Biz öz şərti sərhədlərimizdə postların tikintisini görəcəyiksə... - SƏRT XƏBƏRDARLIQ

“Üçtərəfli görüşdə əsas müzakirə olunan məqamlar açıqlansa da, bağlı qapılar arxasında Ermənistanın təhlükəsizliyi və bu təhlükəsizliyə Avropa İttifaqının, ABŞ-nin verə biləcəyi töhfələrdən söhbət gedir. Maliyyə dəstəyi isə ilkin mərhələdədir. Bundan sonra biz Ermənistana hətta hərbi, texniki dəstəyin də şahidi ola bilərik”.
Bu fikirləri Musavat.com-a “Bakı Politoloqlar Klubu”nun sədri, politoloq Zaur Məmmədov deyib.

O, bunları əlavə edib:
“Məqamlardan biri odur ki, maliyyə dəstəyi Avropa Sülh Fondu tərəfindən, yoxsa başqa fond tərəfindən həyata keçiriləcək? Digər məsələlərlə bağlı tam aydın mənzərə yoxdur. Amma bu, yaxud digər şəkildə əsas odur ki, erməni dövlətinin qurulması və müdafiəsi görüşü idi. Bəli. Necə ki, yüz il əvvəl erməni dövlətinin yaranması ilə bağlı böyük dövlətlər arasında razılıq əldə edilmişdi. Bu gün də erməni dövlətinin ayaqda qalması, onun möhkəmlənməsi üçün belə bir görüş keçirilir. Bu görüş həm bizə yaxın olan bəzi ölkələrin, həm də regiondan uzaq olan bəzi ölkələrin milli maraqlarına cavab verir. Yenidən yüz il əvvəl olduğu kimi, həmin dövlətlər arasında maraqların üst-üstə düşdüyünə şahidlik etdik. Heç də əbəs yerə Armen Qriqoryan İran və Fransa ilə münasibətlərə xüsusilə toxunmamışdı. Blinkenin çıxışında da Qarabağdan çıxmış erməniləri “zorla çıxarılmış ermənilər” ifadəsi ilə işlətməsi və bununla bağlı müəyyən məlumatlar var. Əgər bu doğrudursa, əlbəttə, təəssüfedicidir. Onun Ermənistanın güclənməsi ilə bağlı çıxışı bir sual yaradır: kimə qarşı? Rusiyaya qarşı Ermənistanın gücləndirilməsi gülməli çıxır. Ermənistanın Rusiyaya qarşı güclənməsinin heç bir nəticəsi ola bilməz. Söhbət Ermənistanın Türkiyəyə və Azərbaycana qarşı güclənməsindən gedir”.
Ekspert əlavə edib ki, bu görüş birbaşa danışıqlara təsir edəcək:
“Bu, Azərbaycanın danışıqlar formatı ilə bağlı seçim edəcəyinə gətirib çıxaracaq. Bu çıxışlar, bəyanatlar Bakının xarici siyasətlə bağlı tədbirlər görülməsilə yekunlaşacaq. Çünki kimsə Ermənistanın dəstək və müdafiəsi, çiçəklənməsi üçün addımlar atırsa, indiki vaxtda Azərbaycanla arasında sülh yoxdursa, bu, Bakıya qarşı bir təbliğat planıdır. Onların orada nə deməsindən asılı olmayaraq, biz burada belə başa düşürük. Əgər fərqli fikirlər varsa, o zaman Azərbaycan da Brüsselə dəvət olunardı. Bu, yaxud digər şəkildə Ermənistan anlamalıdır ki, tezliklə 4 kəndin qaytarılması, anklavlarla bağlı məsələ, Azərbaycanla sülh müqaviləsinin imzalanması onlar üçün əsas vəzifə olmalıdır. Əks təqdirdə, biz öz şərti sərhədlərimizdə postların tikintisini görəcəyiksə, hərbi istehkamların qurulduğunu görəcəyiksə, bu, dövlətimizin təhlükəsizliyinin pozulması kimi başa düşülə bilər. Çünki sərhədlər hələ müəyyənləşməyib və mübahisəli ərazilərdə belə bir infrastruktur tikintilərinə və hərbi texnikaların cəmləşməsinə yol vermək olmaz”.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl bunları bildirib:
“Ermənistan xalqının gələcəklə bağlı baxışlarını bölüşürük və bu ölkənin güclü, müstəqil və qonşuları ilə sülh şəraitində yaşamasını, region ilə əlaqələnməsini istəyirik. ABŞ və Aİ bu səylərinin həyata keçməsində tərəfdaşdır”, - Blinken deyib.
O, Ermənistan hökumətinin islahatlarını dəstəklədiklərini və bu istiqamətdə investisiya qoyduqlarını bəyan edib:
“Belə ki, 2023-cü ilin büdcəsindən bunun üçün 65 milyon dollar ayrılıb ki, bu da iki il əvvəllə müqayisədə daha çoxdur”.
Blinken Ermənistanın iqtisadi və siyasi dayanıqlılığının güclənməsi üçün dəstəyi davam etdirdiklərini vurğulayıb.
O qeyd edib ki, ABŞ Qarabağı tərk edən erməniləri də dəstəkləməyə davam edəcək: “Bu, Ermənistanın uzunmüddətli stabilliyi və çiçəklənməsi, eyni zamanda regional sabitlik üçün vacibdir. Biz onların Ermənistan iqtisadiyyatına inteqrasiyasını dəstəkləyirik”.
Tarix: 5-04-2024, 17:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}