Əlimizə keçən yeməyə gedir - Acgöz deyilik, pulumuz azdır


Əlimizə keçən yeməyə gedir - Acgöz deyilik, pulumuz azdır
Yüz il əvvəl ABŞ əhalisi ümumi gəlirlərinin 50 faizini qidaya xərcləyirdisə, indi 10 faizini xərcləyir, amma biz...
 
Əhali gəlirlərinin yarıdan çoxunu qida məhsullarına xərcləyir. Ancaq sosioloqların hesablamalarına görə, belə bir meylin sosial-iqtisadi reallıqlar barədə nəticələr fonunda müsbət və hətta neytral bir amil kimi qəbul edilməsi çətindir.
 
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart ayları ərzində əhalinin pərakəndə satış sistemindəki xərcləri 9,525 milyard manat təşkil edib. Bunlardan 4,429 milyardı birbaşa qida məhsulları, 549 milyon manatı alkoqollu içkilər və tütün məmulatları, 514 milyon manatı yanacaq, 216,1 milyon manatı isə dərman və dərman preparatlarının payına düşüb.
 
İnsanlar qidaya daha çox pul xərcləyirlər, yəni kasıblaşırlar. İqtisadçılar bu statistikadan belə qənaətə gəliblər. Əhalinin iqtisadi rifahı bir neçə faktorla müəyyən edilir və bunlardan biri də yeməyə nə qədər pul xərclənməsidir. Əsas ehtiyac üçün əvvəlki dövrə nisbətən daha çox pul xərclənirsə, bu, əhalinin yoxsulluq səviyyəsinin artdığını göstərir.

İqtisadçı ekspert Natiq Cəfərlinin AYNA-ya şərhinə görə, gGəliri daha yüksək olan ölkələrdə qida xərcləri ümumi ev xərclərinin az bir hissəsini təşkil edir: “Kasıb ölkələrdə demək olar ki, insanların pulunun mütləq çoxu yeməyə gedir. Beləliklə, onların başqa bir şeyə pul xərcləmək imkanı - xüsusən daha yaxşı təhsil, keyfiyyətli xidmətlər, istirahət, eləcə də əmanət toplamaq imkanı məhduddur”.
 
“Zənginlər və kasıblar təxminən eyni qədər yemək yeyirlər. Lakin az gəlirli insanlar üçün qidaya xərclənən ümumi gəlirin payı çoxdur. Digər ehtiyaclar və xərc maddələri üçün daha az vəsait qalır”, - deyə o bildirib.
 
İqtisadçının fikrincə, dünyada yoxsulluğun ən əhəmiyyətli göstəricilərindən biri qida xərclərinin həcmidir: “İnsanlar qazancının 20-25%-dən çoxunu qidaya xərcləyirlərsə, deməli kasıbdırlar. Məsələn, 100 il əvvəl ABŞ əhalisi ümumi gəlirlərinin 50%-ni, keçən il isə 10,5%-ni qidaya xərcləmişdi. Bu, o deməkdir ki, ölkə yoxsulluğun öhdəsindən gəlib. Lüksemburq Avropa İttifaqı ölkələri arasında ən yaxşı göstəriciyə sahibdir - bu ölkənin əhalisi qida xərclərinə cəmi 8,4%, İrlandiyada - 11,5%, Almaniyada - 11,7% xərcləyir. Bu rəqəm Türkiyədə təxminən 25%, Rusiyada isə təxminən 35% dir”.
 
Cəfərli qeyd edib ki, gəlirin 70-75%-i qida, dərman, yanacaq, kommunal xərclərə xərclənirsə, insanlar kasıb hesab olunur: “Təhsil, mədəniyyət, kitablar, teatr, kino, muzeylər üçün pul qalmır. Ancaq təhsilə və mədəniyyətə çox az pul xərcləyən bir cəmiyyət inkişaf edə bilməz və yoxsulluqdan çıxa bilməz. Və son bir neçə ildə əhalinin gəlirlərinə müəyyən dərəcədə təsir edən sosial paketlər tətbiq olunsa da, pandemiya vətəndaşların gəlirlərinə ciddi şəkildə təsir etdi”.
Rəşad Həsənov: “Yeni qaz yatağı müəyyən imkanlar formalaşdırır”
İqtisadçı ekspert Rəşad Həsənov da AYNA-ya açıqlamasında deyib ki, artan qida qiymətləri ümumi xərclər strukturunda ev təsərrüfatlarının zəruri mallara xərclərinin payının artmasına təhrik edən səbəblərdən biridir: “Təsəvvür edin ki, ayda 500 manat qida istehlak etməlisiniz. Gəliriniz 1000 manatdırsa, o zaman 50%-ni, 2000 manatdırsa 25%-i yeməyə xərcləyəcəksiniz”.
 
“Bundan əlavə, ərzaq maliyyətinin yüksək olması istehlak bazarında normal rəqabətli qiymətlərin olmaması ilə əlaqədardır. Beləliklə, rəqabətli bazarda qiymətlərin optimallaşdırılması ümumi gündəlik xərclərin hesabına ümumi ərzaq xərclərinin də əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər”, - deyə müsahibimiz vurğulayıb.
 
İqtisadçıların sözlərinə görə, ev təsərrüfatlarının qida xərclərini artırması da ərzaq qiymətlərində ciddi artımın bir nəticəsidir. Ölkəmizdə idxal 22,7% bahalaşdı və bu, daxili bazarda bahalaşmanın əsas səbəblərindən biridir. Eyni zamanda, idxal qiymətlərindəki artımdan qaynaqlanan əlavə xərclər əmək haqqı, təqaüd və sosial müavinətlərin artırılması xərclərini üstələyərək 1,4 milyard manat artdı.
 
Başqa sözlə, böhran şəraitində ucuz ərzaq məhsullarının qiymətlərini cilovlamaq və bununla da əhalinin ən həssas qruplarına inflyasiya yükünü azaltmaq üçün yol və vasitələrin axtarılması təklif olunur. Bu, iqtisadiyyatın liberallaşdırılması yolu ilə, xüsusilə gömrük fəaliyyətinə vurğu etməklə edilə bilər. Müstəqil hesablamalara görə, vergi yükü keçən il 39% və ya 1,1 milyard manat artdı və bu da öz növbəsində idxal qiymətlərində 23% artıma səbəb oldu.
Tarix: 11-05-2021, 17:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}