Rəşad Dağılının İskəndəri öldürdüyü axşam bunlar baş verib- Şahidlər danışdılar- YENİ DETALLAR


 
Məşhur meyxanaçı Rəşad Dağlının (Rəşad Əmirov) cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rəşad Dağlının qardaşı Ağamalı Əmirov ifadə verib.
Şahid qeyd edib ki, gecə vaxtı Rəşad Dağlı ona zəng edib: "Məndən gödəkçəsini istədi. Mən gödəkçəni gətirənə kimi Rəşad getmişdi, zəng etdim, telefonu açmadı. Qardaşım heç vaxt mənim zəngimi cavabsız qoymazdı. Buna görə də narahat oldum. 2 saat sonra Rəşad özü mənə zəng etdi. Dedi ki, hadisə baş verib, onu polisə aparmağımı istədi. Rəşad şokda idi, danışa bilmirdi. Buna görə də hadisə barədə mənə bir söz demədi".
Prokurorun suallarını cavablandıran şahid deyib ki, mərhum İskəndər Mehtiyevi Ələkbər Yasamallının qohumu kimi tanıyıb:
"Amma onun özü ilə tanışlığım olmayıb. Bu hadisədən əvvəl İsgəndər mənə zəng etdi. Ona cavab vermədim. Sonra mesaj yazdı ki, Rəşadı axtarır, onunla işi var. Danışmasa, sonra gec olacağını qeyd etdi. Mən də bunu Rəşada dedim. Rəşad dedi ki, boş ver, işin olmasın".
Meyxanaçının qardaşı bildirib ki, Rəşad Dağlı şokda olduğu üçün ona hadisənin təfərrüatlarını danışa bilməyib.
Ağamalı Əmirov qeyd edib ki, Rəşad Dağlı İsgəndəri öldürdüyünü, buna görə də polisə təslim olmaq istədiyini deyib: "Mən də daha heç nə soruşmadım. Onu qoydum maşına, polisə apardım".
Daha sonra ifadə verən şahid Yaşar Abdullayev deyib ki, Rəşad Dağlı onun icarəyə götürdüyü obyektdən bıçaq alıb. Rəşad Dağlının məlum hadisə günü aldığı bıçaq açıq satışda olub, satılması üçün heç bir qadağa olmayıb: "Həmin bıçağın alınması üçün heç bir sənəd tələb olunmur. Bu hadisənin baş verməsini səhəri  gün eşitdim. Həmin gün bildim ki, gecə Rəşad bizim mağazadan bıçaq alıb".
Digər şahid İskəndər Mehtiyevin qohumu Azər Quliyev bildirib ki, İskəndər onun telefonundan Rəşad Dağlıya zəng edib: "Rəşada dedi ki, danışıb görüşməliyik. Rəşad ondan nə məsələ olduğunu soruşdu. İsgəndər də telefon söhbəti olmadığını dedi. Söhbətin nədən ibarət olduğunu mən də bilməmişəm. Bu söhbət mənə maraqlı gəlmədi. Buna görə soruşmadım. İsgəndər də bir söz demədi".
Sualları cavablandıran şahid deyib ki, Rəşad Dağlı ilə onun heç bir əlaqəsi olmayıb, onu ancaq məclislərdə görüb.
Növbəti proses iyunun 9-da davam edəcək.
İttihama görə, ötən ilin noyabrın 9-da, saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İttiham aktında qeyd edilib ki, əvvəllər dəfələrlə məhkum edilmiş İsgəndər Mehtiyev Rəşad Dağlı haqqında təhqir xarakterli ifadələr səsləndirib, təhqirlərin dayandırılması üçün ondan 3 min manat pul tələb edib.
Bundan sonra Rəşad Dağlı Biləcəri qəsəbəsində yerləşən mağazadan bıçaq alıb. Noyabrın 8-dən 9-na keçən gecə Rəşad Dağlı İsgəndər Mehdiyevin yaşadığı evin qarşısına gələrək, onu maşınına mindirib, onlar birlikdə gediblər. Hadisə də avtomobilin içində, Qaradağ rayonu, Lökbatan dairəsi adlanan ərazidə baş verib.
Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən hadisədən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.
İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.
Rəşad Əmirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Rəşad Dağlıya Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə də ittiham verilib.
Tarix: 19-05-2023, 17:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}