“Azərbaycan mediası Türkiyə mediasından 15, Avropa mediasından 30 il geridədir”

Vüqar Həsənov: “Eyni press-relizlər, eyni açıqlamalar, eyni tezislər, eyni baxış bucağı - fikir yox, düşüncə yox, təklif yox…”
Media haqqında danışılanda ədalət, obyektivlik hər zaman ön plana çəkilir, ya da çəkilməlidir. Jurnalistin əsas fəaliyyət sahələrindən biri mövcud problemləri operativ, qərəzsiz işıqlandırmaq, həll yollarının tapılmasına yardım etmək, cəmiyyətdən ünvanlanan suallara cavab axtarmaqdır.
Peşə fəaliyyətində bunu əsas tutan, işinə heç bir halda şəxsi maraqlarını qatmayan jurnalistlər olsa da, onların çalışdığı media qurumlarının bu məqamda onlara dəstək verməməsi və ya heç olmasa mane olmaması tez-tez qarşıya çıxan çox ciddi problemlərdən biri kimi özünü müxtəlif formalarda göstərməkdə davam edir. Bir çox hallarda qərəzli yanaşmanın da elə jurnalistin özünün yox, daha çox çalışdığı media qurumunun siyasətinə bağlı olduğu deyilir.
Belə çıxırmı ki, var olduğu deyilən azad media, jurnalist anlayışı ancaq nəzəri olaraq qalıb? Ümumiyyətlə, hazırkı vəziyyətdə jurnalistlər nə edir, problemlərə necə yanaşırlar? Onlara peşə fəaliyyətlərini yerinə yetirməkdə mane olan nələrdir?
AYNA-nın bu və digər suallarını, Türkiyədə yaşayan və xarici media qurumları ilə əməkdaşlıq edən azərbaycanlı jurnalist Vüqar Həsənov cavablandırıb.

- Azərbaycan mediasını xarici media ilə necə müqayisə edərdiniz?
- Mən bu gün Azərbaycanda klassik anlayışda medianın olduğunu deməkdə çətinlik çəkirəm. Yəni Həsən bəy Zərdabi tərəfindən miras qalan, mənim ustadlarımın öyrətdiyi media bu deyildi. Bu gün Azərbaycanda mediası ofislərdəki katibə funksiyasını yerinə yetirir. Xəbər gəlir və siz onu mənə ötürürsünüz, vəssəlam. Eyni press-relizlər, eyni açıqlamalar, eyni tezislər, eyni baxış bucağı. Fikir yox, düşüncə yox, təklif yox. Janr olaraq publisistika, oçerk, reportaj, siyasi analitika itib, yox olub.
Məsələn, götürək Bakıda aktual olan parkinq və tıxac problemini. Yerli kanallarımızdan birinə çevirirəm. Artıq sujetin sonunu gözləmədən deyə bilərəm ki, Vaqif müəllimdən (Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov nəzərdə tutulur – A.N.) açıqlama olacaq və sonda müxbir deyəcək ki, günah özümüzdədir. Bəs jurnalistika nədir? Həmin o tıxacın ölkədə istehsala vurduğu zərəri hesablamaq, tıxaclarda qalan insanların əsəb-sinir sisteminin pozulmasının nələrə səbəb olacağını demək, məmurlardan bu tıxacların aradan qaldırılması məqsədi ilə Prezident tərəfindən dəfələrlə ayrılmış maliyyənin hara getməsi barədə açıq suallar qoymaq… Bu gün bunlar Azərbaycan mediasında varmı?
O ki qaldı xarici media ilə müqayisəyə, fərqlərə, deyəsən, belə bir filmimiz var – “Yerlə Göy arasında”. Biz qardaş Türkiyə mediasından ən azı 15 il, Avropa mediasından isə ən azı 30 il geridəyik. Mən bura həm texniki təchizatı, həm də peşəkarlığı aid edirəm.
- Məsələn, bu gün Azərbayan mətbuatının və xarici mətbuatın prioritetləri nələrdir?
- Səmimi desəm, Azərbaycan mətbuatının son illərdəki prioritetlərinin nələr olduğunu hələ də tapa bilməmişəm. Mənə görə, prioritet mənim işlədiyim dövrdə ustadım Araz Zeynalovun qoyduğu prioritet idi. O zamanlar redaktorum Mətin Yaşaroğlu məni gecə Yasamal qəbiristanlığına göndərəndə onun üçün prioritet IP yığmaq deyildi, sadəcə biz yerində öyrənmək istəyirdik ki, niyə o vaxt oradakı mollalar “gecə döyüşləri” keçirir, bu dini zəmində bir münaqişəyə gətirib çıxara bilərmi və s. Yəni prioritet bu idi.
Mənim yadımdadır, biz Mətin Yaşaroğlu ilə “Təzə pir” mərasim zalından reportaj hazırlamışdıq. Ölkədə səs-küy qoparmışdı. Təsəvvür edin, zalın birinci mərtəbəsində israfçılığın dinimizdə doğru sayılmadığı barədə yekə bir bildiriş var idi, ikinci mərtəbədə isə mərhumun qohum-əqrəbasına menyu təklif olunurdu. Bunu yazdıq, partlayış oldu. Yazını silmək üçün zənglər, təhdidlər gəldi. Prioritet nə idi? Yenə də dövlət və onun maraqları.
O ki qaldı xarıci mediaya, mənim müşahidələrim belədir ki, sosial şəbəkə seqmenti üzərindən strategiya daha da aktuallaşıb. Türkiyə mediası bütövlükdə “Twitter”, Rusiya mediası “Telegram”, xarici media isə özünün tədbiqləri üzərindən auditoriyaya çatır. Amma bunu edərkən maraqlı edir, araşdırma aparır, sorğu keçirir, problemə insan həyatı üzərindən baxır. Jurnalistika bu gün biznedirsə, xarici mediada rəqabət və açıq bazar var. Al oxucunu, ona maraqlı kontent ver və qazan. Bizim bugünkü acınacaqlı durumumuzun səbəblərindən biri də elə həmin o bazarın olmamasıdır. 
- Dünya mediasının özünün belə, qütbləşdiyinə dair iddialar var. Hansısa iqtisadi, siyasi maraqlara xidmət etdikləri barədə fikirlər səsləndirilir. Sizin müşahidələriniz bu haqda nə deyir, vəziyyət necədir?
- Mənim gəldiyim qənaət ondan ibarətdir ki, müstəqil media anlayışı mifdir, maraqlar var. Türklər demiş, “kurallar” var və bu oyuna girmisənsə, bu “kurallara” uyğun oynamalısan. Peşəkarlıq məhz odur ki, sən bu qaydalar çərçivəsində maraqlı ola bilirsən.
- Azərbaycanla bağlı məsələlər xarici mediada daha çox hansı formada işıqlandırılır? Bizimlə bağlı əsasən hansı məqamlar diqqət çəkir? Məsələn, Qarabağ məsələsi, iqtisadi, siyasi vəziyyət, insan haqları, medianıın durumu və sair…
- Sadaladığınız bütün məqamlar var. Əvvələr Azərbaycan əleyhinə xarici mediada materiallar gedəndə çox əsəbləşirdim. Jurnalist karyeramın önəmli illəri də məhz elə informasiya müharibəsinə həsr olunmuşdu. Amma bizim aslanların Vətən müharibəsindəki zəfərindən sonra situasiyaya daha sakit, “it hürər, karvan keçər” prizmasından yanaşıram. Yeri gəlmişkən, onu da qeyd edim ki, biz hələ bizim uşaqların – döyüşənlərin qələbəsinin tarixi mahiyyətini dərk etməmişik. Buna illər lazım olacaq.
- İkinci Qarabağ müharibəsi zamanı əcnəbi mediada daha çox Azərbaycanın əleyhinə materiallar yayımlanırdı – haqq davası apardığımıza baxmayaraq. Amma Rusiya- Ukrayna müharibəsində vəziyyət tamamilə fərqlidir – dünya mediası bu dəfə birmənalı şəkildə tamamilə Ukraynanın, yəni haqlının yanındadır…
- Əlbəttə, indi gördünüz ki, “müstəqil media” anlayışı mifdir (gülür – A.N.). Vətən müharibəsində informasiya savaşını cənab Prezident şəxsən apardı. Onun verdiyi müsahibələr, dünya siyasətindən master-klasslar məni də, müharibə dönəmində Azərbaycana gələn xarici həmkarlarımı da mat qoydu. Rus xəbər agentliyinə çalışdığım üçün müharibə dönəmində mənə çox ağır idi. Xəbəri yazmaq bir yana qalsın, bunu rus auditoriyasına çatdırmaq üçün çox əziyyət çəkirdim. Rus mediasının bir çox resurslarının erməni media maqnatlarının əlində olması işimi lap çətin etmişdi. Üstəlik, psixoloji sarsıntı, stress faktoru da var idi. Gəncə vurulanda yanımda olan həmkarlarım deyirdi ki, gözündə yaş, əllərin əsə-əsə xəbər yazırdın.
Burada bir çox səbəblər var. Hesab edirəm ki, bizim də səhvlərimiz var. Vaxtında Rusiya media bazarında olmadıq, buna pul yatırmağa maraq göstərmədik və bir an anladıq ki, artıq çox gecdir. Umid edirəm, nə vaxtsa vəziyyət bizim xeyrimizə dəyişər.
- Ümumiyyətlə, medianın Ukrayna-Rusiya müharibəsinə dair materialları nə dərəcədə həqiqəti əks etdirir?
- Açığı, özüm də real mənzərənin nə olduğunu hələ müəyyənləşdirə bilmirəm. Rus mediası yazır ki, hər şey plan üzrə gedir, Qərb mediası yazır ki, Rusiya uduzur. Yazırlar ki, Rusiya sabah çökəcək, rus mediası yazır ki, biz olmasaq, Qərb çökəcək. Real mənzərəni bilmək üçün gərək hadisə yerində olasan. Məsələn, mən bu gün Ankarada, Antalyada acından ölən, sanksiyalardan əziyyət çəkən rusa rast gəlməmişəm. Əgər “acından ölmək” odursa, mən də istərdim ki, həyatımın sonuna qədər elə “acından ölüm”. Amma yəqin ki, Rusiyanın regionlarında, kəndlərində maddi vəziyyəti ağır olan, sanksiyalardan əziyyət çəkən ruslar var.
- Qərb mediasının Qarabağ müharibəsinə və indi Ukrayna-Rusiya müharibəsinə  münasibətini müqayisə etsək, medianın mövcud yanaşmasını ikili standart hesab edirsinizmi?
- İkili standartlar olub, var və olacaq. Hətta indi bizim qələbədən sonra bizə qarşı təziqlər birə on artacaq. Bunun önündə dayanmaq üçün sağlam cəmiyyət və güclü media lazımdır. Ümid sonda ölür deyirlər, ümid edək ki, düzələr...
Tarix: 12-05-2022, 22:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}