"Əgər sən mənim pulumu qaytarmırsansa, al bu yaylığı başına bağla... — ”Saxta FHN polkovnikinin məhkəməsi


"Əgər sən mənim pulumu qaytarmırsansa, al bu yaylığı başına bağla...
Özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onlarla vətəndaşdan işə düzəltmək adı ilə külli miqdarda pul alan Əlövsət Məhərrəmov cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.
“Ölkə.Az”ın xəbərinə görə, küllü miqdarda dələduzluqda təqsirləndirilən yalançı polkovnikin məhkəmə prosesinə hakim Hafiz Nəsibov sədrlik edəcək.

Bildirək ki, 2015-ci ilin fevral ayında Nəsimi RPİ-nin əməkdaşları tərəfindən həbs edilən 1960-cı il təvəllüdlü Əlövsət Əvəz oğlu Məhərrəmov özünü FHN polkovniki kimi təqdim etsə də o, əslində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində çalışıb. Onun həbsindən sonra “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyinin göstərişi ilə adı çəkilən qərargah ləğv edilib.

Onun vətəndaşları aldatması halları isə 2014-cü ilin sonlarında edilən çoxsaylı şikayətlərdən sonra məlum olub. Bu iş üzrə zərərçəkmişlərin sayının 90 nəfərə yaxın olduğu bildirilir.

Əlövsət Məhərrəmov zərərçəkənlərin ittihamlarını qəbul etməyib:
“Kursu bitirəndən sonra onlar oxumağa göndəriləcəkdi. Mən heç kimə deməmişəm ki, sizi Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyəm. Lvovda Mülki Müdafiə Akademiyası var, onlar ora göndəriləcəkdi”.

İbtidai istintaq zamanı o, vətəndaşları aldadaraq kursda oxumaq və ali məktəbə düzəltmək adı ilə onların hər birindən 6250 manat aldığını etiraf edib. Zərərçəkənlər isə Əlövsət Məhərrəmov 10.000 manat verdiklərini bildiriblər. Aldadılan vətəndaşların sayına gəldikdə isə fırıldaqçı deyib:
“Xatırlamıram. Əməliyyat olunmuşam, ona görə yaddaşım pozulub”.
Məhkəmə prosesində zərərçəkmişlər vəsatətlə çıxış edərək Əlövsət Məhərrəmovun villasına həbs qoyulmasını istəyiblər. Ə.Məhərrəmova işə düzəlmək adı ilə 8-12 min manat arasında pul verən zərərçəkmişlər dəymiş zərərin ödənilmədiyini və həmin villaya həbs qoyulmasını tələb ediblər.

Məhkəmə vəsatəti müşavirədə müzakirə edərək qərarı elan edib. Məhkəmənin qərarı ilə Əlövsət Məhərrəmovun Novxanıda olan villasına həbs qoyulub. Məhkəmədə məlum olub ki, həmin ev Əlövsət Məhərrəmovun oğlunun adınadır. Zərərçəkmişlər deyib ki, Əlövsət Məhərrəmov evi onlardan aldığı pulla tikib. Amma təqsirləndirilən şəxs buna etiraz edib.

Məhkəmə prosesində maraqlı hadisə baş verib. Zərərçəkmişlərdən Validə Quliyeva çantasından yaylıq çıxarıb. O, yaylığı Əlövsət Məhərrəmova uzadaraq deyib:
"Əgər sən mənim pulumu qaytarmırsansa, al bu yaylığı başına bağla... Sən də mənim kimi arvad ol. Belə kişi kimi gəzərlər? Papağı başına niyə qoyubsan?"

Hakim təqsirləndirilən şəxsi təhqir etdiyi üçün Validə Quliyevaya xəbərdarlıq edərək növbəti belə hərəkətə yol verərsə, məhkəmə zalından çıxarılacağını söyləyib.

Qeyd edək ki, 2017-ci ilin sentyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salamanovun sədrliyi ilə keçirilən prosesdə Əlövsət Məhərrəmov 15 il müddətinə azadlıqdan məhrum edilib.
 
Tarix: 9-05-2018, 14:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}