“Niyə qazimizin qazı kəsilməlidir?” - YAP-çı deputat “Azəriqaz”ı tənqid etdi - VİDEO



Xəbər verdiyimiz kimi Ramazan bayramı günlərində Qarabağ qazisi Vüqar Əmrayevin yaşadığı mənzilə qaz verilişi dayandırılıb. Vətən müharibəsində iki dəfə yaralanan qazinin qaz borcu yarandığı üçün müvafiq orqan tərəfindən bu addım atılıb.


Pravda.az xəbər verir ki, məsələylə bağlı Milli Məclisin Yeni Azərbaycan Partiyasından seçilmiş deputatı Aydın Hüseynov bu addımın dövlət tərəfindən qazilərə olan diqqət və qayğıya kölgə saldığını bildirib:


“Hər bir dövlət qurumu, bizim hər birimiz qazilərimizə böyük diqqət göstərməliyik. Bu, bizim vətəndaşlıq borcumuzdur, mənəvi vəzifəmizdir. Onlar Vətənə borclarını öz canları ilə ödəyiblər. Bizim də borcumuzdur ki, onlara hərtərəfli kömək edək. Qazimiz qaz pulunu ödəyə bilmirsə, “Azəriqaz” İstehsalat Birliyi bu məsələyə həssas yanaşmalıdır. Qurum borcu ödəyə, yaxud müəyyən güzəşt tətbiq edə bilər. Niyə qazimizin qazı kəsilməlidir? 


Düşünürəm ki, “Azəriqaz”ın rəhbərliyi təcili bu məsələyə reaksiya verməlidir. Təkcə bu qazimizə deyil, digər Vətən müharibəsində yaralananlara, şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət ayrılmalıdır”. 


Deputat bildirir ki, məsələylə müvafiq rayonun icra hakimiyyəti də yaxından maraqlanmalıdır: 


“Dərk etməliyik ki, ölkə Prezidenti dəfələrlə bunu qeyd edib, bu istiqamətdə tapşırıqlar verib ki, hər kəs onlara diqqət və qayğı göstərməlidir. Hər bir rayon icra hakimiyyətinin tərkibində müvafiq şöbə fəaliyyət göstərir. Bu şöbə qazilərimizin və şəhid ailələrinin problemləri ilə məşğul olmalıdır. Həm “Azəriqaz”, həm də bu şöbə həmin qaziyə diqqət göstərməlidir”.

Tarix: 15-05-2021, 17:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}