SAHİL BABAYEVİN “BAŞLI BAŞINI SAXLASIN” PRİNSİPİ... - Nazir dövləti “iş yeri açmaq yükündən” necə azad edir?

SAHİL BABAYEVİN “BAŞLI BAŞINI SAXLASIN” PRİNSİPİ... -
Bizim bəzi məmurlar, nazirlər sanki vaxtaşırı əhalini, xüsusilə də onun kasıb təbəqəsini “sancmaqdan” həzz alır.

“İş yerlərinin açılması məsələsi dövlətin üzərində olmamalıdır. Dövlət çox böyük bir yükü davamlı olaraq öz üzərinə çəkməli deyil”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin komitə iclasında deyib.

Nazirin dediklərində müəyyən dərəcədə həqiqət var. Bütün iqtisadi qanunların normal işlədiyi, əsl mənada bazar iqtisadiyyatının hökm sürdüyü, sosial təminatın oturuşduğu və digər şərtlərin təmin olunduğu ölkələrdə iş yerlərinin açılması biznes strukturlarının və sahibkarların üzərinə düşür. Odur ki, S.Babayevin dediklərini iqtisadiyyatı inkişaf etmiş, şaxələnmiş, tam azad sahibkarlıq mühiti olan, inhisarçılığı yaxın buraxmayan, bank sektoru, gömrük, vergi, məhkəmə sistemi mükəmməl işləyən ölkənin naziri deyə bilər.

Bizim nazir isə yəqin ki, bunu deməməlidir. Çünki bu şərtlərin böyük hissəsi hələ də Azərbaycanda təmin olunmayıb və bunda elə Babayev kimi məmurların da günahı az deyil. Çünki belə adamların düşüncəsində “biznes mühiti”, “iş yerləri”, “sahibkarlıq” anlayışları rəhbərlik etdiyi nazirliyin öz yaxın-yörəsinə aid şirkətlərə “elektron xidmətlər” adı ilə dəyəri dəfələrlə şişirdilmiş onlarla milyonluq tenderlər verməsindən ibarətdir. Dövlətin vəsaitləri isə yəqin ki, “uşaq pulu”na, əlillərə, yoxsullara, yeni iş yerlərinin açılmasına xərclənməkdənsə, hərlənib-fırlanıb yalnız məmurların və onların ətrafındakıların cibinə axmalıdır...

Məsələ ondadır ki, hətta yuxarıda sadaladığımız şərtlər yerinə yetirilən inkişaf etmiş ölkələrdə belə hökumət hansısa formada yeni iş yerlərinin açılmasını stimullaşdırır, bunun üçün sahibkarlara dəstək olur, onların maliyyə mənbələrinə çıxışını asanlaşdırır. Ən əsası isə belə ölkələrdə nazirlər S.Babayev kimi iş yerlərinin açılmasını açıq mətnlə dövlətin üzərindən atmağı, bunu bəyan etməyi və dolayısı ilə “başlı başını saxlasın” deməyi özünə rəva bilmir. Çünki belə bəyanatlar adətən əhalinin, seçicinin hökumətə, dövlətə münasibətini korlayır.

Ancaq görünür, Babayev kimi nazirləri dövlətin, hökumətin reputasiyası az maraqlandırır və hörmətli nazir özündən o qədər razı, arxayındır ki, belə həssas mövzularda istədiyi sözü demək, istədiyi mühakiməni yürütmək ixtiyarında olduğunu düşünür... Yaxşı olar ki, nazir belə mövzulara baş vurmaqdansa, daha kiçik və birbaşa vəzifəsinə uyğun məsələlərlə - məsələn, onun rəhbərlik etdiyi strukturların özünüməşğulluq proqramı adıyla hansı oyunlardan çıxması ilə maraqlansın...

Yeri gəlmişkən, S.Babayev buna bənzər daha bir açıqalmanı ailələrə uşaqpulu verilməsinə ehtiyac olmadığını əsaslandırarkən demişdi: "Çünki ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük..."

Yəni, Azərbaycan xalqının Babayev kimilərin hesabladığından daha artıq artıb-çoxalmasına ehtiyac yoxdur. Həmin vaxt xüsusilə də gənc, imkansız ailələrdə böyük narazılığa səbəb olan bu açıqlama nazirin bir dövlətin strateji maraqlarından, ümumiyyətlə dövlətçilik, anlayışından, onun fəlsəfəsindən heç də “əla” qiymətə layiq biliklərə malik olmadığını ortaya qoymuşdu.

Sözügedən nazirə dövlətin adından strateji mövzularda bu cür dayaz yanaşma tərzilə danışmaq ixtiyarının verilib – verilmədiyi barədə bir şey deyə bilmərik. Ancaq hər halda, onu deyə bilərik ki, Babyev Azərbaycanda ən çox şikayət olunan nazirliklərdən birinin - əhali arasında fəaliyyəti ən çox narazılıq yaradan, əlilləri, qaziləri, işsizləri, yoxsulları dövlətdən almalı olduqları qəpik-quruşu vermək üçün aylarla, illərlə süründürən qurum kimi tanınan nazirliyin başçısıdır.

Onun bu cür “kreativ” yanaşmaları əks etdirən “dahiyanə” açıqlamaları isə heç də insanlarımızın dövlətə olan güvəncinə, etimadına, ümidinə, gözləntisinə uyğun gəlmir...

Cəlal Məmmədov
Tarix: 3-06-2023, 14:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}