LOTOTREYA QUMARDIRMI? - Ekspert danışır


LOTOTREYA QUMARDIRMI?
Azərbaycan televiziya kanallarında mərc və qumar oyunlarının reklamının sıx olması ictimai rəydə narazılıqla qarşılanır. Demək olar ki, hər saatda bu reklamlara rast gəlinməsi mütəxəssislər tərəfindən də tənqid edilir. Lakin bu məsələnin müvafiq qanunvericiliklə “xeyir-duasını” alması da bir başqa problemdir, desək, yanılmarıq. TV-lərdə bu cür reklamların üstünlük təşkil etməsi nə dərəcədə doğrudur? Siam.az bildirir ki, AFN.az mövzu ilə bağlı ekspertlərin rəyini alıb.

Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli bildirib ki, əvvəllər Azərbaycanda işlək olan “Teleradio yayımı haqqında” qanunla bu məsələyə bəzi məhdudiyyətlər vardı. Lakin yeni “Media haqqında” qanun qəbul olunduqdan sonra “Teleradio yayımı haqqında” qanun qüvvədən düşüb: “Maraqlıdır ki, yeni qanun mediaya fəaliyyət imkanı yaratmadığı kimi, hər şeyi də sərbəst edib. Qanunun 23-cü maddəsində deyilir ki, mediada reklam “Reklam haqqında” qanuna uyğun şəkildə aparılmalıdır. “Reklam haqqında” qanunun 32-ci maddəsi isə imkan verir ki, bilavasitə sizin toxunduğunuz idman-mərc oyunlarının, lotoreyaların reklamını telekommunikasiyada, KİV-də, açıq məkanlarda yerləşdirilsin. Bu o deməkdir ki, teleradio yayımında, o cümlədən digər media vasitələrində bu tip reklamların yayılması qadağan deyil .Yeganə qadağa rəsmi lisenziyası olmayan qumar oyunlarının yayılmasınadır. Bunun xaricində bütün icazə verilmiş oyunlar yayımlana bilər”.

Kommunikasiya eksperti Vüqar Baba açıqlamasında bildirdi ki, ümumiyyətlə mediada qumar oyunları reklamının ən çox mənfi təsir etdiyi təbəqə uşaqlardır: “Mərc oyunları, qumar reklamlarının məqsədi insanları bu oyunlara başlamağa və ya daha çox oynamağa sövq etməkdir. Bu şirkətlər böyük auditoriya qarşısına çıxmaq, daha çox insan cəlb etmək üçün marketinq və reklama milyonlarla pul xərcləyir. Onlayn oyun imkanları isə insanların iştirakını mümkün qədər asanlaşdırır – bir düyməni basmaqla qumara başlaya bilərsiniz. Bu reklamlar qumar oyununu cazibədar göstərir və uduşları əldə etməyin mümkün olduğu təəssüratı yaradır. İdman mərc oyunlarına aid reklamlar qumarbazı dostlarının qarşısında havalı, uğurlu göstərir. Lotereya reklamlarında tez-tez hansısa kənar qəsəbədən, filan rayondan olan şəxslər və ya adi peşə sahibləri yüz minlik mükafatı qazanmış kimi nümayiş olunur ki, istehlakçılar özlərini həmin qaliblərin yerində görə bilsinlər. Əslində, lotereyaların, mərc oyunlarının reklamları insanları qumar oyununun normal və sosial baxımdan məqbul olduğuna tez inandırır – qumarı cəmiyyət üçün adiləşdirir”.

Ən çox uşaqlar və yeniyetmələr təsirlənir

V.Babanın sözlərinə görə, kütləvi informasiya vasitələrində lotoreya və mərc oyunları reklamlarının göstərilməsi bütün auditoriya üçün problemlidir, amma xüsusilə qumar reklamlarına ən çox həssas olan insanları hədəf aldığı üçün daha təhlükəlidir: “Bunlar uşaqlar, yetkinlik yaşında olanlar, gənclər və keçmişdə qumar asılılığı olmuş şəxslərdir. Qumar reklamlarının əksəriyyəti böyükləri hədəfləmək məqsədi ilə yaradılsa da, bu reklamlar çox vaxt uşaqlar və yeniyetmələr üçün daha çox cəlbedici olur. İnsan lotoreya, mərc tipli oyunlara nə qədər erkən başlasa, qumar aludəçisi olma ehtimalı bir o qədər yüksəkdir.Cəmiyyətimizdə lotoreya və mərc oyunları o qədər normallaşıb ki, uşaqlar, yeniyetmələr hələ çox erkən yaşda bununla tanış olur və qumarın zərərsiz bir fəaliyyət olduğunu düşünərək böyüyürlər. Araşdırmalar göstərir ki, TV-də, internetdə, küçədə, qumar təbliğat vasitələrinə müntəzəm məruz qalma zamanla qumar oyunlarına dair təsəvvürləri və qavrayışları dəyişə bilər və yeniyetmələrin gələcəkdə qumar oynama ehtimalına təsir edə bilər. Yeniyetmə və gənclər üçün risk mənbələrindən biri internetdə bu reklamların hədəfinə düşməkdir. Saytlarda və ya sosial şəbəkələrdə mərc oyunları ilə bağlı reklamlara kliklədikdə və ya 1 dəfə oynadıqdan sonra sistem sizi mərc oyunları həvəskarı kimi tanıyır, mərc şirkətləri oyunçunun fəaliyyət məlumatlarını toplayır və təkliflərini konkret oyunçuya uyğunlaşdırır. Sonra sırf həmin şəxsin maraqlarına daha uyğun və daha çox qumar reklamları göstərməyə, həvəsləndirməyə çalışır. Bunun qarşısını almaq üçün hər dəfə qarşınıza qumar reklamları çıxdıqda bu reklamların sizə maraqsız olduğunu bildirərək, imtina (iqnor) etmək lazımdır”.

Bəs bu hallarla necə mübarizə aparmaq olar?

Həmsöhbətimizin sözlərinə görə, Qərb ölkələri qumar reklamlarının həssas insan qruplarına təsirini azaltmaq üçün müxtəlif məhdudiyyətlər tətbiq etməyə, qanunlar qəbul etməyə çalışırlar: “Mərc oyunları, lotoreya, qumarın digər növlərinin uşaq, yeniyetmə və gənclərin asan görə biləcəyi yerlərdə təqdim olunması, reklamı məhdudlaşdırılır. Həmçinin, qumar oynları reklamlarında gənclərə xitab etmək, gənc, yeniyetmə və uşaqları bu tip reklamlarda istifadə etmək, onların həyat tərzi, mədəniyyəti ilə əlaqələndirmək qadağan olunur. Qumar reklamlarının yığışdırılması problemi həll edəcəkmi? Xeyr, bir çox insanlar reklamlara məruz qalıb-qalmamasından asılı olmayaraq qumar oynamağa davam edəcək, lakin qumar reklamlarının məhdudlaşdırılması həssas vəziyyətdə olanları, o cümlədən uşaqları və qumar asılılığı ilə mübarizə aparanları qorumağa kömək edəcək”.
Tarix: 23-11-2022, 12:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}