ABŞ Konqresində kritik dinləmələr - ermənipərəstlərdən ədalət gözləyəkmi?

ABŞ Konqresində kritik dinləmələr - ermənipərəstlərdən ədalət gözləyəkmi? Elxan Şahinoğlu: “Müsbət nəticə gözləmək üçün əsas yoxdur”

ABŞ Helsinki Komissiyası növbəti Qarabağ dinləmələri keçirəcək. Oktyabrın 18-də keçiriləcək dinləmələrdə Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusu müzakirə olunacaq.

Bununla bağlı Komissiyanın yaydığı məlumatda 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər. Dinləmələrdə ATƏT Minsk Qrupunun keçmiş amerikalı həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), eləcə də Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər.

Ancaq ekspertlər bu dinləmələrin Azərbaycanın xeyrinə olmadığı qənaətindədirlər. Bu isə Helsinki Komissiyasının daha əvvəl sərgilədiyi mövqe və onun hazırkı sədri, konqresmen Kristofer Smitin ermənipərəst mövqedə olması ilə izah edilir. Məsələ ondadır ki, Helsinki Yekun Aktının əsas prinsipləri olan suveren bərabərlik, zor işlətməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisənin dinc yolla həll olunması; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlara hörmət; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi kimi müddəalar Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib.

Konqresmen Kristofer Smit ermənipərəst siyasətçi kimi tanınır, Azərbaycana qarşı “907-ci düzəliş”in müəlliflərindən biridir. Bundan başqa o, ABŞ-ın “erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarındadır.

Bu baxımdan Azərbaycan tərəfi Helsinki Komissiyasında keçiriləcək növbəti dinləmələrdən də müsbət nəticə gözləmir. ABŞ-da Azərbaycan hakimiyyətinə qarşı mənfi münasibətin gücləndiyi bir zamanda Helsinki Komissiyası Qarabağ münaqişəsini müzakirəyə çıxarmaqla separatçılar üçün dəstək qazanmağa, ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yadımı artırmağa çağırmaq məqsədi güdür.

Siyasi analitik Elxan Şahinoğlu musavat.com -a deyib ki, ABŞ Konqresinin əvvəlki illərdəki “təcrübəsinə” baxsaq, Helsinki Komissiyasındakı dinləmələrdən hansısa müsbət nəticə gözləməyə dəyməz.

Sitat: “Müsbət nəticə gözləmək üçün, necə deyərlər, əsas yoxdur. Konqresdə erməni lobbisinin təsiri ilə Azərbaycan əleyhinə 907-ci düzəliş qəbul olunub. 90-cı illərin əvvəllərində bu əlavə qəbul olundu və ondan sonra da ABŞ Konqresi Azərbaycanın xeyirinə və ədalətli mövqe sərgiləmədi. Bu da onunla əlaqədar idi ki, erməni lobbisinin Konqresdə təsiri çox böyükdür”.

ABŞ Konqresində kritik dinləmələr - ermənipərəstlərdən ədalət gözləyəkmi?

E.Şahinoğlu deyir ki, ABŞ hökuməti və diplomatiyası müəyyən mənada ədalətli davransa da, qanunverici məclisdə erməni təsiri güclüdür: “Doğrudur, indi həmsədrlər neytral mövqedən çıxış etməlidirlər və etiraf etmək lazımdır ki, amerikalı həmsədrlər çox zaman məsələyə ədalətli yanaşırdılar. Məsələn, ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması kimi tələbləri dəstəkləyirdilər. Ancaq onların Konqresdə, Helsinki Komissiyasında nə deməsindən asılı olmayaraq yəqin ki, müzakirələr Ermənistana dəstək formasında davam edəcək. Sadəcə olaraq maraqlı odur ki, ABŞ Konqresi Ermənistana və konkret olaraq separatçılara Rusiyanın etmədiyi dəstəyi verir. Hətta birbaşa separatçılara maliyyə yardımı ayırırlar. Məlumdur ki, Ermənistan Rusiyanın strateji müttəfiqidir, ondan asılıdır. Və bu gün Rusiya Amerikanın əsas rəqibidir. Ziddiyyətli məqam ondan ibarətdir ki, Rusiyaya qarşı sərt qərarlar qəbul edən və prezident Trampdan Rusiyaya qarşı sərt addımlar atmağı tələb edən ABŞ Konqresi Ermənistana qarşı çox loyaldır. Halbuki qeyd elədiyim kimi, Ermənistan Rusiyanın müttəfiqi, ondan asılı olan bir ölkədir. Bu, çox böyük ziddiyyətdir və təəssüflər olsun ki, heç kim bu məsələni qaldırmır. Ermənistana dəstək verən Konqresin bilavasitə Rusiyanın müttəfiqinə, belə desək onun Cənubi Qafqazdakı mövqelərinə dəstək verdiyini anlamırlar? Maraqlıdır ki, Ağ Ev və Dövlət Departamenti hər zaman Azərbaycanla əməkdaşlığa yüksək qiymət verdiklərini, ölkəmizin əhəmiyyətini vurğulayırlar. Ancaq çox təəssüf ki, Konqres məsələyə fərqli mövqedən yanaşır. Ona görə də növbəti dinləmələrdən yaxşı heç nə gözləmirəm”.

KƏNAN
Tarix: 16-10-2017, 08:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}