Putinin son "nəfəsliyi" həbs orderi ilə qapadıldı: Rusiyada hərbi çevriliş təhlükəsi yaranır


 

Rusiya siyasi dairələri dünyadan təcrid olunmuş ölkənin müqavimət resurslarına inamı itirərlərsə, Kreml sahibinə istefa verməsi üçün təzyiq göstərəcəklər, hətta onun zorla hakimiyyətdən kənarlaşdırılması ilə bağlı variant da ön plana keçə bilər... Prezident Vladimir Putinə qarşı həbs orderi Ukrayna savaşına münasibətdə fərqli mövqe tutan bəzi dövlətlərə də dolayısı xəbərdarlıq mesajıdır, bununla Rusiya ilə tərəfdaşlıqdan tam imtina etməmiş ölkələrə güzəştin olmayacağı qabardılır...

Rusiyanın ətrafında çəmbər daralır. ABŞ və Qərb Rusiyanın "savaş bataqlığı"ndan çıxmasına imkan vermək niyyətindən çox-çox uzaq görünür. Əksinə, ABŞ və əsas müttəfiqləri Rusiya ilə istənilən sülh danışıqları təkliflərini hətta müzakirə belə, etmədən dərhal bloklayıblar. Və bu, o deməkdir ki, Rusiyanı hələ uzun müddət həm savaş, həm də beynəlxalq təcrid dövrü gözləyir.
Üstəlik, Qərb siyasi dairələri Rusiyanın küncə sıxışdırılması prosesini mümkün qədər genişləndirmək niyyətlərini də qətiyyən gizlətmirlər. Hətta bu istiqamətdə məqsədyönlü addımlar da atmağa çalışırlar. Həmin addımlar isə yalnız indiki savaş dövrünə hədəfli olmayıb, hətta ümumiyyətlə, Rusiyanın gələcək taleyini də müəyyən edə biləcək məzmun daşıyır.
Məsələ ondadır ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) üzərindən birbaşa Rusiya prezidenti Vladimir Putin hədəfə alınıb. Belə ki, BCM Rusiya prezidenti Vladimir Putinin həbsinə artıq order verib. İndi Kreml sahibi bu məhkəmənin qərarlarını icra etmək öhdəliyi götürmüş istənilən ölkəyə səfər edərsə, onun həbsi qaçılmaz olacaq.
0ae88fc6e60467b733e0046040aa3b19.jpg (100 KB)
Təbii ki, BCM-in Rusiya prezidentinin həbsi ilə bağlı order verməsi sadəcə, hüquqi xarakter daşımayıb, həm də siyasi qərardır. Bu həbs orderinin Qərb siyasi dairələri tərəfindən əvvəlcədən sifariş edildiyi qətiyyən şübhə doğurmur. Üstəlik, bu addım yalnız Kreml sahibinə qarşı deyil, ümumiyyətlə, Rusiyaya qarşı yönəldilib.
Birincisi, Qərb siyasi dairələri həbs orderi ilə Rusiyanın beynəlxalq təsir mexanizmlərini sıfırlamış olurlar. Prezident Vladimir Putin də daxil olmaqla, Kremldəki hərbi-siyasi qərarlar verən yüksək rütbəli şəxslər Rusiyanın sərhədləri içərisinə qapadılır. Yəni, Rusiya hakimiyyət dairələrinə Kremllə heç bir sahə və ya mövzu üzrə danışıqlar aparılmayacağının, təmaslar qurulmayacağının açıq mesajı verilir. Yəni, Rusiya prezidenti bundan sonra hətta "böyük 7-lik", "20-lər" və s. analoji beynəlxalq zirvə toplantılarına qatıla bilməyəcək. Və bu baxımdan, Rusiyanın beynəlxalq məkandan ümumiyyətlə, təcrid edilməsi prosesinə start verilmiş kimi görünür.
Digər tərəfdən, bundan sonra Rusiya və Ukrayna arasında sülh danışıqları prosesinin başlanma ehtimalı da inandırıcı görünmür. Çünki belə bir proses olsa və anlaşma əldə olunsa belə, Rusiya prezidenti sülh sazişinə imza ata bilməyəcək. Hər halda, BCM-nin haqqında həbs orderi vermiş bir ölkə liderlərinin imzaladığı sənədin hüquqi qüvvəsi də kifayət qədər ciddi suallar doğuracaq.
Digər tərəfdən, prezident Vladimir Putinə qarşı həbs orderi Rusiya daxilində yeni təlatümlərə yol aça bilər. Belə ki, Kreml sahibinə münasibətin dəyişmə ehtimalı qətiyyən istisna deyil. Hər halda, Rusiya cəmiyyətində və siyasi dairələrində prezident Vladimir Putinə etimadın zəifləyə biləcəyini ehtimal etmək olar. Çünki Kreml sahibi hazırda Rusiyanın beynəlxalq məkandan tamamilə təcrid olunma təhlükəsinin əsas günahkarı durumuna düşməyə başlayıb.
8a58cf850e2f54017df0c43a618889fb.jpg (240 KB)
Hər halda, beynəlxalq məkanda qəbul edilməyən, dünyanın idarə olunması prosesinə buraxılmayan dövlət başçısı modeli Rusiyanın gələcək taleyinə böyük təhlükədir. Rusiya cəmiyyətində və siyasi dairələrində belə bir dövlət başçısı modelindən xilas olmaq meylləri baş qaldıra bilər. Bu baxımdan, Rusiya hərbi-siyasi dairələrində mərkəzdənqaçma prosesinin başlana biləcəyini də istisna etmək olmaz.
Böyük ehtimalla prezident Vladimir Putinin barəsində həbs orderi verilərkən, sifarişçilər bütün bu önəmli məqamları nəzərə alıblar. Ona görə də, hesab etmək olar ki, bu addımın atılmasında Rusiyanın dünyadan tamamilə təcrid edilməsi niyyəti ilə yanaşı, Kreml sahibinə qarşı ölkədaxili narazılıq dalğasını stimullaşdırmaq məqsədi də güdülüb.
Əgər, bu məqsəd öz hədəfinə çatarsa, yaxın gələcəkdə prezident Vladimir Putinə qarşı daxili təzyiqlərin baş qaldırdırmağa başlayacağı şübhə doğurmur. Yəni, Rusiya siyasi dairələri ölkənin müqavimət resurslarına inamı itirərlərsə, Kreml sahibinə istefa verməsi üçün təzyiq prosesinə start verə bilərlər. Hətta bu halda, Kreml sahibindən xilas olma variantı ön plana keçər, prezident Vladimir Putinin hakimiyyətdən zorla kənarlaşdırılmasına da cəhd göstərilər.

Göründüyü kimi, prezident Vladimir Putini olduqca ağır bir dövrün gözlədiyi qətiyyən şübhə doğurmur. İndi onun hakimiyyəti kifayət qədər ciddi təhlükə qarşısında qalıb. Kreml sahibi olduqca təcrübəli siyasətçi olsa da, ekstremal situasiyalarda necə davranacağı da istər-istəməz maraq doğurur. Hər halda, Kreml sahibinin də müqavimət variantları olmamış deyil. Ukrayna savaşının Avropa məkanına keçirilməsi də belə variantların sırasına daxildir.
Çünki bu halda, Avropa dövlətlərinin dərhal savaşın dayandırılması istiqamətində hərəkətə keçə biləcəkləri istisna deyil. Kreml sahibinin ixtiyarında öz hakimiyyətini qorumaq üçün Rusiyanı xilas etmək bəhanəsi ilə nüvə savaşına başlamaq variantı da var. Hər halda, hakimiyyətini itirib, qalan ömrünü həbsxanada keçirmək təhlükəsi ciddiləşəcəyi təqdirdə, prezident Vladimir Putinin hansısa avantürist addımlara cəsarət etməyəcəyinə tam təminat yoxdur.
Nəhayət, prezident Vladimir Putinin barəsində beynəlxalq həbs orderinin verilməsi Ukrayna savaşına münasibətdə fərqli mövqeyə meyl göstərən bəzi dövlətlərə də dolayısı mesaj xarakteri daşıyır. Belə ki, Rusiya ilə tərəfdaşlıq niyyətindən tam imtina etməmiş ölkələrə güzəştin olmayacağını da anlatmağa çalışırlar. Rusiya və Kreml sahibi ilə təmasların davam etdirilmısi bundan sonra belə ölkələr üçün daha çətin olacaq. Və bu, Rusiyanın ümumiyyətlə, təklənmə ehtimalını ön plana çıxara bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" 
Tarix: 18-03-2023, 21:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}