İşsizliklə bağlı açıqlanan rəqəmlər reallığı əks etdirir? - Ekspert danışır...

İşsizliklə bağlı açıqlanan rəqəmlər reallığı əks etdirir?
2024-cü il mart ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 216,6 min nəfər olmuş, onların 42,3 faizini (91,6 min nəfərini) qadınlar, 57,7%-ni (125 min nəfərini) kişilər təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 436 manat olmuşdur.

Bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilib.

2024-cü il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 250,9 min nəfər olmuş, onlardan 4 milyon 964,1 min nəfərini məşğul əhali, 286,8 min nəfərini (5,5%-ni) işsiz əhali təşkil etmişdir.

Cari il fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 725,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 901,7 min nəfər, qeyri-dövlət sektorunda isə 823,4 min nəfər təşkil etmişdir.

İqtisadiyyatın neft-qaz sektorunda 31,4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 693,7 min nəfər çalışmışdır.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,3 faizi emal sənayesində, 6,3 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.

Xidmət sahəsində işləyənlərin 19,2 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,0 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,0 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar.

Əslində işsizlərin real sayının daha çox olduğu ilə bağlı fikirlər var.

Maraqlıdır, işsizliklə bağlı açıqlanan rəqəmlər reallığı əks etdirir?

İqtisadçı Natiq Cəfərli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, rəqəmlər çox zaman reallığı əks etdirmir:

"Azərbaycanda rəsmi muzdla çalışanların əmək müqaviləsi ilə çalışanların sayı 1,7 milyondan bir az çoxdur. O zaman sual yaranır ki, o məşğul əhali hansı ki, rəsmi statistikada sayı 4,9 milyon qeyd olunur, onun 4,2 milyonu harada çalışır, necə çalışır?

Bununla bağlı hökumətin daha detallı açıqlama verməsinə ehtiyac var. Çünki hökumətin rəsmi statistikasında bir neçə sot torpağı olanları belə fermer kimi qeydə alırlar. Onların da sayı 1,5 milyona yaxındır. Yəni, onlar belə rəsmi statistikada işləyən sayılır. Bu doğrudurmu? Bu kimi detallar çoxdur. Hökumət məşğul olan əhalinin statistikasını açıqlamalıdır ki, rəqəmlər inandırıcı olsun".
Tarix: 23-03-2024, 22:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}