Fövqəladə Zirvədə fövqəldövlətlərə qətiyyətli ismarıclar: Turan masasında Turan qapısının anonsu və...


Martın 16-da Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) növbədənkənar Zirvə toplantısı dost-düşmənə növbəti müsajlarla tarixə yazıldı. Türk dövlətləri növbəti  dəfə Turan masası ətrafına toplaşdılar, önəmli məsələlərdən bəhs etdilər, vacib anlaşmalar əldə etdilər. Qürurverici həm də bu idi ki, Türk Dövlətləri Təşkilatının fövqəladə toplantısının keçirilməsi təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevə məxsus idi. Bu, Türkiyə-Azərbaycan qardaşlığının növbəti təcəssümüydü, Fövqəladə Zirvədə qardaş ölkədəki 6 fevral fəlakəti əsas müzakirə mövzusu oldu- fövqəladə halların idarə edilməsi və humanitar yardımdan bəhs edildi.
Azərbaycan dövlətinin bu təşəbbüsü qardaşlıq ənənələrinə əsaslanır heç şübhəsiz. Son əsrdə qarşılıqlı yardımlaşmanın onlarla nümunəsi var və fəxrlə danışırıq bu, təmannasız yardımlaşmadan. Çanaqqala savaşında canından keçən 253 min məhmətçiklə çiyin-çiyinə döyüşən azərbaycanlı qəhrəmanların 3 mindən çoxu canından keçdi ötən əsrin əvvəllərində. Məhz bu qardaşlıq körpüsünün varlığı səbəbindən 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə məhmətcik bu dəfə Azərbaycanı xilas üçün gəldi. Bu günədək Türk şəhidlərinin uyuduğu məkanlar qutsal ünvanlar olaraq ziyarətgahlarımız sırasındadır və əbədi belə olacaq. Prezident İlham Əliyevin Fövqəladə Zirvə təşəbbüsünün məhz Türkün milli kimliyində önəmli yer alan Çanaqqala Zəfərinin 108-ci ildönümü ərəfəsində (18 mart, 1915) keçirilməsi də məncə, təsadüfi deyildi.

Bu, həm də tarixən Türkü parçalamağa, yenməyə çalışan, Türkün başına gələn faciədən də bəhrələnmək üçün marıta yatan fövqəlgüclərə “BİZ YENƏ DƏ BİR YERDƏYİK, ÖZÜ DƏ TƏKCƏ TÜRKİYƏ-AZƏRBAYCAN OLARAQ YOX, BÜTÜN TÜRK DÖVLƏTLƏRİ OLARAQ”-cavabı idi. Təbii ki, dünyanın 5-dən böyük olması ismarıcı idi həm də... Azərbaycan və Türkiyə prezidentlərinin müstəqil siyasəti bir çox paytaxtları rahatsız edir illərdir, ölkələrimizin daxili işlərinə burun soxmaq istəyənləri dərhal cavablarını alırlar, odur ki, daha da böyüməkdə, daha da güclənməkdə fayda var. Bu mənada Ankaradakı Türk kimliyinin növbəti dəfə nümayişi Zirvəsi müstəsna əhəmiyyət kəsb edirdi.
Fövqəladə Zirvənin çağırılması təşəbbüsü həm də 15 iyun 2021-ci il tarixində Şuşa şəhərində Prezident İlham Əliyev və Cumhurbaşqanı Rəcəb Tayyuib Ərdoğan arasında imzalanmış Müttəfizlik Bəyannaməsinin ruhuna tam uyğun idi. Tarixən Türkün ənənəsində tonqalların çatılması halı olub, el-obalarımızın çətinə düşməsi misalında. Ankaradakı Fövqəladə Zirvə də qardaş Türkiyənin fəlakətli durumdan çıxması naminə çatılmış tonqalı andırırdı-QARDAŞLIQ YARDIMI idi.
Türkiyə və Azərbaycan prezidentlərinin görüş səhnələri belə, qürurvericiydi, səmimiyyətin, qardaşlığın bariz nümunəsiydi. Digər Türk dövlətlərinin başçıları da etiraf edir ki, Turanın qurulmasında iki liderin, iki qardaş ölkənin rolu və missiyası əvəzolunmazdır, həm də örnəkdir.

Bundan əvvəl Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü ötən ilin 11 noyabrında Səmərqənddə keçirilmişdi, Türk ellərinin liderləri bir araya gəlmişdilər, perspektivlərdən söz açmışdılar, önəmli müzakirələr aparmışdılar. Amma Ankara Zirvəsi bir başqaydı.
Türk Dövlətləri bir daha dünyaya nümayiş etdirdilər ki, ən ekstremal durumda, böyük fəlakətlə üzləşdiyi zamanda belə, Türk nəinki özünü, milli kimliyini, həm də öz məğrurluğunu itirmir, mərdi-mərdanə sinə gəlir bütün ağrılara, acılara, fəlakətlərə, sınaqlara! Azərbaycanın Türkiyədəki dağıdıcı əsrin fəlakətinə reaksiyası dostları, qardaşları məmnun etdi, düşmənlərimizin də gözləri heyrətdən böyüdü. Bu, bir unikal qardaşlıq nümunəsidir, hətta eyni ata-ananın övladı olan qardaşlarsayağı sevgi var münasibətlərdə. Sevincimizdə də eynilə ortaq olmuşuq, kədərimizdə də. 6 fevral zəlzələsindən sonrakı dönəmdə Azərbaycandan Türkiyəyə başlayan axın 21-ci əsrdə daha bir möhtəşəm nümunəni yaratdı. Özü köməyə, dəstəyə ehtiyac duyan azərbaycanlı heç nə düşünmədən qardaş ölkəyə yardım əlini uzatmaq üçün tələsdi. Dövlət və millət olaraq ayaqda olduq, qardaş ölkədən təklif, dəvət gözləmədən. Bunu vəfa borcu saydıq, qardaşlıq missiyası hesab etdik. Qandaşların mövqeyi, baş verənlərə münasibəti təbii ki, məhz belə olmalıydı.  
Zəlzələnin baş verdiyi ilk gündən etibarən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ən zəruri ehtiyacların ödənməsi istiqamətində operativ işlər görüldü. Dünya ölkələri hələ Türkiyəyə necə yardım edəcəklərini düşündükləri zaman artıq Azərbaycanın yardım karvanları və xilasediciləri yolda idi...  Təsadüfi deyil ki, Prezident Əliyev Zirvədəki çıxışına “qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları bizi olduqca kədərləndirib”-deməklə başladı. Dağıdıcı zəlzələnin on minlərlə insanın həyatına son qoymasını acı kədərlə ifadə etdi. Azərbaycan hökuməti və xalqının zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olduğunu söyləyən dövlət başçımız Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülərin zəlzələ bölgəsinə göndərildiyini xatırlatdı. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycanın dünya ölkələri arasında birinci olması faktının özü bizim bir-birimizə nə qədər bağlı olmağımızın bariz nümunəsidir. Əhalisi əksər ölkələrdən qat-qat az olan Azərbaycan qardaşının köməyinə ən böyük heyətlə qatıldı. Özü də Türkiyə rəsmilərinin də söylədiyi kimi, Azərbaycan xilasediciləri ən birinci Türkiyəyə köməyə gəldi, ən sonuncu geri döndü. Dünyada tək nümunədir bunlar...

Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. 53 həyatı xilas etmək sıaradan məsələ deyil təbii ki...Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib.  Acı xəbərlər olsa da, həm də bir çox insanlar üçün təskinlikdir itkin düşənlərdən alınan xəbərlər...Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib ki, bu da çox-çox insanın yarasına məlhəm olmaqdır.
Dövlət başçımız bir daha bəyan edib ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olub və bundan sonra da belə olacaq. Bu, həm də Azərbaycan və Türkiyəni açıq-gizli formada təhdid edənlərə, Türkiyəmizi parçalamaq üçün fürsət gəzənlərə, Azərbaycanın suveren haqlarına müdaxilə edənlərə, elə bir neçə gün əvvəl döyüş təyyarələri ilə hava sərhədlərimizi pozmağa cəhd göstərən “müsəlman qonşu”ya ünvanlanmışdı. Yəni yerlərini bilsinlər, kimsə bu, iki qardaş ölkəyə sataşmağa cəhd göstərməsin, burnu ovular.  
Fevralın 6-dan bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülüb. Eyni zamanda qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılıb. Humanitar yardım davam edir. Türkiyənin dağılan şəhər və kəndləri Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə yenidən, daha möhkəm təməllər üzərində qurulana qədər işbirliyi davam edəcək şübhəsiz. Türkiyəmizin zəlzələdən zərər çəkmiş bölgələri yenidən güllü gülüstana çevriləcək, turizm sahəsində dünyanın əksər ölkələrini heyrətə gətirən qardaş ölkə yenə də həmin bölgələrdə cənnət yaradacaq, buna əminik! Türkiyə şirkətləri və iş adamları, mütəxəssisləri azad Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında iştirak etdiyi kimi, azərbaycanlı mütəxəssislərin də qardaş ölkədəki işlərdə çalışacağı gözləniləndir. Prezident İlham Əliyev söylədi ki, Qarabağdakı yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur.
Qardaş Türkiyənin Azərbaycana münasibəti artıq digər türk dövlətlərini də hərəkətə gətirib. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikilir,Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunur! Dövlət başçımız Ankara Zirvəsində bu, qardaşlıq jestini xüsusi vurğuladı. Bu, Qarabağa iddia edənlərə növbəti cavabımızdır – Türk Dövlətləri Təşkilatı olaraq! Amma dövlət başçımız onu da bəyan etdi ki, Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır və daha böyük coğrafiyanı əhatə edir. Sitat: “Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır”. Anlayan üçün kifayət qədər ciddi mesajdır, biriləri yerlərini bilsinlər, “gəmidə oturub, gəmiçi ilə (oxu: Türklə) dava” eləməyə səy göstərməsinlər!

Prezident İlham Əliyev 44 günlük müharibə dövründə bütün Türkiyə xalqının Azərbaycanın yanında olmasını da qürurla söylədi. Sitat: “CümhurbaşqanıRəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir”. Bu, tariximizin şərəf səlnaməsində yer alan faktdır və Türk var olduqca qürurla xatırlanacaq, Çanaqqaladakı birliyimiz kimi, Azərbaycanın xilas əməliyyatı, Nəriman Nərimanovun Qazi Mustafa Kamal Atatürkün “ bizə yardım et” məktubuna cavabında “Paşam, bizdə qardaş qardaşa borc verməz” cavabı, böyük Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”-deyimi kimi...2020-ci ildə düşmən Tovuza hücum edəndə “bu, Ermənistanın boyunu aşan təcavüzdür” deyib də, Azərbaycanın yanında olduğunu qətiyyətlə bəyan edən Türkiyə lideri F-16-ları Gəncəyə yollamaqla çoxlarının gözünün odunu aldı. Azərbaycanı təkləyə bilməyənlər indi düşünürlər ki, qarşıdakı seçkilərdə yeni hakimiyyət gələcək və Bakı ilə Ankara arasındakı körpülərə xələ gətirə biləcəklər, bu dəfə də ağızları yanacaq, arzuları gözlərində qalacaq!
Dövlətimizin başçısı əbəs yerə 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmasını xatırlatmadı, “bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır”- demədi. Söhbət dövlətlərarası əlaqələrdən gedir! Həm də Türkiyəni çox-çox irəli aparan cənab Ərdoğan zəlzələ fəlakəti nəticəsində dağılmış şəhərləri bu durumda qoyub getməyəcək, yenidən tikərək, bu bölgədəki Türkiyə insanına gözəl həyat qazandıraraq, həm də növbəti dönəmlərdə gedəcək, buna inanırıq!
Prezident Əliyevin Zirvədə Rəcəb Tayyib Ərdoğan şəxsiyyəti barədə dedikləri sıradan fikirlər deyil, həqiqətdir. Sitat: “Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir...Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir. 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsindəböyük xidmətlərini bir daha sübut edir”. Bu da olduqca vacib mesajdır, qardaş ölkədəki seçimlər ərəfəsində...Bəli, Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir. Bütün bu yol sayın Ərdoğanla qət edilib. Azərbaycan və Türkiyə liderlərinin birliyi, birgəliyinin hələ illər uzunu davam etməsi təkcə iki qardaş ölkə üçün deyil, həm də Türk dünyası, dünyadakı Türk kimliyi üçün olduqca vacib şərtdir...Bu reallığı hətta Türk masasında təmsil olunan Macarıstanın Baş naziri Viktor Orban da vaxtaşırı səmimiyyətlə ifadə edir.
Ankara Zirvəsində növbəti dəfə Zəngəzur mesajı verildi dövlətimizin başçısı tərəfindən: “Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur”. 
Bu, həm də o deməkdir ki, Turanın Zəngəzur adlı qapısı açılmalıdır və açılacaq! Əks halda, Turan əsgərinin təpiyini görəcək yol kəsənlər, üzümüzə qapı bağlayanlar!
Elşad PAŞASOY
Tarix: 18-03-2023, 21:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}