Sumqayıtda dükan qalmaqalı: Eldar Əzizovun zamanında başladı, Zakir Fərəcovun zamanında da bitmir


Sumqayıtda dükan qalmaqalı: Eldar Əzizovun zamanında başladı, Zakir Fərəcovun zamanında da bitmir

Sumqaytda “Şərq” bazarı” adlanan ərazidə 1994-cü ildən fəaliyyət göstərmiş 66 sahibkar şəhər icra hakimiyyətindən şikayətçidir.
Cebhe.info-ya daxil olan şikayət ərizəsində bildirilib ki, sahibkarların Sumqayıtda “Şərq Bazarı” ərazisində dükanları 2017-ci ilin mayında sökülüb:
“Bu problem əslində Sumqayıtın icra başçısı Eldar Əzizovun vaxtında başlasa da, Eldar Əzizov sənədli dükanları məhkəmə qərarı olmadan sökməyə qərar verməyib. Sumqayıt İcra Hakimiyyəti rəsmən etiraf etdi ki, “Şərq bazarı” ərazisində çalışan 66 sahibkarın hər birinin dükanlarının qanuni mülkiyyət sənədləri var.
Onların da hər biri dükanları sökülənəndən, yeni ticarət mərkəzi tikildikdən sonra təmənnasız olaraq 18 kvadrat metr yerlə təmin olunacaq. Bu, sənəddə də öz əksini tapıb. Söküntüdən sonra 19 may 2017-ci il tarixli 554 saylı sərəncama əsasən yeni obyektin tikilib veriləcəyinə dair zəmanət məktubu da verilib. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun müavini Sahib Quliyevin (dünyasını dəyişib) imzaladığı zəmanət məktubunda deyilir ki, Sumqayıt şəhərinin Baş planına, memarlıq və şəhərsalma prinsiplərinə riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsi məqsədilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq 9-cu mikrorayon ərazisində yerləşən müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir.
“İnşa olunacaq yeni ticarət mərkəzində hazırda mülkiyyətinizdə olan 9 kv. m ticarət sahəsinin əvəzinə Sizin mülkiyyətinizə 18 kv. m təmirsiz ticarət mərkəzi veriləcək”,-deyilirdi. Bir vaxtlar gündəmdə olan məsələ ilk baxışdan həllini tapmış kimi göründü”.
Şikayətçi Sumqayıt sakinləri qeyd ediblər ki, lakin həmin müddətdən isə 4 ilə yaxın vaxt keçib, amma indiyəcən hüquqları təmin olunmayıb:
“İcra Hakimiyyətinin verdiyi vədlər vəd olaraq qalıb. Belə ki, söküntünün üstündən 4 il vaxt keçməsinə baxmayaraq, deyilən ticarət mərkəzi nəinki tikilməyib, heç onun tikintisinə başlanılmayıb da. Halbuki, İcra Hakimiyyəti 66 dükanı tez bir zamanda, hətta malları belə yığmağa imkan vermədən , mülkiyyət hüquqlarlarımız pozaraq məhkəmə qərarı olmadan tezbazar qanunsuz olaraq sökdürdü. Ölkə qanunlarına görə, mülkiyyət hüququ dövlət ehtiyacı istisna olmaqla toxunulmazdır.
Bütün məhkəmə instansiyaları bizim xeyrimizə qərar çıxarıb, obyekləri birmənalı olaraq bizim mülkiyyətimiz kimi tanıyıb. 8 sot ərazidə yerləşən 44 mağaza sahibinin Əmlak Komitəsi tərəfindən verilən mülkiyyət çıxarışı da var. Ancaq nəticədə bütün bu qərarlar ,qanunlar Zakir Fərəcov tərəfindən tanınmayaraq, obyektlərimiz yerlə-yeksan edildi. Dükanlarımızın sökülməsi ilə bağlı keçirilən bütün məhkəmə instansiyaları, Apellyasiya Məhkəməsi də, Ali Məhkəmə də bizim xeyrimizə qərar çıxarıb. Əlbəttə, abadlaşan şəhərə yamaq olan, başdan-ayağa antisanitariya mənbəyi olan, orta əsrləri xatırladan “Şərq bazarı”nın Rəşid Babayevə aid olan hissələrinin, yol kənarındakı meyvə-tərəvəz bazarının yığışdırılması başadüşülən idi. Amma arada “qurunun oduna yaş da getdi”, abadlaşma bəhanəsi ilə sənədləri tam qaydasında olan 66 sahibkarın da dükanları söküldü.
Xatırladaq ki, bazarkomla sahibkarlar arasındakı mübahisə 2011-ci ildən davam edir və bütün məhkəmələrdə sahibkarların qalib gəlməsinə baxmayaraq, Rəşid Babayev sənədləri tam qaydasında olan 66 sahibkarın dükanlarını sökdürmək istəyirdi. Dükanlarımız söküləndən sonra biz ilk illər ümid edirdik ki, icra başçısı Zakir Fərəcov verdiyi sözü və qanuna uyğun olaraq hüquqlarımızı təmin edəcək. Nə dedikləri kimi müasir standartlara cavab verən ticarət mərkəzi tikib bizə ordan yer verdilər ,nə də icra başçısı təqdim etdiyimiz layihə əsasında öz hesabımıza dükanlarımızı tikməyə qoydu. Dükanlar sökülməmişdən də biz xərc çəkib dükanlarımızı təmir etməyə başlamışdıq. Ancaq tikintini icra başçısı Zakir Fərəcov dayandırdı. Dükanlarimizin layihələndirilməsi haqda icra başçısının sərəncamı isə bizə ziyanımıza idi.Çünki vahid layihədə bizim mülkiyyət hüququmuz tanınmırdı. Bütün bunlar göstərir ki, əvvəlcədən məqdəs abadlıq yox, necə olursa-olsun dükanlarımızı bir bəhanə ilə sökmək, əlimizdən almaq idi ki, buna da nail oldular”.
Şikayətçilər bildiriblər ki, qanuni obyektləri şəhərin gözəlliyinə xələl gətirmək bəhanəsi ilə söküldü: “Bəs indi zir-zibil içində boş, xarabalığı xatırladan ərazi eynilə şəhərə xələl gətirmir?! Buna görə icra hakimiyyəti niyə narahat deyil?! Bəs onda nə fərqi var?!Əgər tikilməyəcəkdisə, niyə 66 dükan söküldü və bu qədər sahibkara da xeyli ziyan vuruldu?!”
Şikayətçilərin sözlərinə görə, dəyən zərərin ödənilməsi iddiası ilə məhkəməyə üz tutublar:
“Keçən ilin may ayında Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı söküntünün qanunsuz hesab edilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulan ziyanın əvəzi kimi kompensasiya tələbi ilə məhkəməyə müraciət etdik. Lakin Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizova iddiamızı icraata götürmədi və işə baxmaqdan imtina edildi. Yalnız biz məsələyə baxılmasının təmin olunması üçün yerli Apellyasiya Məhkəməsinə müraciət etdikdən 3 ay sonra qərar qəbul olundu ki, məsələmizə məhkəmədə baxılsın. Lakin Vəfa Əzizova Zakir Fərəcovun qohumu olduğundan, biz işə onun baxmasına etiraz verdik. Bu ilin mart ayında o hakimdən imtina haqda etirazımız qəbul olundu. Uzun müddətdən sonra bu ilin aprel ayından iddiamıza Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyev hakimliyi ilə baxılır. Artıq 4 aydır ki, proses bitmir. İşə İsmayıl Quliyev tərəfindən baxılmasına etiraz etdik, ancaq etirazımız qəbul olunmadı.
İşlə bağlı növbəti məhkəmə iclası 02.08.2021 tarixinə təyin olunub.
Məsələ ilə bağlı Sumqayıt İcra Hakimiyyətindən  verilən məlumata görə, məsələ araşdırılır və yaxın zamanda ictimaiyyətə məlumat veriləcək.
Tarix: 9-07-2021, 22:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}