Tələbənin ev dərdi və ya yataqxanalara virtual səyahət


Ənənəvi dərslər bərpa olunur, tələbələr paytaxta qayıdır və universitet yataqxanalarında vəziyyət fərqlidir
Sentyabrın 29-dan ali məktəblərdə dərslər əyani formada davam etdiriləcək. Bu isə o deməkdir ki, bir ildən artıq müddətdir dərslər distant formaya keçdiyinə görə evlərinə dönən tələbələr yenidən universitetlərinə qayıdacaqlar. Bəs görəsən, universitetlərimiz ev problemi yaşayan tələbələrinin üzünə yataqxanalarını açacaqmı?
AYNA bir sıra universitetin yataqxanalarının fəaliyyətə başlayıb-başlamayacağı, nə qədər tələbə qəbul edə biləcəkləri ilə maraqlanıb. Beləliklə:
Bakı Slavyan Universitetinin (BSU) Mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov: “Bakı Slavyan Universitetinin yataqxanası 2021-2022-ci tədris ili başlayarkən fəaliyyət göstərməyə başlayacaq. Ümumilikdə Bakı Slavyan Universitetinin yataqxanasının tələbə tutumu həm yerli, həm əcnəbi tələbələr olmaqla 100 nəfərdən çoxdur. Koronavirus pandemiyası şəraitində 40 nəfər tələbəni yataqxanaya qəbul etməyi nəzərdə tuturuq.
Qeyd etmək istəyirəm ki, Bakı Slavyan Universitetində yataqxana qiymətləri müzakirə olunarkən pandemiyanın gətirdiyi maddi çətinliklər nəzərə alınıb və hər bir tələbə üçün aylıq qiymət 30 manat müəyyən edilib ki, bu da bəzi ali təhsil müəssisələri ilə müqayisədə əlverişli qiymətdir. Bakı Slavyan Universitetində tələbələr yataqxanaya qəbul edilərkən mövcud qanunvericilikdə güzəştlər nəzərdə tutulan tələbə gənclərə üstünlük verilir”.
Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Ağa Cəfərli: “Azərbaycan Dillər Universitetinin hər bir şəraitlə təmin olunmuş yataqxanası 205 nəfərlikdir. Abbas Mirzə Şərifzadə 4 ünvanında yerləşən yataqxana ancaq qızlar üçün nəzərdə tutulub. Yataqxana hazırda fəaliyyətdədir. Pandemiya ilə bağlı tələbə qəbulu prosesində dəyişiklik nəzərdə tutulmayıb. Detallara varmadan deyə bilərəm ki, tələbələrimiz yataqxanada güzəştli şərtlərlə qalırlar.
ADU rəhbərliyi tələbələrin maddi durumunu, mənafeyini əvvəlcədən nəzərə alıb. Tələbələrin problemlərinin həlli ADU rəhbərliyinin xüsusi həssaslıqla yanaşdığı məsələlərdəndir. Buna görə də yataqxana şəraitinin yaxşılaşması üçün daim müəyyən addımlar atılır. Ehtiyac yarandığı təqdirdə daha çox tələbənin qəbulu ilə bağlı əlavə addımların atılması da itisna deyil. Amma hələlik buna ehtiyac yoxdur.
Tələbələrin yataqxanada qalma şansından istifadə etməkləri ilə bağlı şərtlərə qaldıqda isə bununla bağlı xüsusi şərtlər qoyulmayıb. Əgər yer varsa, istənilən tələbənin müraciəti nəzərə alınır. Bir məqamı da deyim güzəştlərlə bağlı. Xüsusi günlərdə tələbələrə bəzi əlavə güzəştlər də edilir. Məsələn, artıq 8 martda tələbələrin aylıq ödənişdən azad edilməsi ənənə halını alıb”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova: “UNEC-in 5 yataqxanası var. Həmin yataqxanalarda məcburi köçkünlər məskunlaşdığı üçün tələbələrin istifadəsinə verilmir. Məcburi köçkünlər öz evlərinə qayıtdıqdan sonra həmin yataqxanalar yenilənərək tələbələrin istifadəsinə veriləcək. Yeni yataqxanaların tikilməsi barədə qərar yoxdur”.
Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel İsgəndər: “Tələbə evləri yalnız ənənəvi tədris başlayandan sonra istifadəyə veriləcək. Müasir tələblərə cavab verən 220 nəfərlik yeni “Tələbə evi”ndə tələbələrin yaşamaları, təhsillərini davam etdirmələri və asudə vaxt üçün bütün şərait yaradılıb. 104 otağın hər biri tələbata cavab verən mebellərlə təchiz edilib. Otaqlar iki və üç nəfərlikdir. Pandemiya şəraitində tələbə qəbulu, qiymət, güzəştlərlə bağlı məsələlər hələ müzakirə olunur”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi Şahanə Müşfiq: “Bizim universitetin yataqxanasında uzun illərdir ki, qaçqın və məcburi köçkünlər məskunlaşdığından yataqxanamız yoxdur”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov: “Universitetimizin yataqxanası fəaliyyətini davam etdirir. Universitetdə təxminən 500 nəfərə qədər əcnəbi tələbə təhsil alır. Onlardan bir qismi pandemiya səbəbi ilə vətənlərinə dönsə də, bir qismi yataqxanada qalmağa davam edir. Buna görə də yataqxana fəaliyyətini davam etdirir.
Universitetin köhnə yataqxana binası var. Həmin binanın tutumu 320 nəfərlikdir. Ödəniş də bir otaq üçün 100 manat nəzərdə tutulub. Otaqlarda da 2 və ya 3 tələbənin qalmasına imkan var. Müvafiq məbləğ də otaqda qalan tələbələr arasında bölünür.
Bizim yataqxanada əsasən əcnəbi tələbələr qalırlar. Yerli tələbələr də müraciət edirlər. Bir sıra hallarda, xüsusilə maddi təminatı aşağı olan tələbələr müraciət edirlər və onların da yataqxanada qalma haqqı universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən ödənilir.
COVID-19 pandemiyası nəzərə alınaraq, universitetdə olduğu kimi yataqxanada da karantin qaydalarına ciddi əməl olunur. Otaqlar dezinfeksiya olunub. Yataqxanada yerləşəcək 18 yaşdan yuxarı həm əcnəbi, həm də yerli tələbələrin ya COVID-19 pasportu, ya da oktyabr ayının 1-dək bir doza vaksin olunması şərti var. Gündəlik olaraq da həm universitetdə, həm də yataqxanada temperatur yoxlanılacaq”.
Azərbaycan Tibb Universiteti (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova: “Azərbaycan Tibb Universitetində yataqxana fəaliyyəti tələbə ilə imzalanmış müqaviləyə əsasən hər il iyul ayının 10-dan etibarən dayandırılmalıdır. Lakin pandemiya ilə əlaqədar son iki ildə iyul-avqust aylarında da tələbələrin yataqxanada yaşamalarına icazə verilir. Amma yeni yataqxanaya müraciət edən tələbələrə sentyabr ayının 8-dən yaşamaq hüquq verən müqavilələr imzalanır və orderlər verilir.
Hazırda 4 yataqxana fəaliyyət göstərir, onların ümumi tutumu 975 nəfərdir. Yəni, pandemiya şəraitini nəzərə alaraq 975 nəfər tələbə yerləşdirə bilərik.
Son bir ildə qaz, işıq, su, yəni komunal xərclərin qalxmasına baxmayaraq, pandemiya vəziyyətini nəzərə alaraq, yataqxanada qiymətləri universitet əvvəlki qayda saxlayıb. Bildiyiniz kimi tələbələrdən yığılan maddi vəsait yataqxananın kommunal xərclərinə ödənilir”.
Tarix: 11-09-2021, 23:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}