Qida Təhlükəszliyi Agentliyinin əməkdaşları Zərdabdakı “Göl” sahibinə rahat şəkildə, çəkinmədən qanunsuz cərimə yazıblar — FAKTLAR

İndi ölkəmizdə rəsmiyyət pərdəsi arxasında atılan addımların çoxu sahibkarlar əleyhinə hesablanır. Bu, inkarolunmaz həqiqətdir. Zərdab rayonundakı Çallı kəndi ərazsində fəaliyyət göstərən və iş adamı Məhəmməd Məhəmmədovun işlətdiyi “Göl” yeməkxanasında bu yaxınlarda baş verənlər də, deyilənlərin daha bir sübutudur. Özü də, Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aran Regional Bölməsinin əməkdaşları tərəfindən törədilib. Onlar anonim fiziki şəxsin müraciəti əsasında bu yeməkxanada plandankənar yoxlama aparmaq istəyiblər. Lakin sahibkar plandankənar olduğu, həm də şikayət edən şəxsin kimliyinin anonim saxlanması, onun qərəz xarakterli müraciətində konkret faktların olmaması səbəbindən, yoxlamanın aparılmasına icazə verməyib. Bunu şənlərinə sığışdırmayan Agentlik əməkdaşları tərəfindən, sahibkar barəsində dərhal inzibati protokol tərtib olunub. İnzibati protokol əsasında qəbul edilən qərar isə, birbaşa Rayon Məhkəməsinə göndərilib.
Əlbət ki, hər bir dövlət qurumu kimi, Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasında əsas məqsəd də, vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək öndə durub. Bu Agentliyin fəaliyyət prinsipində başlıca şərt insanların həyat və sağlamlığının qorunmasıdır. Onların qida təhlükəsizliynin təminatı, bu sahənin normal idarə edilməsi üçün, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası adından Qanun da qəbul edilib. Ölkə Prezidenti İlham Əliyev cənablarının imzası ilə, 2013-cü ilin iyul ayının 2-sində təsdiq olunduqdan altı ay sonra, bu Qanun qüvvəyə minib. Elə, bu Qanunun tələblərinə uyğun olmayan və haqqında söz açacağımız mübahisə doğuran bu ciddi məsələ ortaya çıxıb.
Doğrudan da, gəlin görək, bu mübahisənin doğurması ilə bağlı, mövcud Qanun nə deyir və hansı tərəfin hərəkətinə haqq qazandırır? Bu suala aydınlıq gətirmək üçün, ilkin olaraq, mütəxəssis və ekspertlərin fikir və rəylərinin qısa məzmununu verməyi vacib bildik. Əvvəlcə, yoxlama aparılmasına sahibkar tərəfindən icazə verilməməsi barədə, onların dediklərinə nəzər yetirək. Dediklərinə görə, Qanunun 4 – 3-cü maddəsinə əsasən, plandankənar yoxlama əsassız keçirilərsə, sahibkar buna icazə verməyə bilər. Əldə olan sənədlər, tərtib olunmuş aktlar əsasında, yoxlamanın əsaslı və əsassız olması barədə, onların verdikləri izahatlardan da aydın görünür ki, aparılan plandankənar bu yoxlama əsassızdır: “Çünki, tərtib edilmiş 02.04.2024-cü il tarixli birinci aktda, şikayətin məzmunu barəsində heç bir məlumat verilməyib. Üstəlik, sahibkarın özünün dediyinə görə, həmin gün yoxlamaya gələn Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aran Regional Bölməsinin əməkdaşları şifahi şəkildə deyiblər ki, pitidən zəhərlənmə ilə bağlı şikayət var. 03.04.2024-cü il tarixli ikinci yoxlama zamanı tərtib edilmiş ikinci aktda isə göstərilib ki, sahibkara şikayətin tarixi və məzmunu haqqında məlumat verilib. Amma sahibkarın dediyinə görə, 03.04.2024-cü il tarixində yeməkxanaya gələn Agentliyin əməkdaşları ona deyiblər ki, bəlkə, o, fikrini dəyişsin, onlar yoxlama aparsınlar. Sahibkar yenə də etiraz edərək, bildirib ki, o, fikrini dəyişməyib, yoxlama qanunsuz keçirilir. Çünki zəhərlənmə ilə bağlı şikayət varsa, bunun əldə subutu olmalıdır. Anonim bir şəxsin zəhərlənməsi ilə bağlı, konkret fakt varmı?! Necə ola bilər ki, bir insan zəhərlənsin, lakin xəstəxanaya müraciət etməsin?!. Ona görə də, plandankənar yoxlamanın aparılmasına icazə verməyəcək. Bunu eşidən əməkdaşlar, bu dəfə, yoxlamaya səbəb kimi göstəriblər ki, şikayət edən şəxsin öz müraciətində, bu yeməkxanada yediyi pitinin köhnə olmasından şikayəti də var.
Bir sözlə, tərtib edilmiş hər iki aktdan belə məlum olur ki, müraciət edən şəxsin verdiyi məlumat konkret fakt deyil. Çünki, Bölmənin əməkdaşları birinci yoxlamada müraciət edən şəxsin zəhərlənməsini, ikinci yoxlamada isə, pitinin köhnə olmasını əsas olaraq göstəriblər. Müraciətin məzmununda, iki faktın göstərilməsi ziddiyətdir. Ona görə də, plandankənar yoxlamanın aparılması doğrudan qanunsuz olub.
Qanunun 16.1.3-cü maddəsində göstərilir ki, insanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə, hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsalanan rəsmi müraciətlər, habelə, mediada məlumatlar yayıldıqda, növbədənkənar yoxlamalar aparılmalıdır.
Həmçinin, bu Qanunun 16.7-ci maddəsində göstərilib ki, 16.1.3-cü maddəyə uyğun olaraq, plandankənar yoxlamaların aparılması barədə qərar qəbul edilərkən, əvvəlki müraciətlərin doğruluğu, eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən məlumatların daxil olması, daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatına və ya onun sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vururlması nəzərə alınmalıdır. Əvvəlki müraciətlərin təsdiq olunması ilə bağlı subut, habelə bu yeməkxana barəsində müxtəlif şəxslər barədə məlumatlar daxil olması halları yoxdursa, onda, bunun insan həyatına və ya sağlamlığına təhlükə yaratması, mühüm zərər vurması necə müəyyən edilə bilər?!”.
Bu yerdə, eyni zamanda, mütəxəssis və ekspertlər öz rəy və fikirlərində xüsusi olaraq onu qeyd etdilər ki, plandankənar yoxlama ilə bağlı tərtib olunan hər iki akt, həm də düzgün tərtib olunmayıb. Çünki Qanunun 31-ci maddəsində aktın tərtib edilməsi qaydası göstərilib. Hər bir akt iki nüsxədən ibarət tərtib edilməli, biri sahibkara verilməlidir.
“Konkret desək, bu şərt Qanunda qeyd edilsə də, buna əhəmiyyət verilməyib. Aktın ikinci nüsxəsini tələb edən sahibkara isə, əməkdaşlar deyiblər ki, bu qanuna ziddir. Sahibkarın tələbindən sonra, onun aktın şəklini çəkməsinə icazə verilib. Qanunun 31-ci maddəsinin digər bəndində qeyd edilib ki, yoxlama aktında göstərilən məlumatları təsdiqləyən və yoxlamanın nəticələri üzrə qərarın qəbul edilməsi üçün, mühüm olaraq kəsb edilən digər sənədlər işə əlavə edilməlidir. Göründüyü kimi, akt natamam doldurulub. Onda, belə bir sual yaranır ki, aktda müraciətin məzmunu yazılanda, hansı məzmun nəzərdə tutulub? Bəyəm, birinci gün zəhərlənmə, ikinci gün isə, köhnə piti deyilməsi müraciətin məzmunudurmu? Axı, belə məzmunlu müraciət hansı konkret fakt əsasında yoxlama aparılmasına icazə verə bilər? Bu da bir faktdır ki, təxminən 15 ilə yaxındır ki, bu yeməkxana fəaliyyət göstərir. Bu müddət ərzində, yeməkxananı işlədən şəxs dövlət vergisini, sosial sığorta, icbari tibbi sığorta haqlarını və digər formada olan ödənişlərini də edib. Sahibkarın mövcud qanunvericiliyə uyğun olaraq, tibbi müayinədən keçməsi ilə bağlı, tibbi kartı da var. Həmçinin, bu yeməkxanada müştərilərə yüksək səviyyədə qulluq göstərildiyi də, çoxları tərəfindən etiraf edilir. Buna görə də, müştərilər bu yeməkxananın xidmətindən həmişə razılıq ediblər. Keçən 15 il ərzində, heç bir şikayət olmayıb. Yerləşdiyi ərazidəki yeməkxanaların ən yaxşısı hesab olunub. Belə olduğu halda, necə olur ki, sahibkara belə problemlər yaradılır?! Həmçinin, Qanunun 4 və 5-ci maddələrində göstərilib ki, yoxlamalar sahibkarın təqsirsizlik prezumpsiyasına uyğun, qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlıq prinsipləri əsasında aparılmalı və yoxlamaların aparılması ilə bağlı, normativ hüquqi aktların aydın olmayan və ya bir-birinə zidd müddəaları aşkar edildikdə, sahibkara münasibətdə daha əlverişli olan müddəa tətbiq edilməlidir”, — ekspert və mütəxəssislər tərəfindən qeyd olunan halın izahı belə verilir.
Redaksiya tərəfindən aparılan araşdlrmaların son nəticələri də, belə qənaətə gəlməyə əsas verir ki, şikayət anonimdir. Belə olduğu halda da, plandankənar yoxlamanın keçirilməsi qanunla qadağandır. Həm də, şikayətçi şəxsin dedikləri qərəzə söykənir. Belə olmasaydı, heç olmasa, onun zəhərlənmə və ya köhnə piti verilməsi ilə bağlı iddialarını subut edən konkret hansısa fakt ortada olardı. Bu, Bölmə rəhbərliyi səviyyəsində də bilinib. Bu səbəbdən, onlar, şikayət edən şəxs barəsində məlumat vermək istəməyiblər və konkret fakt da təqdim edə bilməyiblər. Hər iki halda qərəzçiliyin olması danılmazdır. Üstəlik, sahibkarın özünün dedikləri də, deyilənlərin doğruluğunu təsdiqləyir: “Çox vaxt, yeyib-içib nisyə yazdıran bir müştərimiz, bir müddət keçdikdən sonra, dostu ilə yeməkxanaya gəldi. Onunla görüşərkən, qalan borcu istədim. Buna görə, o, mənimlə mübahisə etməyə başladı. Əhəmiyyət vermədim. O, yeməkxanadan gedərkən, mənə belə dedi: « Deyəsən, sən artırmısan. Mən, Qida Təhlükəsizliyi Agentliyinə bura barəsində istədiyim məlumatı verər, səni cərimələtdirərəm. Onlara da, belə bir şey lazımdır».
Vətəndaşın, bir sahibkar olaraq, məni sözügedən qurumun adı ilə qorxutması, bir daha onu göstərir ki, Bölmə əməkdaşları belə qanunsuz işlərlə məşğuldurlar. Bu səbəbdən, ictimaiyyət arasında bu quruma qarşı xoş münasibət yoxdur. Bunu çoxları deyir ki, konkret fakt olmadan və anonim müraciətlər ediləndə, bu qurum qanuni əsaslarla deyil, öz qaydaları ilə işləyir. Beləcə, Bölmə əməkdaşları da, bəzilərinin qərəzçilik əməllərinə ortaq olurlar. Ona görə də, camaat bu qurumu, yalnız və yalnız sahibkara cərimə yazmaq prinsipi ilə işləyən bir dövlət idarəsi hesab edir”, — yeməkxana sahibi deyir.
Yazının sonunda onu da demək istəyirik ki, Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aran Regional Bölməsi tərəfindən, bu sahibkar barəsində protokol tərtib edilərək, məhkəməyə göndərilib. Zərdab Rayon Məhkəməsində keçiriləcək ilk məhkəmə iclası aprelin 19-na təyin edilib. İş adamı da, protokoldan və qərardan məhkəməyə etiraz şikayəti ünvanlayıb. Bir sözlə, son qərarı Zərdab Rayon Məhkəməsi verəcək. İnanırıq ki, məhkəmə bu məsələdə obyektiv araşdırma apararaq, ədalətli qərar verəcək. Bu yerdə, onu da qeyd edirik ki, bu problem həllini tapana kimi, araz.az-ın əməkdaşlarının diqqətində olacaq.

Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
Tarix: 22-04-2024, 16:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}