BİR DAHA MUĞAM MÜSABİQƏSİ HAQQINDA




Ələmdar Məmmədov, hüquqşünas
05 avqust 2022-ci ildə muğam müsabiqəsinin final mərhələsi illərdir arzu etdiyimiz məkanda - mədəniyyət paytaxtımız Şuşada keçirildi, qaliblər müəyyən edildi. Əslində, qələbəni ayrı-ayrı iştirakçılar deyil, əsrlərdən gələn, bu günə çatan və gələcək nəsillərə ötürüləcək Azərbaycan muğamı qazandı.
Təəssüf ki, final mərhələsində ifaçılara az vaxt verildiyindən heç kim əsl gücünü göstərə bilmədi.
20 il öncə muğamımız tənəzzül dövrünü yaşayırdı. Toylarda muğam ustalarını az görürdük. Cənublu qardaşlarımız muğam ifa edəndə elə təsəvvür yaranırdı ki, başqa millətin nümayəndəsi oxuyur. İndi isə ancaq Azərbaycan muğamına xas olan nəfəslə və təmiz azərbaycan dilində oxunuş eşidirik. Bu keçirilən müsabiqələrin ən böyük uğurlarından biridir.
Bütün bunlara baxmayaraq, gələcək müsabiqələrdə təkrar olunmaması üçün bəzi qüsurlar barədə fikir bildirməyi özümə borc bilirəm.
Münsiflərin əvvəlki yazımızda qeyd etdiyimiz qeyri adekvat hərəkətləri qismən azalsa da, sonrakı mərhələdə yenə təəccüblü yanaşmaların şahidi olduq. Bir neçə misal gətirmək istəyirəm.
7-ci turda Daşqın Kürçaylı 10 dəqiqə ərzində segah zabulun 5 şöbəsinə dəydi, bərdaşt oxudu, mayədən manəndi müxalif elədi, segah və zil manəndi müxalifə dəydi, təsnif oxudu. 10 dəqiqədə bu gəzişmələri edən hər bir xanəndə alqışa və təşəkkürə layiqdir. Amma münsiflər Daşqının çıxışını cəmi 75 balla qiymətləndirdilər.

 Daşqın KürçaylıNəzəri biliyinə heç bir şübhə olmayan Sərdar müəllim bu “danlaq prosesində” xüsusi fəallığı ilə seçilirdi. Üzeyir bəyin məqalələrinə istinad edən Sərdar müəllim “danlağının” sonunda əsəbi halda iki dəfə “bu nə deməkdir, bu nə səyahətdir?”- deyə, 9 bal göstərdi. (Yaqub Məmmədov 10 dəqiqə, Xan əmi isə 6 dəqiqəlik mirzəhüseyin segahında nələr etmədilər? “O olmasın, bu olsun” filmində Xan 100 saniyədə kürdü-şahnazın, demək olar ki, bütün şöbələrini gəzişmişdi).
Hörmətli Sərdar müəllim! İncəsənət nümayəndələri ilə incə və yumşaq davranmaq lazımdır. Gəncləri sındırmaq olmaz. Sizin iradlarınız bəzən ittiham nitqinə bənzəyir.
Səkinə xanım, Razi Şükürovun bərdaştda bütün şöbələri gəzişməsini qeyd etdi. Razi Şükürovun ustalığına heç bir şübhə olmasa da, zil oxuyan xanəndələrdən misal gətirilsəydi, daha yaxşı olardı.
Münsiflər haqlı olaraq gənclərə söz səhvlərini və tələffüzünü irad tuturlar. Xüsusilə İlqar Fəhminin izahları çox mükəmməldir. Təəssüf ki, bəzi münsiflər özləri sözləri düzgün tələffüz etmir, Azərbaycan dilinin qrammatik qaydalarına əməl etmirlər.
Bəzən adamda belə təsəvvür yaranır ki, müəyyən şəxslərə deyiləsi sözlər və fikirlər əvvəlcədən qərarlaşdırılır.

 Tahir Şəfiyev əvvəlki çıxışlarına nisbətən zəif oxudu. Münsiflər haqlı olaraq aşağı - 8 bal göstərdilər. Yalnız Fərqanə xanım 9 bal göstərdi. Axırıncı fikir bildirən İlqar müəllim heç bir söz demədən, sanki acığa, plan doldururmuş kimi 7 bal göstərdi. Cəmi 64 bal.
Sərdar müəllim Məftunun (bəlkə də Tahirin) ifasına münasibət bildirərkən “səhvsiz oxudun, lakin zövq ala bilmədik” deyib, aşağı bal göstərdi. Maraqlıdır, Sərdar müəllimin zövq alması üçün ifaçı daha nə etməli idi?
Münsiflər tərəfsiz olmalı, öz rəğbətini gizlətməyi bacarmalıdır.Mərhum ustadımız Əlibaba müəllim deyirdi ki, xanəndə 30 yaşa qədər öyrənir. 
Vüqar Əbilov gənclər arasında ən yaşlı olmaqla bərabər ifa etdiyi muğamların incəliklərini bilən, sabit çıxışı ilə fərqlənən pəsxan xanəndələrimizdəndir. 9-cu turda Vüqar ən zəif çıxışını etdi. “Bayatı Qacar”da bərdaşt edə bilmədi, səsi pərdədən çıxdı.Tez mayəyə düşdü, xeyli pəstən oxuduqdan sonra hüseyni, şikesteyi fars elədi. Təsnifi başlayanda da səsi “sürüşdü”. 

 Vüqar ƏbilovVüqar özü də əvvəlkilərdən zəif oxuduğunu bilirdi. İlk sözü deyən Arif müəllim haqlı olaraq “Səkinə xanımın tələbəsi olsan da, zil pərdəyə dəymədin” - deyə 9 bal verdi. İki tur əvvəl başqasının (Daşqının) şöbə gəzişmələrini kəskin tənqid edən Sərdar müəllim Vüqarın gəzişmələrini xüsusi şövqlə bəzədi və ayaqları düzgün verdiyinə görə 10 bal göstərdi. 
Digər münsiflər də, hətta Vüqarın təəccübünə səbəb olan təriflər yağdırıb 10 bal göstərdilər. Düzü, yadıma keçən müsabiqədən bir hadisə düşdü. Tanınmış xanəndələrin birinin qardaşı oğlu müsabiqəyə qatılmışdı. Gəncin səsi xəstələndiyi üçün qətiyyən işləmirdi. Münsiflər onu zorla saxladılar. ”Səs olanda oxumağa nə var, səs olmayanda oxumaq igidlikdir” dedilər. Təkrar turda hiss olunurdu ki, gənc oxumaq istəmir. Özünü zorla bəzi münsiflərin əlindən qurtarıb müsabiqəni ləyaqətlə tərk etdi.
Bəzən sanki irad tutmaq xatirinə söz deyənlər olur. 9-cu turda Daşqın Kürçaylı möhtəşəm rast oxudu. Hamı 10 bal verdi. Mələk xanım “çox narahat oxudun, zəngulələrin səliqəsiz idi, eşqin yox idi” dedi və 10 bal göstərdi. Hörmətli Mələk xanım, əgər bu qədər nöqsanı var idisə, nə üçün 10 bal göstərdiniz? Sanki, hamı bu gəncə irad tutmaq istəyir, ən mükəmməl ifasına heç nə tapmadıqda “yaxşı oxudun, dinamika çatışmırdı” deyirlər. Əlbəttə, Daşqında həyacan hiss olunur, çünki tənqid olunacağını qabaqcadan bilir və öz potensialını tam göstərə bilmir.
Ümumiyyətlə, zil oxuyanlara tez-tez təkrar edilən irad “zildə sözlərini başa düşmək olmur” ifadəsidir. Maraqlıdır, irad tutanların özləri zil pərdədə sözləri aydın deyə bilirlərmi?

Keçən əsrin 30-cu illərində təkcə görkəmli şəxslərimiz deyil, həm də kimliyimizi, mənliyimizi bildirən muğamımız da repressiyaya məruz qalmışdı.”Oxuma tar, səni istəmir proletar” şuarı ilə başlanan bu kompaniyaya nakam şairimiz M.Müşfiq kimi ziyalılarımız:
Oxu, tar!
Səni kim unudar?
Ey geniş kütləmin şirini, şərbəti,
Alovlu sənəti!..

ilə cavab verdilər.Belə bir fikir formalaşmışdı ki, pessimist əhval-ruhiyyə yaratdığından və fərdiyyətçiliyi təbliğ etdiyindən muğam kommunist əxlaqına zidd elementdir. Xüsusi ilə şaqraq zəngulələr vuran, uzun nəfəsli zil oxuyan xanəndələr sanki kommunistlərin gözünə bıçaq kimi girirdi. Çünki zil zəngulələr qəhrəmanlıq, döyüşkənlik, cəngavərlik rəmzi kimi xalqımızın ruhuna daha uyğun idi. Belə bir vəziyyətdən çıxış yolunu dahi Üzeyir bəy Cabbar Qaryağdıoğlunun dəstəyi ilə pəsxan xanəndələrin önə çəkilməsində gördü. Beləliklə, muğam dəstgahlarının mahir bilicisi pəsxan Zülfü Adıgözəlov ön plana keçirildi və muğamımız ağır basqılardan qurtulmuş oldu.
Tezliklə Zülfü Adıgözəlovun ardıcılları əmələ gəldi. Ağabala Abdullayev, Sahib Şükürov, Əbülfət Əliyev, İldırım Həsənov, Mütəllim Mütəllimov, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov,cənubda Mustafa Payan (O taydan bu taya Mustafa Payan, Oxuyur Vahidin qəzəllərini -B.Vahabzadə) sonrakı dövrlərdə Ağaxan Abdullayev, Tələt Qasımov, Razi Şükürov, və başqaları məhz Zülfü məktəbinin yetirmələridir. Maraqlıdır ki, 30-cu illərin ortalarından 50-ci illərin axırlarına qədər zil oxuyanlara meydan verilmədi. Hətta inqilaba qədər artıq tanınmış xanəndələr Xan Şuşinski və Seyid Şuşinskinin səsləri lentə yazılmırdı.
Yaqub Məmmədovun səhnəyə gəlməsi ilə “zilxanlara” qismən imkan verildi.Sonrakı illərdə Canəli Əkbərov, Sabir Mirzəyev, Qədir Rüstəmov, Qaraxan Behbudov və Alim Qasımov çətinliklə olsa da, öz sözlərini deyə bildilər. Lakin “zilxanlara” hücum heç vaxt dayanmadı və bu gün də davam edir.
Zil zəngulələrə münasibətin acı nəticəsidir ki, Ovşarı muğamını zil pərdədə oxuyan azyaşlı ifaçı Sabir Ağayev növbəti turda Şur (Şur-şahnaz) muğamını axıra qədər bəm pərdədə ifa etdi və haqlı olaraq aşağı bal aldı.
Muğamın gözəlliyi şaqraq zəngulələrlə ifadə olunur, züm-zümə etməklə yox!
Azyaşlıları və gəncləri hazırlayan xanəndələrimizin zəhməti danılmazdır və hər cür alqışa layiqdir. Amma müəllimlərin zalda hərəkəti, bəzən az qala işarələr etməsi düzgün deyildir. Məsələn: 10-cu turda Ülkər Abdullayeva “Mahur hindi” muğamını əla ifa etdi və haqlı olaraq münsiflərdən maksimum bal aldı. Sənətdə olduğu kimi pedoqoji fəaliyyətində də böyük uğurlar qazanan müəlliminin sürəkli, nümayişkarana və davamlı şəkildə alqışlaması müsabiqə qaydalarına uyğun deyil. Yenə 10-cu turda Vüqar Əbülovun ifasına ağsaqqal münsifin öz hisslərini təkcə üz ifadəsi ilə deyil, həm də əl oynatması ilə büruzə etməsi müsabiqə ruhuna tamamilə zidd hərəkətdir.
Fikrimizcə ifalar qiymətləndirilərkən məxsusi hallar da qeyd olunmalıdır.
Məsələn: 10-cu turda Humayun oxuyan Məftun Səfərli “bidad”da bir ağız segah etdi. Deyilənlərə görə Məftuna qədər bunu heç kim etməmişdi. Lakin, təəssüf ki, münsiflər bu “ilki” layiqincə qiymətləndirmədilər.
Müsabiqə qaydalarına uyğun olsa da, xanəndənin qəzəli üzünə oxuması ifanın effektini azaldır. Keçən müsabiqələrdə belə xanəndələrə tövsiyə xarakterli iradlar səslənsə də, bir neçə dəfə üzünə oxuyan Vüqar Əbilova heç bir söz deyilmədi.
Xalqımız həmişə sənətə və sənətkara hörmətlə yanaşıb, son tikəsini bölüşüb, yaşadıb sənətkarı. Son 30 ildə bu sevgiyə dövlət qayğısı da əlavə olunub. Tam məsuliyyətlə demək olar ki, bu gün dünyanın heç bir ölkəsində sənətkarlar dövlət qayğısı ilə bizdəki səviyyədə əhatə olunmayıb. 200-ə yaxın sənət adamına fəxri adlar verilib, müxtəlif mükafatlarla təltif olunublar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük sənətkarımız Əlibaba Məmmədovu xəstə olarkən evində yoluxması və onunla dialoqu bunun bariz nümunəsidir.

Hamıya bəllidir ki, muğamımızın və keçirilən müsabiqələrin əsl hamisi hörmətli Mehriban xanımdır. Təsadüfi deyil ki, məhz Mehriban xanımın səyi və dəstəyi nəticəsində 2008-ci ildə muğamımız UNESKO-nun mədəni irs siyahısına daxil edilib. Sonrakı illərdə tar, kamança və digər mədəniyyət nümunələrimiz cəmi 13-ü bu siyahıya əlavə olunub.Bu günkü muğam müsabiqəmizdə Mehriban xanımın dəstəyi və xeyir duası ilə həyata keçirilir. Münsiflər Mehriban xanımın bu qayğısına tez-tez, yerli-yersiz təşəkkür səsləndirməkdənsə, öz vəzifələrini layiqincə icra edib, doğru-düzgün seçim etsəydilər, daha yaxşı olardı.
Heç kim unutmasın ki, ictimai-siyasi fəaliyyətində minlərlə xoşməramlı əməllərinə görə nəinki ölkəmizdə, hətta dünyada xeyirxah insan kimi tanınan Mehriban xanım həm də Heydər Əliyev ocağında yetişmiş tanınmış dövlət xadimidir. Və bir gün himayə etdiyi, mən deyərdim ki, hətta əzizlədiyi layihənin icra vəziyyətini yoxlatdırar!!!
TƏKLİFLƏR.
1. Gələcək müsabiqələrdə münsiflər mütləq rotasiya olunmalı, Qəzənfər Abbasov, Aqil Məlikov kimi muğam biliciləri dəvət edilməlidir.
2. Münsiflər səhvləri qeyd edirlər, lakin necə oxumağı göstərmirlər. (Bir neçə dəfə Fərqanə Qasımova və Teyyub Aslanov bunu etdilər) Bu boşluğu doldurmaq üçün Təyyar Bayramov, İlkin Əhmədov, Babək Niftəliyev və Gülyanaq xanım kimi nisbətən gənc sənətkarları münsiflər heyətinə qatmaq lazımdır.
3. Münsiflər seçilərkən sənətdə uğurları, ustalığı ilə yanaşı fikrini səlis ifadə edən, natiqlik qabiliyyəti olan sənətkarlara üstünlük verilməlidir.
4. Bal verilməsi 5-8 arası olmalı, 9 bal çıxarılmalı və son dərəcə yüksək ifaya görə, nadir halda 10 bal göstərilməlidir. Münsiflərə hər turda bir dəfə 10 bal vermək hüququ verilməlidir.
5. Müsabiqənin obyektiv keçirilməsi üçün ifaçını hazırlayan müəllimlərin zalda olması düzgün deyil.
6. Qaliblər müəyyən edilərkən sosial şəbəkələrdə kimin ifasına neçə nəfərin baxması nəzərə alınmalıdır.
7. Aparıcıların alqışların kəsilməsində və münsiflərə söz vermə ardıcıllığında müəyyən qayda yaradılması zəruridir.
8. Tamaşıçıların zala buraxılmasında tərəfsizlik olmalıdır. Eyni münsifləri və izləyiciləri nə qədər görmək olar? Arzu edənlərin nə vaxt, hara və kimlərə müraciət etməsi əvvəlcədən elan olunmalıdır.
P.S.
Xalq artisti Mənsum İbrahimova
Hörmətli Mənsum müəllim!
Bir dəfə Sizinlə söhbətimizdə xanəndələrimiz nə üçün İslam Abdullayevin, Şəkili Ələsgərin, M.M.Fərzəliyevin təsniflərinə müraciət etmirlər deyə soruşduqda “indi o səslər yoxdur” dediniz və mən Sizinlə razılaşdım. Qocaman xanəndələrin biri deyirdi ki, klassik muğam Yaqubla getdi, Arifdə ilişib qalıb. Böyük sənətkarımız Əlibaba Məmmədov çıxışlarının birində dedi ki, hamı oxuyur, amma mən 60 ildə 3 səs eşitmişəm. Xan əmi, Yaqub Məmmədov və Arif Babayev.
Əgər Əlibaba müəllim sağ olsaydı, sonuncu müsabiqədə ifalarında “bərdaşt” eləyən, tarın bütün pərdələrində gəzişən və səs məlahətini itirməyən, bəmdə və zildə ən çətin qəzəlləri doğru düzgün tələffüzlə dinləyiciyə çatdıran, tamaşaçılar tərəfindən ən çox alqış qazanan, sosial şəbəkələrdə baxış sayı hamıdan üstün olan, yerli-yersiz irad və tənqidlərə məruz qalsa da, ruhdan düşməyib finalçı olmağı bacarıb, şərikli 3-cü mükafata layiq görülən, Cabbarın “Vilayətisini”, Seyidin “Bərdaştını” (çahargah), Ələsgərin “Rahabını”, Xanın “Kürdü- şahnazını” , Yaqubun ağ segahlı “Mənsuriyyəsini” 21-ci əsrə daşıyacaq, Sizin dediyiniz “səslə” bir əsrdən sonra İslamın “yetim segahını”oxuyan və bununla da klassik muğamla müasir muğamın sintezini yaradan Daşqın Kürçaylını da bu siyahıya əlavə edərdi. Allahın nəzəri, ustadların diqqəti bu gəncin üzərində olsun.
Amin.
Tarix: 10-08-2022, 18:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}