"Məhəlləmizin dənizə çıxışındakı o darvazanın qarşısında birfinq də keçirməyi planlaşdırıram"



Bakıda illərdir  yaşayan bir ağsaqqal maraqlı bir həyat epizodu danışdı. Məhəllərlərinə əslən sərhəd kəndlərimizdən olan bir imkanlı adam köçür və orada ev tikir. Sonra elə olur ki, məhəllənin başqa küçəyə çıxan yolunu bağlayır. İnsanlar nə qədər özündən xahiş edirlərsə, adam kimsəni saymır. Yığışıb nə qədər şikayət edirlərsə, adam yuxarılara görüm-baxım etdiyinə görə yolun açılması mümkün olmur. İnsanlar bu küstah adamın əməli qarşısında aciz duruma düşsələr də, kimsə onunla və ailəsi ilə münasibət qurmur və mənəvi boykot edirlər. Bir gün görürlər ki, adam qapısının ağzında kədərlə oturub. Qonşular düşünür ki, başına hansısa bədbəxt hadisə gəlib. Küsülü olsalar da yaxınlaşıb soruşurlar ki, nə baş verib. Adam göz yaşını saxlaya bilməyərək: "ermənilər kəndimizin yolunu işğal edib və kəndimiz mühasirəyə düşüb".  Ağsaqqallardan biri əlini adamın çiyninə qoyub deyir ki, oğul, neçə müddətdir sənə başa sala bilmirik ki, elin yolunu bağlamaq işğalçılıqdır, bizi eşitmədin, ermənilər sənə anlatdılar ki, başqasının yolunu, torpağını işğal etmək ən ləyaqətsiz əməldir. İşağlçının milləti olmur, hamımız bilirik ki, erməni işğalçıdır və söyürük. Ancaq özümüzdə də kimlər ki, sənin kimi elin yolunu bağlayırlar, onlar da işğalçıdırlar. 
 
Bu əhvalat son günlər şahidi olduğum hadisəni bir daha mənə xatırlatdı. Yaşadığım bağ massivində, konkret olaraq Nardaran və Kürdəxanı arasındakı Ləhiş  bağlarında yerləşən məhəllənin dənizə çıxan yolunu darvaza qoyub bağlayıblar. Erməni işğalına bərabər bir hadisə baş verib. Obyekt tikirlər, hansısa təsdiqlənmiş plan əsasında dəniz kənarında işlər görürlər. İşləri avand olsun, buna bir sözüm yox. Ancaq darvaza qoyub insanların dənizə çıxan yolunu bağlamaq nə mənəvi, nə hüquqi cəhətdən əsaslandırıla bilməz. Artıq məhəllədə yaşayan onlarla insan şikayət ərizəsi ilə ünvanıma müraciət edib. Önümüzdəki həftədən ölkənin bütün hüquq-mühafizə orqanlarını, icra orqanlarını bu özbaşınalığa görə cavab verməyə çağıran məktublar ünvanlayacağam. Qanunun aliliyi qalib gələcək, yoxsa işğalçılar? Media üçün məhəlləmizin dənizə çıxan hissəsində o darvazanın qarşısında birfinq də keçirməyi planlaşdırıram. Hüquqi yollardan bir nəticə hasil olmazsa bu məsələni geniş şəkildə ictimailəşdirməyi düşünürəm. "Dəniz xalqın sərvətidir, onu işğal etməyək!" şüarı ilə səsimizi duyurmağa çalışacağıq.
 
Fazil Mustafa, Millət vəkili

Tarix: 25-07-2021, 08:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}