London “londramat”ı və ya talançılar üçün dumanlı cənnət


Dünya üzərində ingilislərdən çox haqq-ədalətdən, dürüstlükdən, korrupsiyaya qarşı mübarizədən danışan yoxdur. Sanarsan, dünya demokratiyasının paytaxtı Londondur. Özləri üçün elədirlər - dürüst, obyektiv, vicdanlı.

Ancaq dünyanın əksər korrupsionerlərinin əsas pənah yeri də bu böyük, dumanlı adada yerləşən dövlətdir.

Öz ölkələrində yüksək mənsəbli dövlət postları əldə edən, onun vasitəsi ilə dövlətin büdcəsini, xalqın cibini soyan müxtəlif irqli korrupsionerlər axırda qaçıb Britaniyaya sığınır, öz həyatlarını, kef-damaqlarını sürdürürlər.

Rusiyalı oliqarxlar da belə etmişdi. Roman Abramoviç, Boris Berezovski, Mixail Xodorkovski öz ölkələrində milyardlara sahib olduqdan, siyasət Olimpində ulduz kimi parlayıb-söndükdən sonra Atlantik okeanının qoynundakı nəhəng adada mal-mülk sahibinə çevrildilər. Onlardan başqa xeyli adam da bu yolu tutub.

Böyük Britaniya tarixən bu cür olub, dünyanın dörd bir yanında müstəmləkələrə sahib olub, daima imperialist siyasət yeridib, müstəmləkələrlə metropoliyanın münasibətlərini elə düzüb-qoşub ki, dünyanın sərvəti fasiləsiz kanallarla Londona, Liverpula, Mançesterə axıb.

Həmin siyasət hələ də dəyişməyib, sadəcə, müasir dövrün tələblərinə uyğunlaşdırılıb. Yenə də dünyanın bir çox yerində qazanılan, xalqdan çırpışdırılan milyardlar dönüb-dolaşır, Britaniyaya gedib çıxır.

Britaniya isə ölkəyə milyardlar gətirənlərə vətəndaşlıq, toxunulmazlıq qarantiyası verir.

Londonda da, dünyanın dörd bucağında da hər kəs bilir ki, o milyardları Britaniyaya daşıyanlar korrupsionerlərdir, amma bu, dövləti idarə edənlərin vecinə deyil, təki gəlsinlər, pul gətirsinlər.

Bəs başqa vaxt “landromat”dan, korrupsiyadan danışmağın adı nədir? Heç nə, adi riyakarlıq. O “çirkli pullar” Britaniyaya daxil olanda avtomatik təmizlənir, söz-söhbət çıxmır. Söz-söhbət o vaxt yaranır ki, dövlətin mənafeyinə zidd olan durumlar əmələ gəlir.

Məsələn, “Skripalların zəhərlənməsi” işində Rusiya və İngiltərə arasında münasibətlər gərginləşəndə qəfildən ada dövlətini idarə edənlərin yadına düşdü ki, Britaniyada minlərlə rus yaşayır, onların çoxu  oliqarxdır, burada mal-mülk sahibləridir və onların varidatının mənbəyi şübhəlidir, çirkli pullardır və s.

Casus Skripal zəhərlənməsəydi, bu, yada düşməyəcəkdi.

Bizim ölkəmizin varlı adamlarının da bir ayağı İngiltərədədir. Onların orada əmlakları, biznes strukturları var.

İndi xəbər çıxır ki, bir ara Azərbaycan mediasının “ulduzu” olan, ölkə mətbuatını “ordan getdi, burdan gəldi”, “onu yedi, bunu içdi”, müğənniyə iyrənc təklif etdi", “modelə bahalı çanta aldı”, “filan yerdə dava saldı”, “Xəzərdə yaxtasıyla qəza törətdi” kimi xəbərlərlə təmin edən, bununla da atasının, əmisinin, özünün, qayınatasının karyerasını baltalayan Anar Məmmədov (keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, sabiq kənd təsərrüafı naziri Heydər Əsədovun kürəkəni) da Böyük Britaniyaya sığınıb, bu ölkədən vətəndaşlıq alıb.

Gözlənilən idi və qətiyyən təəccüblü deyil. Zatən, Azərbaycan jurnalistləri bu cür adamlar haqqında hələ 20 ildir yazırlar ki, bu korrupsionerlər, ölkənin varidatını çapıb-talayanlar, xaricə daşıyanlar axırda çamadanlarını qablaşdırıb bu ölkədən qaçacaqlar.

Yazırdıq ki, onlarla yadelli sümürücülərin arasında elə bir fərq yoxdur. Bu gün o sözlər doğrulur, yerini alır.

“Qoy tiksinlər, hamısı ölkədə qalacaq, özləri ilə aparası deyillər ki”, - deyə müdrik-müdrik əks-arqument gətirənlər də vardı. Onlar isə yanıldılar.

Bu gün məlum olur ki, onların sözünün bir qismi doğruymuş, dünyanın ən firavan ölkələrinə sığınanlar heç də tikdikləri villaları, modern otelləri, şadlıq saraylarını və sair mülklərini bellərinə şəlləyib uzaqlara aparmırlar, sadəcə, yaxşı qiymətə satır, pulunu götürüb gedir, yıxıldıqları ölkədə yenidən əmlaka çevirir, Haitinin Düvalyesi kimi lacivərd sahillərdə zövq-səfa içində yaşayırlar.

Soyulmuş xalq, büdcəsi talanmış dövlət isə quru yurdda qalır.

Tərs kimi onlar çoxdur. Biz onları adbaad tanıyırıq. Bu saat da barmaq tuşalyıb göstərə bilərik. Amma onların sərəncamında olan məhkəmələr bizi haqsız çıxarar, uduzarıq.

Bu məsələdə bizi yalnız zaman haqlı çıxarır. Qoy bir müddət də keçsin, bu gün “dövlətçilik”, “vətən”, “sədaqət” deyəndə kəlmələri yeddi nida işarəsi ilə birlikdə ağzından tökən, adamın üstünə şir kimi nərildəyən oğrular aradan çıxıb Yorkşirə yerləşəndə, bir yazı da yazarıq, inşallah.

Tarix: 5-05-2018, 09:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}