“Rasim Balayev dedi ki, niyə məni sevdiyini gec dedin, mən də səni sevirəm dedi və sağollaşdıq”





“Rasim Balayev dedi ki, niyə məni sevdiyini gec dedin, mən də səni sevirəm dedi və sağollaşdıq”
“Tamaşaçıların əksəriyyəti məni komediya aktrisası kimi tanıyır, amma dramatik obrazları çox sevirəm və o rolları oynamaq mənə daha rahatdır. Təbii ki, aktrisa üçün rolun fərqi yoxdur, hamısını yaşayıb, daxilimizdən keçirib oynayırıq. Zəhmli, ciddi qadın obrazlarını çox sevirəm. Nədənsə rejissorlar mənə komik obrazlar verirlər”
 
Bunu Moderator.az-a tanınmış aktrisa Nəzakət Məmmədova deyib. Aktrisa daha sonra yaratdığı “xala”, “bibi” obrazlarından da danışıb.

“Azərbaycanda “xala” obrazı yox idi, bunu ilk dəfə mən yaratmışam. “Bibi” obrazını isə sevilən aktrisamız Nəsibə Zeynalova “Qaynana” filmində yaradıb, amma o daha çox qaynana kimi tanınıb. Düzdü, bibi də deyə müraciət edilirdi ona. Nəsibə Zeynalovadan sonra “bibi” obrazını canlandıran mən olmuşam. Həqiqətən də bu mənim uğurlarımdan biridir. Heç bir tənqidə, təhqirə tuş gəlməmişəm indiyə qədər. Təbii ki, sənətçinin tənqid olunması normal haldır, demək ki, o nəsə edib onun haqda danışırlar. Tamaşaçı sənətçinin yaxşısını da, pisini də danışacaq. Məni yox, amma obrazlarımı tənqid edənlər olub. Tamaşaçılar orada Nəzakəti yox, obrazlarını tənqid ediblər. Bəziləri isə tənqiddən təhqirə keçib. Əsas odur ki, cəmiyyət içərisində bizi görəndə hamısı qaçıb qucaqlayıb, öpüb bağrına basır, şəkil çəkdirmək istəyir. Onda görürəm ki, tamaşaçının sevgisini, rəğbətini qazanmışam” deyə aktrisa bildirib.
 
 
Aktrisa canlı yayımda ona elçi düşənlərdən də danışıb. Sənətçi həmçinin Rasim Balayevi çox sevdiyini bildirib.
 
 
“Bilmirəm insanlar hansı başla yaşayırlar! Verilişdə bir insana elçi düşmək absurd bir şeydir. Elgizin verilişində bir insan canlı yayıma zəng edib mənə elçi düşdü. Sözün düzü xəbərim yox idi, təəccübləndim. Belə hallar çox olub, əhəmiyyət belə vermirəm. Mənə çox maraqsız olan bir mövzudur bu. Təbii ki, insana sirdaş lazımdır, çünki uşaqlar böyüyüb ailə həyatı quranda qadın yaxud kişi tək qalır. Təklik insana məxsus deyil. Mən də istərdim ki, mənə layiq, fakturama uyğun bir insan yanımda olsun. Hər insanı qəbul edib, ona uyğunlaşa bilmərəm. Söhbət tək xarici görünüşdən getmir, savadı, dünyagörüşü də olmalıdır. Bəzən deyirlər ki, insanın həyatı gərək birincidən alınsın, ikinci ailə həyatı uğursuz olur. Əksinə, ikinci ailə həyatı birincidən də gözəl alına bilər. Çünki insan yaşa dolduqca həyatı dərk edir. Həyatı dərk edəndən sonra ailə həyatı qurmaq daha asan olur. Uşaqlıqdan xalq artisti Rasim Balayevin vurğunu olmuşam, bir kişi kimi onu beynimdə ideallaşdırmışam. Rasim Balayev tipində bir insanla ailə həyatı qurmaq istərdim. Hətta çəkilişlərdən birində Rasim Balayevlə görüşdük, ona dedim ki, mən sizi sevirəm, mənim idealım olmusunuz! Rasim Balayev zarafatca mənə dedi ki, sevməyini mənə niyə gec dedin? Dedim ki, eybi yoxdur, gec desəm də dedim də. Əsas odur ki, ürəyimdə saxlamadım. Rasim müəllim çəkilişdən gedəndə hamıyla sağollaşdı, mənimlə xüsusi sağollaşdı və dedi ki, Nəzakət xanım mən gedirəm, onu bilin ki, mən də sizi sevirəm” deyə aktrisa bildirib.

Tarix: 4-10-2021, 09:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}