Mark Libbi: “Azərbaycan hökumətinin davranışına görə cavab verə bilmərəm”


(II hissə)
“Suverenliyini qorumaqda maraqlı olan Azərbaycan böyük qonşusuna qarşı ehtiyatlı davranan Azərbaycana çevrilir”
Azərbaycandakı səfiri Mark Libbi Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə bir qrup jurnalistlə görüşüb, onların suallarını cavablandırıb.

(Əvvəlki hissəsini buradan oxuya bilərsiz)
“Səfirinin çölə çıxması və təyin olunduğu ölkənin xalqı ilə əlaqə yaratması vacibdirmi?”
– Azərbaycanda bir-birinin ardınca fəallar, jurnalistlər həbs olunur. Hamı sizin reaksiyanızı gözlədiyi zamanda səfirliyinizin sosial media səhifələrində, məsələn, sizin ailənizlə köhnə şəhərə səfəriniz barədə məlumatlar yerləşdirilib. Bəziləri bunu səhlənkarlıq kimi qəbul edirdi, bəs siz bu haqda düşünürsünüzmü?
– Buna görə sizə geri dönüb faktiki sosial media lentimizə nəzər salmağı təklif edərdim. Səfirlikdən müntəzəm, tez-tez bəyanatlar, narahatlıqlarla bağlı xəbərlər paylaşırıq. Vaşinqtonun burada insan haqlarının vəziyyəti haqqında narahatlığını paylaşırıq. Ona görə də mən bu sualın əsassız olduğunu düşünürəm. Bunun ikinci hissəsi kimi ABŞ səfirinin çölə çıxması və təyin olunduğu ölkənin xalqı ilə əlaqə yaratması vacibdirmi? Tamamilə vacibdir. Mən bu ölkəni sevirəmmi? Gözəl ölkədir. Burada çıxıb münasibətimizin daha yumşaq tərəfini göstərməliyəmmi? Bəli, göstərməliyəm. Biz o şeylərdən birinin digərini istisna etdiyi bir dünyada yaşamırıq. Bizim Azərbaycanla dərin və uzun əlaqələrimiz var və biz ağır söhbətlər aparmağı bacarmalıyıq və diplomatiyanın normal işini, o cümlədən xalq diplomatiyasını da daxil etməyi bacarmalıyıq. Burada çölə çıxmaq, mədəniyyəti qiymətləndirmək lazımdır. Ölkədə başqa nələrin baş verdiyini şərh etmək üçün mütləq etməlisiniz. Beləliklə, mənim fikrimcə, sualınızın müddəasını rədd edərdim. Mən üç aydır buradayam və hadisələrin içində olmuşam. Bütün yazılarımızda trollar çıxır və ya eşidirəm. Buna görə də insanların diqqətini hiss edirəm. Hökumətin bununla nə edəcəyi və ya bu mesaja necə reaksiya verəcəyi onların öz işidir. Amma bu, mədəni əlaqələrə, ölkədəki insanlara və mənim imtiyazlı olduğum bu yerin coğrafiyasına verdiyimiz qiymətə aid olan diplomatiyanın digər işini istisna etmir.
Hüquqlarının pozulması halları azalsa, tənqidlər də azalacaqmı?”
– Siz konqresə təqdim olunan qanun layihəsi barədə danışmadınız, mənim sualım konqresmenlərlə bağlı deyil. Təsəvvür edək, mən sadə Azərbaycan vətəndaşıyam və sizdən soruşuram ki, Azərbaycan hökuməti bu qanun layihəsinin təsdiqlənməməsi üçün nə etməlidir?
– Mən heç düşünmürəm ki, insanlar belə bir qanunun qarşısını almaq üçün nə etməlidirlər? Konqresin nə edəcəyini və ya etməyəcəyini bilmirəm. Bu sual onu göstərir ki, mən konqresin necə işləyəcəyini bilirəm və onların birinci vəziyyətdə X, ikinci vəziyyətdə isə Y edəcəklərini proqnozlaşdıra bilərəm. Mən onu edə bilmərəm. Konqres müstəqildir. Məncə, sualınıza cavab olduqca sadədir. İnsan hüquqlarının pozulması dayansa, insanlar Azərbaycanı insan haqlarının pozulmasına görə tənqid etməyi dayandıracaqlarmı? Mən belə düşünürəm, yəqin ki. İnsan hüquqlarının pozulması halları azalsa, tənqidlər də azalacaqmı? Bu, mənə ağlabatan bir fərziyyə kimi görünür. Deyə bilərəm ki, əgər siz jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını həbsə atacaqsınızsa, insanların buna görə sizi tənqid edəcəyini gözləmək olar. Bu tənqidin bitməsini istəyirsənsə, bunu dayandırmalısan. Mənə olduqca sadə görünür.
Onlar əvvəllər də konqresdə insanlara rüşvət verməyə cəhd ediblər…
Yenə də bu barədə onlardan soruşmalı olacaqsınız. Məndən yox.
İranla əlaqələr: “Azərbaycan çətin bölgədə yaşayır”
– İran böyükdür, dünyanın qaynar nöqtəsinə çevrilib. Məncə, Bakıdakı diplomatiya da prosesin bir hissəsidir. ABŞ-ın Bakıdan istədiyi nədir və Bakı buna necə reaksiya verir? Bu, diplomatik ünsiyyətin bir hissəsidirmi?
– Bununla bağlı bir-iki şey deyəcəm. Birincisi odur ki, bəzi daha sensasiyalı mətbuatdan, rus trollarından və ya hər nə eşitdiyinizdən asılı olmayaraq, biz bunu Azərbaycan hökumətinə deyirik ki, bizim marağımız var. Öz sərhədlərini qoruya bilən, böyük qonşularının təzyiqinə və ya təzyiqin hər hansı bir növünə məruz qalmayan suveren müstəqil Azərbaycanın marağındayıq. Bəziləri Azərbaycanı bir əyalət və ya müstəmləkə kimi düşünməyə üstünlük verir. Nə olursa olsun, biz bunun doğru yol olduğunu düşünmürük. Biz ideyanı sevirik və Azərbaycanın azad, müstəqil, suveren, güclü və firavan olmasının regionun və sabitliyin maraqlarına uyğun olduğunu düşünürük. Bütün bunlar şübhəsizdir. Azərbaycan çətin bölgədə yaşayır. Onun bəzi sərt qonşuları var. Biz başa düşürük ki, Azərbaycanla İran arasında münasibətlər yumşaq olmayıb. Hər iki tərəfdən çoxlu şübhələr var, İrandan təzyiqlər olub. Düşünürəm ki, İranın keçmişdəki davranışlarına əsaslanaraq, bir neçə ildir ki, terrorizmdən çəkinməyən bir ölkə olduğunu görmək olduqca aydındır. Bu, qonşularına sataşmaqdan çəkinməyən bir ölkədir və s. Açıq-aydın bizim marağımız Azərbaycanın buna qarşı durmağın yollarını tapmaq marağı ilə üst-üstə düşür. Buna görə də, çox təfərrüata və ya konkretliyə girmədən deyəcəm ki, bu, bizim maraqlarımızın üst-üstə düşdüyü və səmərəli söhbət edə biləcəyimiz bir sahədir. Amma son nəticədə İranla münasibətləri yoluna qoymaq Azərbaycanın üzərinə düşür. Bizim marağımız bu regionun bütün ölkələrini, o cümlədən Azərbaycanı kifayət qədər güclü, firavan, öz suverenliyini və müdafiə edəcək qədər sabit görməkdir.
Rusiyanın qonşuluğundan ala bilməyəcəyimizi bilirik”
– Sirr deyil ki, bu gün Bakı ilə Moskva arasındakı münasibətlər daha istidir. Sizcə, bu, Azərbaycan üçün strateji baxımdan düzgün, yaxşı variantdırmı?
– Bəli, bu ortaqlığın iki tərəfi var. Biri Rusiya tərəfidir, biri isə ABŞ. Biri Rusiya, biri ABŞ, biri Azərbaycan. Təhlükəli qonşuluq barədə əvvəl dediklərim Rusiyaya da aiddir. Heç kim Azərbaycanı yaşamaq üçün böyük qonşuları ilə hansısa yol tapdığına görə qınamaz. Məncə, Rusiyanın qonşuları ilə davranışına baxsanız, – Ukraynada, Moldovada, Gürcüstanda, Suriyada, məhsuldar olmadığını, dağıdıcı, aqressiv olduğunu görə bilərsiniz. Hərbi cəhətdən təcavüzkardır, Rusiyanın tarazlığı pozaraq, kimlərinsə hər kəsin gözü önündə, qanlar içində onun ayaqlarına qapanmasından xoşbəxt olur. Bu, Rusiyanın siyasətidir. Onların sahib olmaq istədikləri tərəfdaşın belə olub-olmaması Azərbaycandan asılıdır. Azərbaycanı Sakit Okeanın ortasına çıxara bilməyəcəyinizi, Rusiyanın qonşuluğundan ala bilməyəcəyimizi bilirik. Amma Azərbaycanın anlamalı olduğu bir şey var – öz suverenliyini qorumaqda maraqlı olan Azərbaycan böyük qonşusuna qarşı ehtiyatlı davranan Azərbaycana çevrilir. Bunun praktiki baxımdan nə demək olduğu Azərbaycanın həll edəcəyi məsələdir. Amma bu ortaqlığın Rusiya tərəfi etibarlı olmayan və çox təhlükəli, qonşularının suverenliyinə hörmət etməyən bir tərəfdir. Beləliklə, ehtiyatlı olmaq lazımdır.
“Müstəqil, demokratik Ukrayna ruhu üzərində avtoritarizmə pul verməzdim”
– Bu seçim baxımından Ukrayna uğurlu olmadı. Sizcə, bu, Azərbaycanın seçiminə necə təsir etdi? Yəni, Ukrayna Rusiyaya qarşı çıxdı. Sonra müharibə oldu və hələ də davam edir, dayanmır. Bu, bir uğur hekayəsinə çevrilmədi və biz hələ perspektiv görmürük. Sizcə, bu, Azərbaycanın seçiminə, Azərbaycanın başqa varianta inamına necə təsir etdi?
– Bunu yenə də Azərbaycandan soruşmalı olacaqsınız. Ukrayna məsələsinə gəlincə, demokratik yolla seçilmiş hökumətin ərazisinin bir hissəsini və ya hamısını almaq istəyən təcavüzkar işğalçıya qarşı durmağa qərar verdiyini görürük. Beləliklə, ukraynalılar döyüşürlər. Sualınız hekayənin bitdiyini göstərir, mən isə sizə deyərdim ki, ukraynalılar hekayənin bitdiyini düşünmürlər, onlar hələ də döyüşürlər və biz hələ də onları dəstəkləyirik. Avropa Birliyi və digərləri hələ də onları dəstəkləyir. Azərbaycan Ukraynaya çoxlu humanitar dəstək verib. Deməli, bu, bitmiş hekayə deyil. Bir nəticəyə gəlməmişik. Mən müstəqil, demokratik Ukrayna ruhu üzərində avtoritarizmə pul verməzdim. Bu, Azərbaycan üçün nə deməkdir, mən bilmirəm. Amma mən düşünürəm ki, ən azı, Rusiya ilə qonşu və tərəfdaş kimi diqqətli olmalısız, çox güvənməməlisiz. Bunu azərbaycanlılar bilir. Bilirsiniz, mən Qara Yanvarda (20 Yanvar) olmamışam, amma azərbaycanlılar bunu bilir. Məndən bunu eşitməyinizə ehtiyac yoxdur. Ukrayna hadisələri yəqin ki, azərbaycanlılara artıq bildikləri şeyləri öyrədir.
Fotolar: Meydan TV
Yalnız Azərbaycan hökuməti cavab verə bilər”
– Cənab səfir, siz indi bizi burada görürsünüz, amma təəssüf ki, bir müddət sonra həbsxanada ola bilərik. Bunun qarşısını almaq üçün Azərbaycan hökuməti ilə danışıqlar aparılırmı?
– Yenə də burada hökumətdən soruşmalısan ki, niyə bunu edirlər? Mən bununla bağlı danışa bilmərəm. Niyə belə etdiklərini sizə deyə bilmərəm. Siz və mən oturub bir-iki pivə içə və bütün günü spekulyasiya edə bilərik, lakin bu hərəkətlərə yalnız Azərbaycan hökuməti cavab verə bilər. Hökumətin bunu etməkdə məqsədi nədir? Mən bilmirəm. Mən hesab edirəm ki, bu, müstəqil medianın səsini kəsməkdir və bunun yanlış addım olduğuna inanıram. Bu, danışıqlar aparacağımız bir şey deyil, elə deyilmi? Biz bunu necə müzakirə edəcəyik? Biz deyirik ki, bunu etməyi dayandırın və onlar bunu etməyə davam edirlər. Belə ki, bu, vermək və almaq kimi bir şey deyil. Söhbət ondan gedir ki, Azərbaycan öz vətəndaşları ilə necə davranır və bunu niyə edir? Öz konstitusiyası, imzaladığı beynəlxalq konvensiyalar və paktlar üzrə öhdəliklərinə, hətta “COP 29”-un ev sahibi kimi öz öhdəliklərinə niyə əməl etmir? Yəqin ki, sizin və mənim bunun nə üçün olduğuna dair çoxlu fikirlərimiz var, amma nəticədə biz bunu edə bilmərik. Bizim edə biləcəyimiz yeganə şey ictimai, özəl olaraq müdafiəni davam etdirmək, müstəqil mediaya və vətəndaş cəmiyyətinə dəstəyimizi göstərməkdir. Cəsarətinizə görə təşəkkür edirəm və irəliləyin. Amma bilmirəm. Kaş biləydim. Sualınıza cavabın nə olduğunu bilmirəm.
Şuşaya getməməyin səbəbi
– Hökumətyönlü mediadan sizin Azərbaycanın regionlarını ziyarət etdiyinizi görürük, amma bizim üçün maraqlıdır ki, siz bütün bölgələrdə olmusunuz, bəs niyə Şuşada olmamısınız?
– Hələ çox yerdə olmamışam. Mən üç bölgəni ziyarət etdim – Mingəçevir, Şəki, Lənkəran. Deməli, bu, bir başlanğıcdır. Mən cəmi üç aydır ki, buradayam, ona görə də işim bitməyib.
– Təkcə siz yox, ABŞ səfirlərinin heç biri olmayıb. Bunun siyasi səbəbi varmı?
– Bu ölkəni bacardığım qədər çox görmək niyyətim var. Hazır olanda gedəcəm. Bu, ABŞ səfiri üçün normal bir şeydir. Mingəçevirdən əvvəl Lənkərana niyə getmişdim? Bunun siyasi səbəbi varmı? Xeyr. Mən ora getdim, çünki bir günə gedib, geri qayıda bilirdim və görüşməli olduğum bir görüş var idi. Amma mən bacardığım qədər Azərbaycanı gəzmək niyyətindəyəm və bu, baş verəndə elanımız olacak. Bu, Azərbaycan hakimiyyətini narahat edən məsələ idi. Tənqid etdilər, düzdü. Mən çölə çıxıb təbliğat şousunda rol oynamaq niyyətində deyiləm, elə deyilmi? Mən öz şərtlərimlə çıxmaq istəyirəm. Mən harasa gedəndə hökumət şəkil çəkdirir, istədiklərini yazır, mən buna nəzarət edə bilmirəm. Amma mənim Azərbaycanın digər bölgələrinə etdiyim səfərlər də bizim missiyamız tərəfindən təşkil olunub. Hökumətə deyirik ki, gedirik. Bəzən bizi orada qarşılayırlar, bəzən orada bunu edən olmur, amma biz gedirik. Aydındır ki, geri qaytarılan ərazilər bir az fərqlidir. Bir az daha koordinasiya tələb edir. Mən başqasının proqramında iştirak etmək istəmirəm. Mən nümayiş etdirmək üçün getmək istəyirəm ki, Birləşmiş Ştatların səfiri təyin olunduğu ölkənin bölgələrinə səfər edir. Mən Lənkərana, yaxud Mingəçevirə getdiyim kimi ziyarət etmək, istədiyim işləri görmək istəyirəm. Mən bunu belə etmək istəyirəm. Və buna görə də vaxtı gələndə mən bunu edəcəm.
“İqtisadi inkişafı, qadınların səlahiyyətlərinin artırılmasını, azad medianı dəstəkləyəcəyik”
– Sizdən səfirliyin gələcək fəaliyyəti barədə soruşmaq istəyirəm, USAİD-in Azərbaycandakı layihələri qanunsuz hesab edilib. Elədirsə, bundan sonra müstəqil media və vətəndaş cəmiyyəti kiminlə işləyəcək?
– Bacardığımız qədər bunu edəcəyik. Nə qədər ki, bizim istəkli tərəfdaşlarımız var, biz iqtisadi inkişafı, qadınların səlahiyyətlərinin artırılmasını, azad medianı dəstəkləyəcəyik. Bunlar bizim üçün əsas prioritetlərdir. Nə qədər ki, tərəfdaşlarımız var, biz bunun yollarını tapmağa çalışacağıq. Aydındır ki, hökumət bunu qeyri-mümkün edəcək və ya daha da çətinləşdirəcəklərinə qərar verərsə, bunu etmək çox çətindir. Ancaq bu, bizim siyasətimizin əsasını təşkil edir. Buna görə də biz bunun yollarını tapmağa davam etmək istəyirik. Hökumət ilə razılaşdırılaraq. İqtisadi inkişaf, qadınların səlahiyyətlərinin artırılması, bütün bunlar bizim paylaşdığımız prioritetlərdir. Beləliklə, ikitərəfli münasibətlərdə daha çox iş var. Baxmayaraq ki, insan haqları və azad mətbuat onun mərkəzi və mühüm hissəsidir, paketdə olan başqa şeylər də var. Biz bunları etmək istəyirik və hökumətdə və hökumətdən kənarda istəyən tərəfdaşlarımız olduğu müddətdə bunları etmək istəyirik. Mən heç nəyə zəmanət verə bilmərəm. Bu gün ön qapıdan çıxanda məni avtobus vurmayacağına zəmanət verə bilmərəm, təminat verə bilmərəm. Mən kifayət qədər vurğulaya bilmərəm ki, Azərbaycan hökumətinin davranışına görə cavab verə bilmərəm və verməyəcəm də. Azərbaycan hökumətinin davranışına nəzarət edə bilmirəm. Bu, onların işidir. Onu deyə bilərəm ki, nə qədər burada istəkli tərəfdaşlarımız var, biz istəkli tərəfdaş olmaq üçün əlimizdən gələni edəcəyik.
“Azərbaycanla uzun, dərin və çoxşaxəli əlaqələrimiz var”
– Siz Azərbaycan hökumətinin hansısa üzvü ilə vəziyyəti müzakirə etmisinizmi?
– Biz bunu həmişə edirik. Həmişə gündəmə gəlir. Həmişə gündəmə gəlir. Demək istəyirəm ki, əvvəl dediyim fikrə qayıdıram, yəni bizim Azərbaycanla uzun, dərin və çoxşaxəli əlaqələrimiz var. Bu, bir sıra şeyləri ehtiva edir. Qonşuluq siyasəti, təhlükəsizlik, enerji, iqlim və insan hüquqları. Biz bütün bunları bacarmalıyıq. Biz bəzi məsələlərdə qorxmadan, çəkinmədən mesajımızı çatdıra bilməliyik. Biz Azərbaycan hökuməti tərəfindən başqa məsələlərdə də tənqid olunuruq və bunu qəbul edə bilərik. Nəticələri özünüz müzakirə edə bilərsiniz. Ancaq insan hüquqları məsələsi, azad media və vətəndaş cəmiyyəti məsələsi həmişə gündəmə gəlir. Biz bu məsələni həmişə qaldırırıq.
Həbsxanalara səfər, Amerika casusu…
 Həbsxanaya baş çəkməyi planlaşdırırsınızmı?
– Bəli. Məncə, biz bunu edirik, məhkəmələrə və buna bənzər yerlərə müşahidəçilər göndəririk.

– Yəni, bəzən həbsxanadakı siyasi məhbuslar diplomatlarla söhbət etmək üçün onlara baş çəkməyi xahiş edirlər. Belə bir planınız varmı?
– Mən inanıram ki, biz bunu edirik, amma yoxlamalı və görməli olacağam, çünki hələ üç aydır buradayam. Amma faydalı olduğunu düşünürsünüzsə, soruşa bilərik. İcazə verin sizə bir sual verim, amerikalı diplomatın həbsxanaya gəlməsi sizin guya Amerika casusu olduğunuz üçün həbsdə olmanız kimi fikrin yayılması baxımından riskli deyilmi?
Xədicə İsmayıl:
Bu, faydalıdır. Çünki, baş verən və ya olmayan heç bir şey onların fikrini dəyişdirməyəcək. Onlar mənim casus olduğum barədə belə möhkəm bir ideaya sahibdirlər. Məsələn, Amerikanın simvolu hesab edildiyim vaxt var idi. Azadlıq heykəli kimi mənim karikaturamı çəkdilər. Deməli, mənim Amerika simvolu olduğuma inanılırdı. Bəlkə hələ də belədir, amma bu, heç nəyi dəyişmir, amma həbsxana rəhbərliyini qaydada saxlayır. Onlar, səni xəsarət almadan təmiz saxlamağa çalışırlar və s. Çünki istənilən vaxt hər kəs gələ bilər. Beləliklə, tez-tez səfərlər etmək, müxtəlif səfirliklər, bəlkə də müxtəlif təşkilatlar tərəfindən ziyarətlər təşkil etmək çox vacibdir.
– Biz bu haqda danışacağıq və bilirsiniz ki, Bakıdakı digər səfirliklərdən də maraq var və birgə yanaşmalar var. Beləliklə, əgər bu faydalı bir şeydirsə, düşünürəm ki, biz buna nəzər salıb, bunun necə həyata keçirildiyini görə bilərik. Təbii ki, bu da hökumətin razılığından asılıdır, lakin siz həmişə bizdən istəyə bilərsiniz.
– Sülh prosesi haqqında yalnız bir sual vermək istəyirəm. Vaşinqtondan sülh prosesini davam etdirmək təşəbbüsləri var idi. Vaşinqtonun iştirakı ilə sülh danışıqlarının harada aparılacağına dair müzakirə var. Necə düşünürsüz, Vaşinqtonun bu işdə daha aktiv iştirakı üçün gələcək perspektivlər varmı?
– Bunun üçün həmişə bir perspektiv var. Demək istədiyim odur ki, biz münaqişədə hər iki tərəfə kömək etməyə hazırıq. Biz bir yerə gəlməyə hazırıq. Danışıq otağından çıxıb onların danışmasına icazə verəcəyik. Hansısa rol oynaya bilsək, bu, faydalı ola bilər. Biz rol almağa hazırıq. Bu, iki tərəfin razılaşdığı bir şey olmalıdır. Hələlik deyəsən başqa yerlərdə görüşməyə, ikitərəfli görüşlər barədə razılığa gələ biliblər. Biz orada bəzi müsbət əlamətlər gördük və bunu etiraf etməyə dəyər. “COP29”-u Azərbaycana gətirən və bəzi məhbusların azad edilməsi ilə nəticələnən sövdələşmə. Bu, iki tərəf arasında bağlanmış bir razılaşma idi. Necə ki, bildiyimə görə, onlara heç kim kömək etmədi, biz onlara kömək etmədik. Eynilə sərhədin demarkasiyası ilə bağlı razılaşma. Kəndlər və bütün bunlarla bağlı sual. Yəni, bu, iki tərəfin oturduğu, üzərində işlədiyi bir şeydir. Bildiyim qədər, bəzi ağır kompromislərə gedildi. Beləliklə, əgər bu işləyirsə, əladır. Əgər gedib Almaniyada və ya Qazaxıstanda görüşsələr və daha çox irəliləyiş əldə etsələr, yenə də əladır. Vaşinqtonun bu prosesə sahib çıxmasına ehtiyac yoxdur. Vaşinqton uğur istəyir, biz başa düşürük ki, uğur iki tərəfin razılığa gəlməsindən qaynaqlanır. Buna kömək edə bilsək, ya çağırış vasitəsilə, ya hansısa vasitələrlə biz bunu edəcəyik.
Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-mark-libbi-azerbaycan-hokumetinin-davranisina-gore-cavab-vere-bilmerem.html 
Tarix: 5-05-2024, 23:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}