Ziya Məmmədovun qardaşı ucarlılara necə divan tutur?

Ziya Məmmədovun  qardaşı ucarlılara necə divan tutur? Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədov Ucarda halalla haramı bir-birinə qarışdırıb. Belə ki, o, sahibi olduğu tikinti şirkətinin adını “Halal inşaat” qoyub, amma şirkətin işgüzar fəaliyyətinin bu ada zərrə qədər aidiyyəti yoxdur.

Hər halda Ucar rayonu Alpı kənd sakini Novruz Əhmədovun Siam.az-a göndərdiyi məktubdan belə anlaşılır.

Şikayətçinin bildirdiyinə görə, Ucar rayonunda “Dördyol” adlanan ərazidə yerləşən "Halal İnşaat" pərakəndə və topdansatış bazasında saxta tikinti materialları sataraq, vətəndaşlara ziyan vurmaqdan çəkinmir. Şirkətin hətta alış-veriş zamanı ödənilən pula görə təqdim etdiyi ödəniş qəbzləri də saxtadır. Məqsəd isə vergi ödənişlərindən yayınmaqdır.

N.Əhmədov “Halal İnşaat”-ın qanunların fövqündə olan gücünü Ziya Məmmədovun qardaşına məxsus olmasında görür və Qarabörk kəndində yerləşən şirkətin sahibkarlıq məsələsində də satakarlığa getdiyini vurğulayır. O, bildirir ki, Məmmədov qardaşları törətdikləri cinayətlərin məsuliyyətindən yaxa qurtarmaq üçün “Yüsif Sərrac” belə tapıb, şirkətin bütün sənədlərini onu işlədən Rafael Məhərrəmovun atasının adına rəsmiləşdiriblər.



Şikayətçi Novruz Əhmədov

İddiaya görə, “Halal İnşaat”-ın bu fəaliyyətindən zərər görənlərdən biri də elə Novruz Əhmədovun özüdür:

“2017-ci ilin aprel ayı tarixində "Halal İnşaat"-dan 180 kisə 50 kloqramlıq Qaradağ YR-500 markalı sement, 612 metr armatur, 2 maşın qum və 2 maşın doğranmış çınqıl aldım. Həmin materiallarla həyətyanı sahəmdə tikinti özülü hazırlandı və beton töküldü. Ancaq sement tam keyfiyyətsiz olduğu üçün 15 gün keçməsinə baxmayaraq, beton bərkimədi. Bununla da mənə 3500 manat maddi ziyan dəydi”.

Bu barədə "Halal İnşaat"-a məlumat verən şikayətçi icraçı direktor Rafael Məhərrəmovun gözlənilməz təpkisiylə qarşılaşıb:



“Oranı işlədən Rafael Məhərrəmov evimə gəlib tikintiyə baxdı və bildirdi ki, belə hallar olur, bu, bizilik deyil Qaradağ sement zavodu saxta sement istehsal edirsə, buna mən nə etməliyəm?"

N.Əhmədov üzləşdiyi problemlərlə bağlı İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehsalçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət ərizəsi ilə müraciət edib. Amma yenə də heç bir tədbir görülməyib. Maraqlıdır ki, Məmmədov qardaşlarına heç Vergilər Nazirliyində də bata bilmirlər:



“Hətta aldığım tikinti materiallarına görə "Halal İnşaat" bazasına ödədiyim pulun kassa qəbzinin saxta olmasını da mənə Ucar rayonunda yerləşən vergi idarəsinin əməkdaşı bildirdi. Bunu isə gəlir vergisindən yayınmaq məqsədi ilə edirlər. Bu minvalla "Halal İnşaat"-da hər ay vergidən küllü miqdarda gəlir vergisini gizlətməklə dövlətə ziyan vurulur. Saxtakarlıqla bağlı əlimdə subutlarımın olmasına baxmayaraq, "Halal İnşaat" barəsində heç bir tədbir görülmür”.

Şikayətçinin iddiasına görə, “Halal İnşaat”-ın haramxorluğunun qurbanına çevrilən yalnız o da deyil. Sən demə, xeyli Ucar əhli şirkətin onlara satdığı materiallarla evlərini tikib və bir çoxları da eyni problemlərlə üzləşib:

“Digər Ucar sakinlərinin də bu bazadan aldıqları Qaradağ sementləri saxta çıxmış, onlara dəymiş ziyanlar ödənilməmişdir. Belə çıxır ki, "Halal İnşaat" bazası pul qazanmaq üçün Qaradağ sement zavodu ilə əlbir olub saxta malları camaata sırıyır”.

N.Əhmədov balalarının boğazından kəsib Məmmədov qardaşlarına yedirtdiyi pulları geri almaq üçün indi səbrsizliklə İqtisadiyyat naziri Şahin Mustafayevin Ucara səfərini gözləyir:



“25 yanvar 2018-ci il tarixdə İqtisadiyyat Naziri cənab Şahin Mustafayev Ucar rayonunda vətəndaşların qəbulunu keçirəcək və həmin qəbula mən də yazılmışam. İqtisadiyyat Naziri cənab Şahin Mustafayevlə yanaşı, Vegilər naziri cənab Mikayıl Cabbarovdan da xahiş edirəm; Ucar rayonunda saxta və qanunsuz fəaliyyətlə məşğul olan "Halal İnşaat" bazasında ciddi yoxlama aparılmasına tapşırıq verəsiniz. Onlar belə saxta və qanunsuz fəaliyyətləri ilə dövlətə, vətəndaşlara küllü miqdarda ziyan vururlar”.

Şikayətçinin bu iddasının nə dərəcədə doğru olub-olmadığını yoxlamaq mətbu orqan kimi bizim imkanlarımız xaricindədir. Əgər iddialar doğrudursa, N.Əhmədov kimi betonu tutmayanlar bəlkə də aldadılmışların ən şanslısıdırlar. Keyfiyyətsiz betondan hazırlanan evlərdə yaşayan Ucar camaatı daha ciddi təhlükəylə üz-üzə qala bilərlər. Odur ki, dövlət qurumlarının dərhal bu şikayəti araşdırması və təhlükənin daha da böyüməsinin qarşısını almalıdırlar.

Təbii ki, ölkənin bu ağır günündə vaxtilə dövlət əmlakını səmərəsiz istifadə edərək zənginləşən oliqarxın indi vergidən yayınan üsullara əl atması da cəzasız qalacaq əməllərdən deyil.


Tarix: 10-01-2018, 15:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}