“Bu, nadanlığın zirvəsidir” – Sabir Rüstəmxanlı


BakuPost Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının öz feysbuk hesabında yaydığı "Ad məsələsi” adlı yazısını təqdim edir:


Bir-birimizə münasibətdə, müraciətdə, çeşidli dialoqlarda, hətta ən sərt tənqidi yazılarda ədəb-ərkan qaydalarını pozmaq, insanların şəxsiyyətini alçaltmaq, ürəyinə toxunmaq olmaz!

Söz yarasının nə qədər ağır olduğunu və sağalmadığını hamımız bilirik. Buna görə də narazı olduğum, fikrini bəyənmədiyim adamlara da müraciət edərkən nəzakət qaydalarını qorumağa çalışıram. Məsələn, Güntay Gəncalp ilə aylarla davam edən dialoqumuza yazılan yorumlarda tez-tez mənə onun İran deyilən ölkədən Məniçöhr adıyla gəldiyini xatırladır və ona baş qoşmamağı "tövsiyə” edirdilər. Bu məsələyə aydınlıq gətirməyi özümə borc sayıram. 

Güntay Məniçöhr adını özü seçməyib, ona bu adı İran rejiminin məmurları veriblər. Bu 35 milyonluq Güneyli qardaşlarımızın ümumi faciəsidir. Bir millətə uşaqlarına ana dilində ad qoymaq imkanı belə verilmir. Burda Məniçöhrün nə günahı? Əksinə, onu alqışlamaq lazımdır ki, əlinə ilk imkan düşən kimi adını türkləşdirmişdir; dövlətin iradəsini qıraraq öz milli iradəsi ortalığa qoymuşdur. Kaş bütün güneyli qardaşlarımız bunu bacaraydılar. Müqayisə üçün deyim ki, Arazın quzeyində yəni Azərbaycanın respublikasında 27 il müstəqil olmağımıza baxmayaraq, hələ də müti bir itaətkarlıqla sovetin "ov” soyadını qoruyub saxlayırıq. Əslinə qalanda bu iki durum arasında heç bir fərq yoxdur. Orda bir türkə Məniçöhr adı veriblər, burda bir türkün babasının adına "ov” şəkilçisi qoşublar. Ona lağ edirsənsə buna da lağ etməlisən. Bu vəziyyəti kimisə alçaltmaq vasitəsinə çevirmək olmaz, bu, millətimizin keçdiyi tarixin acı nəticəsidir və bütövlüklə həll edilməlidir.
 
Təəssüf ki, bizdə itaətkarlıq normal qarşılandığı halda, boyunduruqlardan xilas olmaq, milli kökə qayıtmaq istehza hədəfinə çevrilir və bu addımı atan adamlara daha çox hücumlar edilir. Məsələn, vaxtilə rəhmətlik Əbülfəz Elçibəyi iqtidar mətbuatında tənqid edənlər başqa söz tapmayanda Elçibəy sözün atıb Əbülfəz Əliyev yazırdılar. Guya, bu yolla onu ifşa etdiklərini düşünürdülər. Mənim təsəvvürümdə bu, nadanlığın zirvəsidir. İnsan əsarət zəncirini qırmağa çalışır, yad soyaddan xilas olmaq, öz kökünə qayıtmaq istəyir və ya özünə təxəllüs götürür, bir dəstə qul təfəkkürlü ona dil uzadır ki, sən niyə azad olmağa çalışırsan, sən də gəl bizimlə bir yerdə kölələr arasında qərar tut.
 
Son statusumda yazdığım kimi, Bayandur Ərenolla tarixə baxışlarımız ayrıdır. O, tarixi məhkəməyə çəkərkən bu günün düşüncəsiylə yazır, mən isə tarixə tarixin öz konteksində yanaşılmasının tərəfdarıyam. Mən xırda səhvlərə görə böyük tarixi şəxslərimizin qaralanmasını qəbul etmirəm; fikir ayrılıqlarına normal baxıram. Bir həqiqətə sevgim olanda başqa həqiqətləri bütövlüklə silib atmıram. Bu baxımdan Güntay maksimalistdir. Amma bu cür yanaşmalar sonda aparıb düşmənçiliyə və faşizmə çıxara bilər. 

Mən Azərbaycanda etnik ayrı-seçkiliyin hardan qaynaqlandığını, dövlətimizə və millətimizə ziyan vurduğunu bilir və bunu qəbul etmirəm. Türk olmaq və türkçülüyü təbliğ etmək başqa azsaylı xalqlarımıza sevgimi və sayğımı azaltmır. Bu mövqeyim kimlərsə tərəfindən anlaşılmır. Amma mən öz yolumu və hədəfimi bilən adamam və bu cür yanlış yanaşmalara ciddi əhəmiyyət vermirəm. 

Məncə, bu gün cəmiyyətimizin ən böyük bəlası insanlarımız arasında qarşılıqlı inamın, sayğının və sevginin azalmasıdır. Bunlar olmayan yerdə nə qədər əmin-amanlıq olsa da ,insan özünü rahat hiss edə bilməz.

Tarix: 3-05-2018, 14:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}