Paşinyandan sülh sazişi üçün SON CƏHDLƏR - İNCƏLƏMƏ

Paşinyandan sülh sazişi üçün SON CƏHDLƏR
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün əsas şərtini açıqlayıb.

Paşinyan bildirib ki, onun hökuməti üçün Ermənistan sərhədinin haradan keçdiyini qeyd etmək çox vacibdir:

“Çox açıq şəkildə qeyd etmək lazımdır ki, Ermənistan Respublikası hökumətinin xüsusilə də, Azərbaycanın bölgədə yeni, genişmiqyaslı müharibəyə başlamaq üçün səbəblər axtardığı bizə aydın olduğu bir şəraitdə Tavuş vilayətinin 4 kəndi ilə bağlı heç vaxt iddiaları olmayıb”.

Xarici işlər naziri Ararat Mirzoyanın açıqlaması isə Azərbaycanın müharibəyə başlamaq niyyəi barədə Paşinyanın dediklərini təkzib edir.

“Əlbəttə ki, çətinliklər, problemlər var. Lakin biz hesab edirik ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür. Biz öz tərəfimizdən həll yollarını tapmaq üçün konstruktiv səylər göstəririk.

Müqavilə imzalamaqdan danışarkən, razılaşdırılmalı olan vacib məqamlar var. Onların arasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədin demarkasiyası var”, - Mirzoyan Argentinanın “Todo Noticias” telekanalına müsahibəsində belə deyib.

Yəni Mirzoyanın fikirləri Nikol Paşinyanın dediyi kimi, Azərbaycanın genişmiqyaslı müharibədən daha çox sülhə yaxın olduğunu göstərir. Bu, Nikol Paşinyanın müharibə barədə açıqlamasının indiki şəraitdə siyasi manipulyasiya məqsədi daşıdığını təsdiq edir. Ermənistan rəhbərliyi müharibə ritorikasını gündəmdə saxlamaqla Qərbin təhlükəsizlik zəmanətini almağa çalışır.

Xüsusilə də Nikol Paşinyanın aprelin 5-də Brüsseldə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və ABŞ-ın Dövlət katibi Bill Klintonla keçirəcəyi görüşdə Qərbin Ermənistana təhlükəsilik təminatı verməsinə nail olmaq istəyir. Ancaq Qərb belə bir zəmanətlə çıxış etməyi planlaşdırmır.

Çünki müqavilə - hüquq bazasına görə, Ermənistanın təhlükəsizliyinin təminatçısı Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Qərb isə yalnız Ermənistanın Rusiya ilə ikitərəfli hərbi müqavilələrə xitam verməsindən və KTMT-dən çıxmasından sonra təminat verə bilər. Ona görə də Nikol Paşinyan müharibə anonsu verməklə və ya xaricdən Ermənistana qarşı hücumların olacağı haqda bəyanatlar səsləndirməklə Qərbin mövqeyini dəyişməyə çalışır.

Son günlər Ermənistanın Azərbaycanla sərhəddə qoşun yığması da guya xaricdən təhlükənin olduğuna dair görüntü yaratmağa hesablanıb. Doğrudur, aprelin 5-də keçiriləcək Ermənistan-ABŞ-Avropa İttifaqı yüksək səviyyəli görüşdə İrəvan arasında paktın imzalanacağı xəbər verilir. Ancaq bu sənədin heç də Ermənistanın təhlükəsizliyinin təminat vermək məqsədi daşıyan hərbi pakt olacağı inandırcı görünmür. Çox güman ki, bu pakt Qərbin Ermənistana hərtərəfli maliyyə, iqtisadi, humanitar yardımlar paketini, Avropa İttifaqına inteqrasiyasına siyasi və hüquqi dəstəyi nəzərdə tutan bir sənəd olacaq.

Qərb Ermənistanın təhlükəsizliyinin əsas təminatı kimi Azərbaycanla sülhün imzalanmasını görür.

Çünki Rusiyanın Ermənistanla quru sərhəddi olmadığına görə, Azərbaycanla sərhəddə silahlı təxribatlar törətməklə Moskva bölgədə vəziyyəti gərginləşdirə bilər. Qərb isə Rusiyanın əlindən bu imkanı almaq üçün çox güman ki, Brüssel görüşündə Paşinyanı sülh sazişini imzalamağın vacibliyinə inandırmağa çalışacaq.

Eyni zamanda, Azərbaycanla sülhün əldə olunması Ermənistanın Türkiyə ilə sərhəddinin açılmasında da mühüm rol oynaycaq. Bu isə Ermənistanın Qərbə inteqrasiyanı sürətləndirəcək qapının açılması deməkdir. Türkiyə ilə sərhədlərin açılması həm də NATO ilə sərhədlərdəki maneənin aradan qalxması deməkdir.

Bu zaman Paşinyan hökuməti Ermənistanla NATO sərhədləri arasında yeganıə maneə olan KTMT silahlı qüvvələrinin ölkədən çıxarılması üçün bütün siyasi və hüquqi vasitələri işə sala bilər. Ancaq bölgədə müharibə risqləri hələ qalmaqdadır. Bunlardan biri də Ermənistanın hələ səkkiz kəndi işğal altlnda saxlaması ilə bağlıdır. Paşinyan hakimiyyətinin son bəyanatları kəndlərin dinc yolla qaytarılacağını deməyə əsas verir. Çox güman ki, Nikol Paşiyan Brüsseldən qayıtdıqdan sonra qoşunların ilkin mərhələdə Qazax rayonunun dörd kəndindən çıxması barədə əmr verəcək.

Buna baxmayaraq, Ermənistan sülh imzalamağa tələsmir. Çünki həm Paşinyanın, həm Mirzoyanın açıqlaması sülh müqaviləsinin mətni ilə bağlı Ermənistanın xüsusi şərt irəli sürdüyünü göstərir.

Ermənistan sərhədlərin 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında delimitasiya və demarkasiya olunacağına dair bəndin sazişə daxil edilməsini istəyir.

Eyni zamanda, Paşinyan hökuməti Ermənistanın ərazi bütövlüyünün də məhz Alma-Ata Bəyannaməsinə uyğun şəkildə qarşılıqlı tanınmasını təklif edir. Paşinyan dörd kənddən çıxarılacaq qoşunları Ermənistan-Azərbaycan şərti sərhəddinə geri çəkmək planı da bu məqsədə xidmət edir. Yəni rəsm İrəvan dörd kəndin qaytarılması müqabilində şərti sərhəddin Azərbaycan tərəfindən Ermənistanın dövlət sərhəddi kimi de-yure tanınmasını istəyir.

Məlum olduğu kimi, Paşinyan martin 31-də hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələri görüşdə Ermənistanın həmin kəndlərə qarşı heç vaxt iddiasının olmadığını deyib. O, eyni zamanda Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir iddiasının olmadığını bildirib. Yəni Paşinyan Qazax rayonu ilə şərti sərhəddin Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri olduğuna işarə edir.

Halbuki, həmin sərhəd xəttinin beynəlxalq hüquqla tanındığını təsdiq edən hər hansı sənəd yoxdur. Rəsmi İrəvanın yeganə sənəd kimi istinad etdiyi Alma-Ata Bəyannnaməsinə gəlincə, Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsi həyata keçirməklə bu razılaşmadan imtina edib.

Müşfiq Abdulla
“Cebhe.info”
Tarix: 2-04-2024, 11:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}