Orda bir yol var uzaqda: İcra hakimiyyəti baxmır, bələdiyyə baxa bilmir...


Ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətdə son illər bir sıra uğurlu layihələr həyata keçirilib. 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci il ərzində 728.3 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr, yenidən qurulub, təmir olunub. 
Prezident tərəfindən 2021-ci il 26 fevral tarixli 2522 nömrəli Sərəncam ilə təsdiq edilmiş, 2021-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına, habelə Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına 17 kəndlərarası avtomobil yolları layihəsindən uzunluğu 207,4 km təşkil edən 12 layihənin icrası başa çatıb, tikintisinə ilkin vəsait ayrılmış uzunluğu 167 km təşkil edən 5 layihə üzrə işlər isə davam etdirilib. 
Magistral, kəndlərarası, qəsəbələrarası yolların çəkilişində müsbət addımlar olsa da, bu gün hələ də bölgələrdə, hətta Bakının kənddaxili yollarında uğurlu nəticələr yoxdur. Belə ki, bir çox kəndlərdə daxili yollar elə uzun illərdən bəri torpaq, yaxud sakinlərin öz hesabına çınqıl dönənmiş yollardır. Hazırda mövsümlə bağlı qarlı-yağışlı günlərin davam edəcəyini də nəzərə alsaq, həmin yollarda əhalinin hansı problem yaşadığını aydın görmək olur. 
Kənddaxili yolların təmirinə hansı qurum cavabdehdir və bu problem nə vaxt həllini tapacaq? 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Cebhe.info-ya bildirdi ki,  Bakı şəhərinin əsas küçələri istisna olmaqla qəsəbədaxili küçə və yollar yerli strukturların, yəni icra hakimiyyəti və bələdiyyənin balansındadır: 

“ AAYDA tərəfindən orada hər hansı bir xidmət göstərilmir. Kəndlərarası yollar bizim balansəmızdadır. Yəni kəndləri bir-biri, rayon mərkəzi ilə bağlayan yolları nəzərdə tuturam. Ümumiyyətlə, bu işlər dövlət proqramı çərçivəsində icra olunur. Dövlət proqramında nəzərdə tutulmuş, o cümlədən investisya proqramı çərçivəsində hansı qəsəbədaxili küçə və yollar varsa, bu işlərin icrasını həyata keçiririk. Kənddaxili yollarla bağlı ümumiyyətlə, bizim tərəfimizdən heç bir iş aparılmır. Ancaq Bakı şəhərinin qəsəbədaxili küçə və yolları var ki, bizim balansımızda olmayan, yerli strukturların balansında olan, həmin ərazilər üzrə investisiya proqramlarında bizə tapşırılan ərazilərdə tərəfimizdən təmir işləri həyata keçirilir”. 
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli isə bildirib ki, kəndlərdə, bir sıra qəsəbələrdə bələdiyyələr vətəndaş müraciətlərinə əsasən yollarda müəyyən təmir- bərpa işləri aparır: 

“Ancaq ümumilikdə  yolların daxil olduğu ərazilər bələdiyyələrin mülkiyyətinə hələ də verilmədiyi üçün bələdiyyələr bu ərazilərə xidmət göstərməkdə çətinlik çəkirlər. Bu gün bələdiyyələr üçün problem məhz mülkiyyətə əmlak və torpağın verilməməsiylə bağlıdır. Əmlak Məsələləri Dövlət Xidmətinin bu problemi hələ də həll etməyə səy göstərməməsi nəticə etibarilə bələdiyyələrə problem yaratmaqdadır. Ucqar dağ kəndləri, kiçik kənddaxili yolların çəkilişini bələdiyyələr həyata keçirə bilər. Bu, ancaq bir şərtlə ola bilər ki, ərazi bələdiyyənin mülkiyyətinə verilmiş olsun. Təəssüf ki, bu gün 1606 bələdiyyənin 90 faizinin mülkiyyətinə ümumiyyətlə, torpaq verilməyib. Faktiki olaraq bu gün bələdiyyənin mülkiyyətində nə torpaq, nə əmlak var və həmin yollar da bələdiyyənin mülkiyyətinə verilməyib”. 

Tarix: 6-12-2022, 18:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}