ölkə arasındakı şərti sərhədlərdən, həmçinin Rusiya “sülhməramlılarının” müvəqqəti yerləşdirildiyi mövqelərdən Azərbaycan əsgərlərinə atəş açırlar? Məgər bu, hayların bölgədə “mən də varam” deyib gərginliyi davam etdirməsi demək deyilmi? İndi kim zəmanət verə bilər ki, dekabrın sonunda imzalanmasına ümid bəslənən sülh sazişinin əvəzinə, ermənilər Azərbaycana silahlı hücum etməyəcək? 
 
Odur ki, istər rəsmi İrəvanın, istər Qarabağdakı Rusiya “sülhməramlıları”nın, istərsə də Xankəndidəki separatçıbaşların davranışları bu yolun son ucunun qan olacağını qaçılmaz edir. Bu üzdən Azərbaycan erməni separatçılarının “qələmini qırmaq” üçün, ilk növbədə Ermənistanı Xankəndi ilə birləşdirən Laçın yolunu mütləq bağlamalıdır.
 
Şübhəsiz ki, belə olan halda Rusiya o dəqiqə üçtərəfli məlum bəyanatı əlində bayraq edib Azərbaycanı günahlandırmağa, hətta 2008-ci ildə Gürcüstanda işlətdiyi varianta da əl atmağa cəhd edə bilər. Ancaq Moskva unutmamalıdır ki, üçtərəfli bəyanatın pozulması ilə bağlı rəsmi Bakının əlində onun qarşısına qoymağa yetərincə arqumenti vardır. 
 
Baxın, Rusiya “sülhməramlılar”ı Laçın yolu ilə bağlı razılaşmalara zidd olaraq, Qarabağda separatçı rejimə “humanitar yardım” adı altında silah daşınmasına niyə şərait yaradır? Moskvanın rusiyalı milyarder Ruben Vardanyanı Xankəndinə göndərib onun “dövlət naziri” olmağına xeyir-dua verməkdə məqsədi nədir? Rusiya “sülhməramlı” kimi üçtərəfli bəyanatın 4-cü bəndini - erməni qoşunların qalıqlarının çıxarılması öhdəliyini son iki ildə niyə icra etmir? Xankəndidəki separatçı-terrorçuların davamlı təxribatların qarşısını almaqda Azərbaycana şərait yaratdımı? “Sülhməramlıların” separatçı-terrorçuların Xankəndi ətrafında səngərlər qazmasına, hərbi postlar qurmasına göz yumması, hansı məqsədlərə çatmağa hesablanıb? 
 
Əlbəttə, Rusiya “sülhməramlıları” bütün bu sadaladıqlarımıza nəinki münbit şərait yaradır, eyni zamanda, hətta bir çox hallarda təşkilatçılıq edir. “Epress.am” erməni saytının yazdığına inansaq, elə oktyabrın 30-da Xankəndində keçirilən 45 minlik mitinqin təşkilatı işlərini məhz Qarabağdakı “sülhməramlıların” komandiri, general-mayor Andrey Volkov etmişdi, maliyyə xərcini isə Ruben Vardanyan qarşılamışdı.
 
İndi diqqət edin, Rusiya ilə Azərbaycan arasında bu il fevralın 22-də Moskvada imzalanmış 43 maddəlik müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin 1-ci bəndində “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”, yazılıbsa, onda Qarabağda baş verənlər Moskvanın Azərbaycanın daxili işlərinə qarışması deyil, bəs nədir?
 
Bütün qeyd etdiklərimiz əsas verir ki, Azərbaycan Laçın yolunu tezliklə bağlamalı və orada müvafiq qaydalara uyğun olaraq, dövlət sərhəd keçid məntəqəsi, eləcə də gömrük postu qurmalıdır. Hər kəs yaxşı bilir ki, “Əvvəlcə evin içi, sonra çölü” deyimi Azərbaycanda çoxdan işlədilən atalar sözlərindəndir. Bu mənada separatçı-terrorçu ermənilər Azərbaycan ərazilərindən son nəfərinədək qovulub çıxarılmayınca, Xankəndidə Azərbaycan bayrağı dalğalanmayınca ermənilərlə hansısa sülhdən danışmağa dəyməz. Belə də Ermənistan Azərbaycanla sülh sazişi bağlamış olsa, guya ona məhəl qoyacaq ki?..
 
Mübariz Azərbaycanlı, müstəqil jurnalist
Tarix: 26-11-2022, 23:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}