Repetitor ümidinə qalan təhsil: - “O da olmasa “ölü” yerdə qalacaq”


2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 85954 abituriyent ərizə vermişdi.

Başa çatan qəbul imtahanlarında uğur qazananların əksəriyyəti isə məhz repetitor fəaliyyətindən yararlanan abituriyentlərdir. Ancaq imtahanlardan keçə bilməyənlərin də bir qismi məhz repetitor yanında hazırlaşanlardır. Nəticədə isə valideynlərin ancaq bir qismi bir neçə ildir sərf etdiyi, heç də az olmayan vəsaitin müqabilində övladının ali məktəbə qəbul olunduğunu görür. Burada uduzan digər təbəqə yenə valideyn və övladlarıdır ki, bir neçə ildir vəsait sərf etsələr də övladlarının imtahandan uğurla keçməməsi həmin məbləğin havaya sovrulması deməkdir. Amma həm də üçüncü təbəqə, maddi imkanının olmaması səbəbindən uşaqlarını repetitor yanına göndərə bilməyən valideynlər də var. Bu valideynlər övladlarının tələbə olmaması fikri ilə barışmalı olurlar.

Artıq valideyn və şagirdlərdə belə bir fikir formalaşıb ki, repetitordan dərs almadan təhsili davam etdirmək mümkün deyil. Əgər əvvəllər repetitor xidməti ancaq ali məktəbə qəbul imtahanından keçmək üçün istifadə olunurdusa, indi hətta sinifdən-sinfə keçmək, böyük summativ qiymətləndirmədə nəticə göstərmək üçün də uşaqlara repetitor tutulur.

Xatırladaq ki, 2020-ci ildə Bakı şəhərinin ümumtəhsil müəssisələrini bitirən və attestat qiymətləri əla olan abituriyentlərdən 4.67%-i 200 baldan aşağı nəticə göstərmişdi. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 45.53 faiz olub. Qəbul imtahanlarında 185 saylı və 105 saylı tam orta məktəblərin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmadı. Bu gün faktdır ki, ölkədə şagirdlərin təhsil alması üçün məktəb problemi yoxdur, 2003-cü ildən başlayaraq çox sayda yeni məktəb tikilib, təmir edilib, texniki təminatı yenilənib. Lakin ibtidai sinifdən başlayaraq məktəbi başa vurana qədər şagirdlər repetitor yanına getməyə məcbur olurlar.

Bunun səbəblərini repetitorluğun dəb olması, tədrisin səviyyəsinin aşağı olması, müəllimlərin dərslərə laqeyd yanaşması kimi səbəblərlə əlaqələndirmək olar. Bütün hallarda fakt odur ki, valideynlər övladlarını yalnız bir deyil, bir neçə fənn üzrə repetitor yanına göndərməli olur və bu da böyük məbləğdə vəsaitə başa gəlir. Müəllim isə məktəbdə dərslərinin başa çatmasını səbirsizliklə gözləyir ki, evində repetitorluqla məşğul olub, əlavə gəlir əldə etsin. Bu gün məktəb direktoru ilə razılaşaraq adını sadəcə məktəbə yazdırıb, evdə repetitorluqla məşğul olanlar da var. Hətta həmin fəaliyyət növündən yüksək gəlir əldə edib özünə yüksək səviyyədə maddi təminat yaradanlar da az deyil.

Hətta şagirdlərin bir qismi heç gündəlik dərslərlə məşğul olmadan ancaq repetitor yanına gedirlər. Əgər bu gün şagird repetitor sayəsində bilik əldə edirsə, dövlətin inşa etdiyi məktəblər, məktəbdə keçilən dərslər, bütün bunlara xərclənən büdcə vəsaiti yalnız formal xarakter daşımırmı? Onsuz daimkanı olan ailələr övladlarını təhsil haqqı yüksək olan liseylərdə oxudurlar. Digər qrup isə ancaq repetitora ümid edir ki, bu da ailə büdcəsi üçün heç də az məbləğ deyil.

Dövlət məktəblərində yüksək səviyyədə tədrisin təşkil edilməməsinin səbəbkarı və günahkarları kimlərdir? Niyə təhsil deyəndə ancaq repetitorluq yada düşür? Məktəbdə şagirdlərin mənimsəmə faizinin aşağı olması nəylə əlaqədardır?

Təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirib ki, ölkədə dövlət təhsili ilə yanaşı, “kölgə təhsili” də var:

“Bu gün üzdə olan və olmayan təhsil mövcuddur. Həmin kölgə təhsilinin bir hissəsi də repetitorluq, kurslar üzərində qurulub. Təbii ki, bu, təhsili içindən dağıdan, məhv edən amillərdir. “Kölgə təhsili” ilə mübarizə aparmaq mümkün deyil. “Kölgə təhsili” ni aradan qaldırmaq, onun təsir dairəsini azaltmaq üçün Təhsil Nazirliyi və yaxud dövlət təhsil sahəsində ciddi islahatlar aparmalıdır. Formal olaraq, bəzək-düzək üçün yox, konkret olaraq ölkədə təhsil islahatları getməlidir.

Repetitorluq bütün ölkələrdə var, ancaq çəkidə əsas baza deyil. Kimsə nəsə öyrənmək üçün fərdi olaraq kiminsə yanına gedə bilər. Ancaq ölkənin bütün təhsili, məktəbəqədər, orta ixtisas, ali təhsil tamamilə “kölgə təhsili”nin ağuşundadır. Məktəbəqədər təhsil pilləsindən məktəbə keçmək, sinifdən sinfə keçmək, abituriyentlərin ali məktəbə qəbul olması, olimpiadada iştirakı, məzun olub işə girməsi repetitorla mümkündür. Dünyanın heç bir ölkəsində belə biabırçılıq yoxdur. Repetitorluğun Azərbaycandakı kimi eybəcər şəkildə yayıldığı ikinci ölkə yoxdur. Təhsil müəssisələrinin idarə olunmaması ayrı, “kölgə təhsili”nin bu dərəcədə genişlənməsi və əsas çəkiyə malik olması başqa problemdir. Bir-biriylə “əməkdaşlıq” edirlər, ancaq asılı olan problem deyil”.

Ekspert bildirib ki, təhsil müəssisələrinin, prosesin idarə olunmasında ciddi problemlər var:

“Vəziyyət nəinki ciddidir, getdikcə faciəvi şəkil almaqdadır. Mən təklif etmişəm ki, ölkə başçısı təhsil sahəsini birbaşa öz nəzarətinə götürsün. Təhsildə sadəcə olaraq layihələr alıb pul silmək və s. neqativ hallar üçün ayrı-ayrı “klan”ların təhsildən xəbərsiz nümayəndələri yerləşdirilib. Onlar uzaqlaşdırılmalı və təhsil adamları nazirlikdə iş başına gətirilməlidirlər. Yalnız bundan sonra proseslərin həlli yolunda nəyəsə nail olmaq olar”.

Təhsil üzrə başqa bir ekspert Nabatəli Qulamoğlu isə bildirib ki, “Təhsil haqqında” Qanun”a təhsilin üç növü- dövlət, özəl və bələdiyyə sektoru olduğu halda hazırda təhsilin 90 faizindən çoxunu dövlət sektoru təşkil edir:

“Dövlət sektoru da “bob boşuna” işləyir, heç bir əhəmiyyəti yoxdur. Elə direktorlar var ki, görüntü yaratmaq xatirinə nəsə etmək istəyirlər. Məktəblərdə müəyyən qədər təhsil varsa, onu da repetitorluğun hesabına edirlər. Bacarıqlı müəllimlər şagirdləri cəlb edib hazırlayırlar. Adı da məktəbin olur. Ümumiyyətlə, dünyada repetitorluq fəaliyyətinə gəldikdə, təhsilin yaxşı inkişaf etdiyi ölkələr iqtisadiyyatı güclü, insanların həyat şəraiti yaxşı olan ölkələrdir. ABŞ, Almaniya kimi ölkələr bu sırada olsa da, mən Yaponiyanı ilk sırada görürəm. Çünki Yaponiyanın heç bir resursu yoxdur, ancaq insan beyni hesabına qazanc əldə edir. Bu qazanc da təhsilin hesabına olur. Hələ uzun müddətdir ki, Yaponiyada “dzyuki” adlanan repetitorluq fəaliyyəti mövcuddur. Yaponiyada dövlət sektoru da fəaliyyət göstərir. Çünki orada cəmiyyət dərs deməyən müəllimin gözünü çıxarar, imkan verməz və maaşdan məhrum edər. Ancaq bizdə belə deyil.

Bizdə vətəndaş cəmiyyəti yoxdur. Mən repetitorluğun əleyhinə deyiləm. Hansı valideynin imkanı varsa, uşağını repetitor yanına göndərsin. Ancaq dövlət sektorunun işə düşməsi üçün yeganə yol dövlətin təhsilə ayırdığı maliyyəni valideynlərin ixtiyarına verməsidir. Dövlətin 11 il təhsil alması üçün şagirdə ayırdığı maliyyəni valideynə versə, o, övladını tanıdığı məktəbə qoyar. Bilər ki, həmin tanıdığı məktəbdə övladı lazımi təhsil alacaq. Bu inteqrasiya davam edərsə, məktəblər özlərini həmin maliyyəyə görə “öldürəcək”, çalışacaq ki, bilik versin. Məktəb direktorlarının böyük əksəriyyəti pul yığmaqla məşğuldur və bilik onlar üçün əsas meyar deyil. Heç bir məktəb direktoru cəza almır. Ümumiyyətlə, ölkədə repetitorluğun qarşısını almaq mümkün deyil. Çünki dövlət sektoru “ölüb”. Repetitor da yerdən götürməsə, təhsil, yəni“ölü”, yerdə qalacaq”.

Ekspertin fikrincə, elə etmək lazımdır ki, müəllim repetitorluğu məktəbdə göstərsin:

“Onun aldığı məvacibi yüksək etmək və həmin məvaciblə dərs arasında asılılıq yaratmaq lazımdır. Əgər o müəllim dərs deyə bilirsə, yüksək maaş verilməlidir. Məsələn, müəllimlərin biliklərinin qiymətləndirilməsi keçirildi. Orada “2” alan müəllimlərin hamısı hazırda iki- üç “oklad” dərs deyir. Bu ölkədə hər şey baş-ayaqdır. Təhsil də bu cəmiyyətin bir parçasıdır, cəmiyyətdə oğurluq varsa, təhsil də oğurlamalıdır”.

Yeni tədris ili yaxınlaşdıqca, valideynlər növbəti tədris ili üçün bilikli repetitor axtarışındadırlar. Müəllimlərin bir çoxu isə yeni tədris ili üçün şagird “toplamağa” çalışır. Qazanan əsasən repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlər, uduzan isə övladının təhsil alması üçün öz əmək haqqını heç də hər zaman yüksək təhsil verə bilməyən repetitorlara ödəməli olan valideynlərdir.

P.S. Yazını bitirdiyim zaman redaksiyadakı əməkdaşlardan birinin mobil telefonuna tədris kursundan zəng gəldi. Valideynin telefonunu böyük ehtimalla məktəbdən əldə etmişdilər. Buraxılış sinfi olmayan şagirdlər üçün bir fənndən hazırlığa 50 manat, iki fəndən hazırlığa 70 manat, 3 fəndən hazırlığa 100 manat ödənilməsi şərtilə yüksək təhsil təklif edilirdi. Əməkdaşımızın dediyinə görə, cümləni də belə başlayıblar: “Əgər uşağınızın atestat almasını istəyirsinizsə...”
Tarix: 3-08-2021, 22:15
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}