Binəqədidə aksiya edən məcburi köçkünlər nədən narazıydılar? - REPORTAJ, FOTOLAR


Ötən gün Bakının Binəqədi rayonunda məcburi köçkünlər aksiya keçiriblər. Məlumata görə, Həmzə Babaşov küçəsində məskunlaşmış məcburi köçkünlərin etirazına səbəb onlara verilməli olan evlərlə bağlı qanun pozuntusunun yaşanmasıdır.

Öncə onu da qeyd edək ki, ötən ilin dekabr ayında da həmin ərazidə yaşayan məcburi köçkünlər Dərnəgül ərazisində magistral yolu bağlamışdılar. Onlar evlərin verilməsində pul amilinin rol oynadığını, ev bölgüsündə ailə üzvlərinin sayının nəzərə alınmamasına narazılıqlarını bildirirdilər. Sakinlər söyləyirdilər ki, qanuna görə, 2 nəfərdən ibarət ailə 1, 3 nəfərdən ibarət ailə 2, 5 nəfərlik ailə isə 3 otaqlı mənzillə təmin olunmalıdır. Lakin onlara ailə tərkibindən asılı olmayaraq, 1 otaqlı mənzil verilir.

Hadisə ilə bağlı məlumat aldıqdan sonra musavat.com-un əməkdaşı olaraq söküntülərin aparıldığı əraziyə yollandıq. Müşahidə etdik ki, artıq əksər binalar sökülüb, əhali isə digər yerlərə köçürülüb. Ərazidə Binəqədi rayon Polis İdarəsinin və çevik polis alayının əməkdaşları, eyni zamanda icra nümayəndələri də vardı. İcra nümayəndələri bir-bir əhali ilə söhbət edib, onlara evlərin harada necə veriləcəyi ilə bağlı məlumatlar verirdi. Məcburi köçkünlərin bəziləri isə yük maşınları ilə öz əşyalarını daşıyırdılar.

Yolları palçıq, şəraiti yox səviyyəsində olan yarımçıq tikililərdə hazırda 60-a yaxın ailənin yaşadığını öyrəndik. Əvvəllər isə bu rəqəmin daha çox olduğunu söylədilər. Yarımçıq tikilidə 1990-cı illərdən etibarən Xocalı, Ağdam, Füzuli və digər işğal altında olan ərazilərimizdən məcburi köçkünlər məskunlaşıblar. Ötən günü aksiya etsələr də, biz orada olduğumuz zaman sakinlər razı görünürdülər.

Söhbət etdiyimiz məcburi köçkünlər bildirdilər ki, narazılıq edənlərin əksəriyyəti yerli camaatdır ki, onların da çoxunun sənədi yoxdur: “Burada təkcə məcburi köçkünlər deyil, yerli camaat da məskunlaşmışdı. Köçürülmə işləri başlayan zaman onların lazımi sənədlərinin olmadığı üzə çıxdı. Adam da var ki, rayonda da qeydiyyatdadır, oradan da ev alıblar. İndi də buradan ev almaq istəyirlər. Ona görə də müvafiq qurumlar həmin ailələrə ev verməyəcəklərini söylədilər. Həmin bir qrup camaat da yolu bağlayıb, etiraz etməyə başladılar. Hazırda binada 60-a yaxın ailə qalıb ki, onların da hamısı yavaş-yavaş köçürülür. Elə bu gün də bir qisim əhali köçürüldü. Mehdiabadda, “Ukrayna dairəsi”nin ətrafında, Masazırda və digər harada ev tikilirsə, boş yer varsa, buradan çıxarılan məcburi köçkünləri həmin evlərə yerləşdirirlər. Məsələn, elə ailə var ki, 6 üzvü var, onları Masazıra yerləşdirirlər. Yəni istənilən halda buradan yaxşı yerə köçürülürük”.

Məcburi köçkünlər bildirdilər ki, yaşadıqları yarımçıq tikilidə bir neçə dəfə yanğın baş verib. Elə biz də tikilinin divarlarında yanıq izlərini açıq şəkildə gördük: “Kanalizasiya sistemi bərbad idi. Natəmizlik, üfunət qoxusu hər tərəfi bürümüşdü. Bundan əlavə kommunal xətlərin də hamısı nasaz vəziyyətdə idi. Xüsusilə də kim necə gəldi, elektrik xəttini çəkib, aparmışdı. Elə ona görə də 5-6 dəfə binada yanğın olub. Sonuncu dəfə yanğın ötən il baş verib ki, onun da izlərini görmək olur”.

Hazırda ərazidə iki yarımçıq tikili qalıb ki, onların da yaxın günlərdə tamamilə sökülməsi nəzərdə tutulub. Bu barədə ərazidə söküntü aparan fəhlələrdən məlumat aldıq. Onlar bildirdilər ki, camaat köçürülən kimi binalar da hissə-hissə söküləcək. Söküldükdən sonra orada nəyin tikiləcəyi isə məlum deyil.

Ancaq Binəqədi camaatının sözlərinə görə, bu ərazidə çoxmərtəbəli binaların tikilməsi nəzərdə tutulub. Hündürlükdə yerləşən ərazi olduqca əlverişli yerdədir.

Onu da qeyd edək ki, məcburi köçkünlərin illərdir, yaşadıqları bu uçuq-sökük tikililərin ətrafı “milyonerlər məhəlləsi” kimi adlanır. Həmin məhəllədə ard-arda villalar ucaldılıb. Elə Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərov və keçmiş vergilər naziri Fazil Məmmədovun da villaları məhz bu məhəllədədir.

Yuxarıda da qeyd etdiyimiz kimi, biz orada olduğumuz zaman narazılıq edən, aksiya keçirən sakinlərə rast gəlmədik. Hər rayonun icra nümayəndəliyi gəlib, sakinlərlə danışıqlar aparırdılar. Onlar bildirdilər ki, bütün problemlər həll olunacaq və narazı məcburi köçkün qalmayacaq.

Yaşanan problemlərlə bağlı məlumat almaq üçün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə də əlaqə saxladıq. Lakin komitədən bildirildi ki, onların keçirilən aksiya barəsində məlumatları yoxdur.

Əli Rais,
Musavat.com,
Fotolar müəllifindir.










Tarix: 10-01-2018, 21:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}