Nəqliyyat Agentliyinin işi sıfırdır


Bu şəhərin tıxacından ən çox əziyyət çəkənlər isə vətəndaşlardır

"Yol infrastrukturu düzgün qurulmayıb, texnologiya əsrində simulyasiya yoxdur. Bizdə kimsə işə gəlir, çay içib deyir ki, Yusif Səfərova 2 işıqfor qoyaq! Nəticədə də vəziyyət lap pis olub"

Aidiyyəti qurumlar tıxac probleminin həlli ilə əlaqədar hansı işlər gördükləri barədə hesabat verməlidir. Bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin dünən keçirilən iclasında deyib. O bildirib ki, Bakıda tıxaclarla bağlı böyük problemlər yaşanır. 

Bu, insanların həyatında böyük vaxt itkisinə səbəb olur. Məktəblər açıldıqdan sonra bu problem daha da böyüyüb: “Aidiyyəti qurumlar bu məsələnin həlli ilə əlaqədar hansı işlər gördükləri barədə hesabat verməlidir. Bakı nəqliyyatla kifayət qədər yüklənmiş şəhərdir, lakin bunun əziyyətini vətəndaşlar çəkməməlidirlər”.

Nəqliyyat eksperti Fərid Hüseynov "Şərq"ə açıqlamasında deyib ki, Azərbaycanda ümumiyyətlə, yol infrastrukturu düzgün qurulmayıb.  Ekspert qeyd edib ki, bir çox ölkələrdə tıxac problemi yaşansa da, vəziyyət Azərbaycandakı kimi acınacaqlı deyil:

"Ümumiyyətlə, bizdə yol infrastrukturu düzgün qurulmur. Tıxac bir çox ölkədə, bir çox şəhərdə olur. Ancaq avtomobil sayı artdıqca, köhnə şəhərlər bundan daha çox əziyyət çəkir. Qeyd edim ki, inkişaf etmiş ölkələrdə yol-nəqliyyat qaydalarına hansısa dəyişiklik edilməzdən qabaq hesablama aparılır, dəyişiklik simulyasiya edilir ki, nəticələri öncədən bilsinlər. Qurumlar düşünüb hansısa qərarı verir və tətbiq edirlər. Bizdə belə yanaşma yoxdur. Məsələn, 2016-cı ildə Yusif Səfərov küçəsində tıxac ancaq pik saatlarda olurdu. Tıxacın orada yaranma səbəbi o idi ki, enli yol yuxarıda daraldı, yəni sanki yolun sonunda "butulka" effekti yarandı.  Sonra o yolda sürət həddini 80 km/saata qaldırdılar, daha sonra isə 60-a saldılar. İndi isə araya iki işıqfor qoyublar və bunun nəticəsində yol indi lap bərbad vəziyyətdədir, həmişə tıxac olur. 

Yəni bütün bunların hamısı hesablanmamış, kompüter simulyasiyası aparılmamış qərarlardır. Bakı Nəqliyyat Agentliyi bir şey edir, Dövlət Yol Polisi başqasını.

 Bizim qurumlar insfrastrukturu çox bərbad qururlar. Ən pisi də odur ki, texnologiya əsrində simulyasiya yoxdur. Londonda ən xırda dəyişikliyin belə xeyli müddət simulyasiyası aparılır, kompüter hər mümkün variantı göstərir, nəticələrə uyğun dəyişiklik edilir. 

Bizdə kimsə işə gəlir, çay içib deyir ki, Yusif Səfərova 2 işıqfor qoyaq! Nəticədə də vəziyyət lap pis olub".

Tarix: 12-10-2021, 09:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}