Ziya Məmmədovun yanan villaları və yağmalanan mülklərinin gizlinləri
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun mülkləri müəmmalı şəkildə yanırlar; Bu dəfə Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə villası kül olub...

Teymur Əliyev küçəsində yerləşən villaların biri yanarkən şahidlər mülkün keçmiş nazirə aid olduğunu bildiriblər.

Elektrik şitində qəfil alovlanma baş verib və yanğının böyüməsinin qarşısı alınıb. Villanın mühafizəçiləri bildirib ki, yanğının qarşısı qısa müddətdə alınıb.

Bir neçə ay əvvəl də İsmayıllıda keçmiş nazirə aid villanın yandığı xəbəri yayılmışdı. Onun nazir olarkən Göyçayda ələ keçirdiyi 20 hektardan artıq bağ sahəsi və orada inşa etdirdiyi villa da “AZNAR”-ın balansına keçib.

Sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifədə olarkən korrupsiya vəsaitləri hesabına oliqarxa çevrilmişdi.

O, sərbəst şəkildə heç ayda 5000 manat pul qazana bilməyəcək oğlu Anar Məmmədovu iş adamı elan edib, dövlətdən oğurladığı pulları onun sərəncamına verib dövr etdirirdi.

Məmmədovlar xeyli sayda şirkətlər yaratmışdılar, bank sahibi olmuşdular (Bank of Azerbaijan), üstəlik, ölkə boyunca min hektarlarla torpaq sahələrini yağmalamışdılar.

Hətta Bakı Beynəlxalq Avtovağzalını da özəl obyektləri kimi rəsmiləşdirməyə nail olmuşdular.

Bunlar əslində cinayət xarakterli fəaliyyətdir; bir nazirin bank, göydələnlər, çınqıl karxanaları, toyuq fabriki, istirahət-əyləncə mərkəzləri, min hektarlarla torpaq sahələrini əldə etməsi təbii ki, qanunla qadağan edilən məsələdir.

Amma o, özünün sərbəst şəkildə heç bir kapitalı olmayan oğlunu cəmiyyətə iş adamı kimi sırıyıb, guya bu mal-mülklərin, biznesin onun olduğuna dair alibi yaradırdı.

Bu baş verdi; Ziya Məmmədovun nazirliyi ümumiyyətlə, ləğv olundu, qardaşı Elton Məmmədov 2015-ci ildə deputat mandatı ilə vidalaşdı, oğlu Anar Məmmədovun sərəncamında olan şirkətlər, obyektlər, avtovağzal geri alınmağa başladı, bankları da qapadıldı.

Həmçinin Ziya Məmmədovun müxtəlif vəzifələrə yerləşdirdiyi şəxsləri görəvdən almağa başladılar. Düzdür, hazırda onun azı iki adamı icra başçısı vəzifəsində qalır - Ucarın icra başçısı Mənsur Məmmədov və Zərdabın icra başçısı Lütvəli Babayev. Heç şübhəsiz ki, onlar da yaxın zamanlarda vəzifə ilə vidalaşacaqlar...

 Z.Məmmədovun villalarının yanmasında müəmmalar var. Bəziləri bunu təxribatla əlaqələndirir və mülklərin yandırıldığını istisna etmirlər.

Hazırda isə Ziya Məmmədovun regionlarda ələ keçirmiş olduğu böyük mülklərin ondan geri alınması prosesi sürətlənib.

Belə ki, Ziya Məmmədov nazir olduğu vaxtlarda Göyçayın Potu və Hüngütlü kəndləri arasında yerləşən 20 hektardan artıq səfalı bir yeri zəbt eləmişdi.

Həmin vaxtlar onun qohumu, hazırda Ucarın icra başçısı olan Mənsur Məmmədov Göyçayın icra başçısı idi.

Ziya Məmmədov Mənsur Məmmədovun vasitəsilə Göyçayda 20 hektardan artıq ərazini kəndlilərin əlindən aldı və orada böyük bir villa tikdirdi. Hətta həmin mülkdə vertolyot meydançası ilə inşa etdirmişdi.

Meşənin, Yuxarı Şirvan kanalının kənarında yerləşən bu ərazilər ən məhsuldar torpaq sahəsi sayılır. Z.Məmmədov oranı kəndlilərin əlindən alıb, şəxsi mülkünə çevirmişdi.

Ziya Məmmədova isə tapşırılıb ki, mal-mülkünü satıb, həmin vəsaiti dövlət büdcəsinə qaytarsın, yoxsa həbs olunacaq.

Məmmədovun ölkədən çıxışı yasaqlanıb və hazırda onun “yediklərinin qusdurulduğu” dönəmdir. Z.Məmmədovun Ucardakı müəssisələri, obyektləri, Göyçay, Goranboy və Tərtər ərazisindəki daş-çınqıl karxanaları da eyni qaydada əlindən alınıb.

Keçmiş nazirin Quran oxuduğu, namaz qıldığı, ibadətə qapandığı haqda məlumatlar da var. Tanrı onun xalqa qarşı etdiyi günahları bağışlayacaqmı, bunu bir Allah bilər...(Fia.Az )