“Nə Rəqsanə, nə də Fədayə Laçın mənə kömək etmədi, bilmirəm kimə nə pislik etmişəm..."

“Nə Rəqsanə, nə də Fədayə Laçın mənə kömək etmədi, bilmirəm kimə nə pislik etmişəm...
"İnanırsınız, səhər tezdən əsəbimdən oturub ağlamışam, bu qədər şərəfsizlik, vicdansızlıq olar?"
 
“Artıq 5 aydan çoxdur ki, Rusiyadayam. Arada bir 10 gün gəlib-qayıtdım, indi yenə də Rusiyadayam. Hələ ki, geri dönməyə tələsmirəm, gəlsəm də 2022-ci ildə gələcəyəm. Burada məni tanıyanlar da az deyil. Hətta makiyajsız, idman geyimi ilə dükan-bazara gedəndə də məni tanıyırlar. Allah Rusiyada yaşayan həmyerlilərimizə uzun ömür, can sağlığı versin. Restoranlara da gedirik, məclislərdə də yer alırıq. Bura gələn müğənnilər Kremlin sarayında oxumurlar ki? Onlar da restoranda oxuyurlar da. Hamımız restoranlardan qazanırıq”
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyib. O daha sonra Rusiyada yaşayan həmkarlarının ona dəstək olmadığından da gileylənib.

“Nə Rəqsanə, nə də Fədayə Laçın mənə Moskvada kömək etmədi. Rəqsanə xanıma 2-3 dəfə müraciət etdim, heç cavab da vermədi. Amma Fədayə ilə əlaqə saxlamamışam, yalan deyərəm. Bəlkə də heç bilməyib ki, mən Moskvadayam. Bilmirəm kimə nə pislik etmişəm, bunu deyə bilmərəm. Təkcə Sərxan Kərəmoğlu mənə dəstək çıxdı. Allah onun canını sağ etsin, balalarını saxlasın. Mən ondan hər zaman razıyam, Allah etdiyi yaxşılıqları qabağına çıxartsın. İnsanlar yadlaşmayıb, quduzlaşıb. Özüm də tək qadınam, gəlib burada da tək qalmışam. Bütün Moskva bildi ki, mən ordayam, amma biri əlimdən tutmadı. Qurd-canavar qanun-qaydası gedir indi. Kim nəyi harada tapdısa, onu da cibinə qoyur. Ancaq “özümə-özümə” deyirlər. Heç kimə kömək etdi yoxdur! Məni də bəzi məclislərdə görəndə elə bil ki, yumurtlamayan toyuq görürdülər. Qaşqabaqları yer süpürürdü. Elə bilirdilər ki, Samirə gəlib yığdı apardı, bunlara qalmadı. Daha demirlər ki, hərənin öz ruzisi var. Heç kimə qarşı pis olmamışam, imkanım olanda kim müraciət edibsə hamısına kömək olmuşam. Səhnəyə yeni gələndə bir çox müğənnilərin əlindən tutmuşam, hər halda bunu danmazlar. Bacardığımdan kömək etmişəm, toyları olmayanda toy vermişəm. İndi bir çoxu əməkdar və xalq  artistləridir. Amma həmin toy verdiyim adamlar mənə bir dəfə də olsun toy verməyiblər. Mən Allaha bağlı adamam, gecə-gündüz ağzım dualı, iki əlim göydədir. Şükür Allaha, xırda-mırda qazanıram, onu da ailəmə göndərirəm. Demirəm ki, digərləri kimi süpürüb, yığıb aparıram. Hər halda Bakıda taksi sürməkdənsə burada öz sənətimlə məşğul olub ailəmə göndərməyim yaxşıdır. Bilirəm ki, ac deyillər, yeyirlər. Kreditlərim vaxtlı-vaxtında ödənilir. Yeri gəlmişkən, bir məclisdən də danışım sizə. Biz indi hal-hazırda Krımdayıq. Mən indi qatara minib, Rostov şəhərinə qayıdıram. Dünən qatara minib artıq Rostova qayıdırdıq, yolda bu gün toyu olan bir nəfər-adını da deyim Loğman Şəkili, mənə zəng edib dedi ki, qapıda bəy-gəlin çıxanda bir tərif demək lazımdır, 1 saatlıq, gələ bilərsiniz? Dedim ki, əlbəttə gələrəm. Ona demədim ki, qayıdıram, dedim ki, şəhərdəyəm. Fikirləşdim ki, desəm ki, qatardayam, deyər ki, yolundan qalma, mən də toyumdan qalmış olaram. Həmkarım Elbar Şəmkirli də mənimlə idi. Qatardan düşdük, bir taksi götürdük yenidən Krıma qayıtdıq. Biletlərə verdiyimiz pul batdı, 100 manat taksiyə  getdi. Təzədən bir otel də götürdük, otelə 100 manatımız getdi. Bu gün səhər zəng edib ki, iş alınmadı, lazım olmadınız!. İnanırsınız, səhər tezdən əsəbimdən oturub ağlamışam! Bu qədər şərəfsizlik, vicdansızlıq olar?! Sənətə olan hörmətin budur?! Heç olmasa mənim çəkdiyim xərcləri ödə. Bax belə böyük bir haqsızlıq oldu mənə qarşı” deyə müğənni bildirib.
 
Samirə Yusifqızı daha sonra şəxsi həyatından danışıb.
 
“Evin həm kişisi, həm arvadı, anamın həm oğlu, həm də qızıyam. Həyat yoldaşım qəfildən toyda dünyasını dəyişdi. Dünyasını dəyişməzdən bir neçə ay qabaq anama demişdi ki, qaynana, birdən mənə nəsə olsa uşaqlardan muğayat ol, onları sənə tapşırıram. Onun yerini heç kim əvəz edə bilməz. Həyat yoldaşım mənim ömürlük sevgim olub. Ölümündən sonra neçə il özümə gələ bilmədim. Çox insan məni qınadı ki, niyə ailə həyatı qurmadın? Necə evlənib, uşaqlarımı yad kişinin əlinə verə biləydim? Evdə qızım, oğlum böyüyürdü. Necə əmin ola bilərdim ki, sabah mənim qızıma başqa gözlə baxılmayacaq?! Əlbəttə ki, həyat yoldaşına ehtiyacım var. Kim istəməz ki, onu başa düşən, hər dərdinə şərik olan həyat yoldaşı olsun?! Allahın qisməti bu idi, onunla da barışıb oturmuşam” deyə müğənni bildirib.

Tarix: 25-10-2021, 10:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}