Sahil Babayev niyə həyat sığortasına qarşı çıxır?


Sahil Babayev niyə həyat sığortasına qarşı çıxır?

Azərbaycanda yaşam sığortası ilə bağlı hökumət və  şirkətlər arasında müzakirələr oktyabrın sonunadək başa çatmalıdır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə, hazırda həyat sığortası ilə bağlı müzakirələr təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə şirkətlər arasında aparılmır, müzakirələrdə Vergilər və Maliyyə nazirlikləri də iştirak edir.

Qeyd edək ki, söhbət əsasən, yığım funksiyası daşıyan yaşam sığortasından gedir. Həyat sığortası qaydalarına əsasən, işləyənlər həyatlarını yaşam sığortası etdirməklə, hər ay öz əmək haqlarından həyat şirkətlərə ödəmələr edirlər. Qanunvericiliyə əsasən, həyat sığortası üçün ödənişlər vergi və sosial ödənişlərdən azad edildiyinə görə, həmin vəsaitlər də sığorta haqqının üzərinə toplanır. Daha sadə desək, maaşın həyat sığortasına yönəldilən hissəsinə hesablanan vergi və sosial ödənişlər büdcəyə və DSMF-ə deyil, şəxsin sığorta şirkətindəki hesabına yönəldilir. Nəticədə sığortalanan vətəndaş böyük gəlir əldə edir (maaşın üzərinə təqribən 46 faizlik vergidən azad olunan əlavə də gəldiyinə görə), büdcə və DSMF isə bu vəsaitləri itirir. 

İndiyədək hökumət 2012-ci ildən tətbiq edilən bu yeniliyə "dözürdü". Amma son vaxtlar dövlət büdcəsi ilə bağlı sərtləşmələr, vergi və sosial sahədəki islahatlar həyat sığortasını və burada büdcədən kənarda qalan pulları nazirin yadına salıb. Nəticədə indi bu sahədə dəyişiklik istənilir. Həyat sığortasına ödənilən məbləğə vergi güzəştinin ya tamamilə, ya da qismən aradan qaldırılması müzakirə edilir. Öz növbəsində həyat sığortası şirkətləri (ölkədə 3 həyat sığortası şirkəti var - "Qala Həyat", "Atəşgah Həyat", "Paşa Həyat") bu güzəştin ya tamamilə toxunulmaz qalmasına, ya da dəyişikliyin minimum olmasına çalışırlar.

Son vaxtlar Azərbaycanda həyat sığortasındakı belə qazanma üsulunu başa düşənlərin sayı kəskin artıb və bu da büdcəyə (əmək haqqından vergi) və DSMF-ə gedən pulların azalmasına səbəb olub. Bunun qarşısını almaq üçün artıq indidən dövlət idarələrinin bir hissəsində həyat sığortasına getməyə icazə verilmir (qaydalara görə, yaşam sığortası ilə sığortalanmaq üçün işçinin özü ilə yanaşı, işəgötürənin də icazəsi tələb olunur). Elə ona görə də müzakirələrdə Vergilər və Maliyyə nazirlikləri də iştirak edir. Qarşıdan büdcə müzakirələrinin gəldiyini nəzərə alanda, böyük ehtimalla bu dəyişikliklər 2019-cu ilin dövlət büdcəsi layihəsində nəzərə alınacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, nazirliyin mövqeyi dövlət-özəl sektor əməkdaşlığının qorunmasıdır: 

"Biz həyat sığortası bazarının ləğv edilməsinin tərəfdarı deyilik və o bazarın inkişafı imkanları da saxlanılmalıdır. Eyni zamanda, bu insanların gələcək pensiya təminatı üçün sosial sığorta haqlarının tutulması mexanizmi də olmalıdır". 

Nazir ona işarə edir ki, pulunu həyat sığortasına yönəldən işçilərin maaşının həmin hissəsindən DSMF-dəki hesablarına pul ödənilmir və bu da gələcəkdə həmin şəxslərin pensiya təminatını pisləşdirə bilər: 

"Bildiyimiz kimi, həyat sığortasına müraciət edən şəxslər gəlir vergisindən və sosial sığorta ödəmələrindən azad olurlar, amma eyni zamanda sosial sığorta ödəməyən şəxs də gələcəkdə pensiya təminatından imtina edir və bu insanın pensiya kapitalında vəsait yığılmadığına görə, onun pensiya təminatı olmur. Bu gələcək üçün problem olur və ona görə də biz həm sığorta şirkətləri, həm də Vergilər və Maliyyə nazirlikləri ilə aktiv müzakirələr aparırı, bunu elə bir mexanizmə çevirmək istəyirik ki, müəyyən qədər güzəştlər də, sosial sığorta sisteminə ödənişlər də olsun".

Maraqlı mənzərə yaranıb. Bütün dünya ölkələri həyat sığortasının geniş yayılması üçün proqramlar işləyir, təbliğat aparır, Sahil Babayev isə həyat sığortasına qarşı çıxır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün ölkədə ən çox narazılığa səbəb olan qurum kimi özünü göstərir. Bu narazılıqladan biri də şəhid olan hərbi qulluqçuların ailəsinə ödənilməli olan sığortada yaşanır. Bu ilin aprel ayında prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik sığorta ödənişlərinin edilməsinə başlayıb. Amma bu məsələ ilə bağlı yaranan problem şəhid ailələrinin və yaxınlarının narazılığına səbəb olub. Çünki bəzi varislərə Dövlət Sığorta Şirkəti tərəfindən 50 000 manat və ya 500 min rubl ödəniş edilməsi üzə çıxıb. Şəhid varisləri həmin məbləği almadıqlarını bildirsələr də, həm nazirlik, həm də sığorta şirkəti müvafiq siyahı dərc edərək, şəhid vərəsələrinə sığorta ödənişlərinin edildiyini açıqlayıb. Problem isə hələ də qalır və həllini necə tapacağı məlum deyil. Sahil Babayevin bu nazirliyin rəhbərliyinə gətirilməsi ilə problemlərin müəyyən qədər də olsa, həll olunacağına bəslənən ümidlər isə özünü doğrultmur. Görünən odur ki, şəxsi maraqlar yenə də dövlət, millət maraqlarından üstün tutulur. 

Qanunvericiliyə əsasən, həyat sığortası üçün ödənişlər vergi və sosial ödənişlərdən azad edildiyinə görə, həmin vəsaitlər də sığorta haqqının üzərinə toplanır. Yəni, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu prosesdən vəsait cəlb edə bilmir. Nazirin həyat sığortasına etiraz etməsinin səbəbi də məhz budur. Nazirlik həyat sığortasından da qazanmaq istəyir. Görünür, naziri insanların həyatı deyil, nazirliyin büdcəsi düşündürür. Bu da əhalinin üzləşdiyi problemlərin həllinə olan ümidləri sığortasız hala gətirir. Hələ bir müddət əvvəl ekspertlər hansısa formada həyat sığortası üçün ödənişlərin qarşısının alınması üçün tədbirlər görüləcəyi barədə proqnozlar verirdi və onlar özünü doğruldur. Azərbaycanda hər hansı mexanizm olanda dərhal ondan sui-istifadə etməyə çalışılır. Burada proses belədir ki, vətəndaş həyat sığortasına ödədiyi vəsaiti 3 il sonra geri alır. Bu, sığortadan daha çox, vergidən yayınma mexanizmi kimi görünür. Yerli qanunvericilik buna imkan verdiyinə görə, hüquqi baxımından heç nə etmək mümkün olmur. Çünki qanunvericilikdə birbaşa həyatın yığım sığortasına ayrılan vəsaitlərin gəlir vergisindən və Sosial Müdafiə Fonduna ayırmalardan azad olması göstərilir.  Baxmayaraq ki, bununla bağlı Vergilər Nazirliyi,.eləcə də DSMF ilə sığorta şirkətləri arasında dəfələrlə polemika yaranıb. Fakt ondan ibarətdir ki, illərdir insanlar bu mexanizmdən istifadə ediblər. Yəni, əməkhaqlarının bir hissəsini həyat sığortasına veriblər, həmin hissədən heç bir vergi tutulmayıb. Daha sonra həm vəsait vətəndaşa geri ödənilir. Dolayısı ilə vətəndaş dövlətdən yayındırdığı pulları sığortadan artıqlaması ilə geri almış olur. Təbii ki, hökumət bu pulların böyük bir qisminin büdcə daxilolmalarının kəskin şəkildə aşağı saldığının fərqindədir. Sahil Babayev də məhz bu məqamdan istifadəyə çalışır. Təbii ki, nazir bu istəyinin icrasında sığorta şirkətlərinin müqaviməti ilə rastlaşacaq. Məlum məsələdir ki, sığorta şirkətləri də bu bazarı itirmək istəməyəcək, çünki bunun sayəsində böyüyürlər. Əslində indiyədək sığorta yığımlarının ümumi həcmində həyat sığortasının payı yüksək olub. Hər keçən gün yığım sığortasına qoşulan insanların sayı da artır.

Dünyanın əksər ölkələrində də buna bənzər sistemlər var. Yəni, həyat sığortalarına verilən vəsaitlər vergidən azaddır. Maraqlısı bundan ibarətdir ki, dünyanın əksər ölkələrində bunun qarışıq forması qüvvədədir, yəni, vətəndaş həyat sığortasına qoşulursa, eyni zamanda onun həyat sığortasından sosial təminat, tibbi və digər xərclər də qarşılanır. Amma Azərbaycanda vəziyyət fərqlidir. Vətəndaş həm DSMF-na vəsait ayırır, həm də gəlirinin müəyyən qismini oradan yayındırıb həyat sığortası şirkətlərinə göndərir. Əslində, ölkəmizdə Türkiyədəki kimi sosial təminat sistemi olsa və yaxud da xəstəxanalar sığortalı şəxslərə pulsuz xidmət göstərsə, təbii ki, insanlar DSMF-yə pul köçürtməkdə maraqlı olarlar. Azərbaycanda isə DSMF insanlara çox ədalətsiz ödənişlər verir. Belə ki, əksər hallarda ödənilən məbləğlər vətəndaşın yarasına məlhəm olmur. Yəni, ödənilən məbləğlər vətəndaşa qayıtmadığına görə insanlar bu sözügedən fonda pul ödəməkdən imtina edir. Bu, bir reallıqdır ki, Azərbaycanda işə götürən işçilərinin əmək haqqına görə müxtəlif və böyük məbləğlər ödəyir. indiki sistemlə pensiyaya çıxanlar isə böyük məbləğdə təqaüd ala bilməyəckələr. Bir sözlə, ədalətsiz yanaşma insanları bu sahəyə vəsait ödəməkdən çəkindirir. Halbuki, hər kəs ödədiyinin və zamanında (65, yaxud 67 yaş hər halda təqaüd yaşı üçün uzaq görünən zamandır) pulun qarşılığını ala bilsə, o zaman ədalətli sistem olar və insanlar da sevərək bütün sosial ödənişləri ödəyər. 

İsveçrə dünyada ən çox vergi və sığorta faizi olan ölkədir. Amma hər kəs bu ödənişləri ödəməkdə maraqlıdır. Çünki bilir ki, ödədiyi ona pulsuz keyfiyyətli ali təhsil, nəqliyyat, səhiyyə, zamanında təqaüd və.s olaraq geri dönür. Amma Azərbaycan vətəndaşını ödədiyi pulun qarşılığında imtiyazları onu qane etmir. Ona görə də insanlar bu cür ödənişlərdən kənardır. Sahil Babayev isə ümidlərə gözlənənlərin əvəzinə, mütərəqqi təcrübənin tərəfdarından daha çox insan həyatı və təminatına önəm verməyən sələflərindən hələ ki, fərqlənmir. (Cebhe.info)


Tarix: 20-10-2018, 13:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}